Şuşa torpağı

19.12.2020 - 10:18

“Dərəsi dərə deyil, 10000-100000 ölçülü qaloşdu, dağı dağ deyil, papaqdı; bu torpaq ki var ayağımızın altında bu torpaq zor torpaqdı!”

(Eldar Baxış)

Çinin kosmik qurğusu Ayın görünməyən tərəfindən götürdüyü süxurları Yerə çatdırıb. Yaponlar asteroiddən aldıqları nümunələrin fotosunu yayıblar… Vaxtaşırı dünya mediasında belə xəbərlər oxuyuruq. Başqa dünyalardan, kosmosdan gələn cisimləri izləmək qəribə hissdir. Bir zamanlar biz işğal edilən torpaqlarımızdan gətirilən süxurlara bu cür baxardıq…

2000-ci ildə tanınmış şuşalı jurnalist Hikmət Sabiroğlu ilə eyni redaksiyada çalışırdıq. Bir gün redaksiyaya gedərkən məni otağına çağırdı. Masasının gözündən selofan torba çıxardı. Sonra ağ vərəqi masaya sərib o torbadan bir çimdik torpağı onun üstünə tökdü, mənə verdi: “Şuşa torpağıdır. Jurnalist Kərim Kərimov Şuşadan gətirib”. Hikmət bəyin o torpağı bir dənəciyi də yerə düşməsin deyə   necə ehtiyatla, əli əsə-əsə vərəqə tökməsi əbədilik yaddaşıma həkk olunub. Mən torpağı evdə kiçik bankaya tökdüm, içinə “Bu torpaq 2000-ci ildə Şuşadan gətirilib” qeydi olan kağız qoydum.

O zamanlar Qarabağa gedən hər jurnalistimiz torpaq parçası gətirməyə çalışardı və etiraf edirəm, mən bu temada bir zarafatyana yazı da yazmışdım: “Əgər hərəmiz azca torpaq gətirsək, torpaqlarımızı daşıyıb bu tərəfə yığar və azad edərik”. Başqa yolumuz yox idi, o boyda dərdi zarafata salmasan çəkmək, yaşamaq mümkün deyildi. Amma bunun necə ağır tema olmasını, qətiyyən yumora uyğun gəlmədiyini təzəlikcə, işğaldan azad edilən kəndimizdə olarkən, 16 il uşaqlığım keçən, xarabası qalan evin həyətindən bir kisə torpaq götürəndə, o torpağı iyləyəndə başa düşdüm. Həmin torpaqdan atamın, əmimin, nənəmin və başqa qohumların qəbrinə gətirib səpdim. Mənə elə gəldi onlar torpağımızın işğaldan azad olunduğunu bilib sevindilər.

Belə baxanda, torpaq nədir? Humus qatı, hansısa çürüntülər, üst-üstə qalaqlanan bioloji sonluq… Biologiya elmində hər orqanizmin çürüyüb torpağa çevrilməsinin ayrıca müddəti də dəqiqliklə hesablana bilir. Yarpaq filan müddətə, böcək filan müddətə, insan filan vaxtda… Ancaq vətən torpağında təkcə çürüntüdən alınmayan hansısa gizli, sirli məna, məzmun da var. Bəlkə o, həmin torpağa axan babalarımızın, atalarımızın, oğullarımızın qanıdır? (İçimdəki feminist “bura nənələrimizi də əlavə et, onlar bəyəm vətən uğrunda heç ölməyiblər” deyir. Əlavə edirəm). Hikmət bəyin mənə verdiyi Şuşa torpağına dəfələrlə, diqqətlə, yalan olmasın, mikroskopla baxmışam. Onun çürüntüsü azdır. Tipik dağ torpağıdır və qumu, çınqılı içində daha çoxdur. Bəlkə səfər zamanı namərd, işğalçı bələdçilər Kərim bəyə yoldan çox aralanmağa imkan verməyiblər, o da nümunəni elə küçənin böyründən götürüb.

Füzulidən qayıdanda, Əhmədbəyli kəndinə çatmağa az qalmış birinci davanın qazilərindən olan dostum, həmkəndlim Şükran bəy yol çəkən işçiləri göstərdi: “Bu yol Şuşaya çəkilir. Köhnə yolu çoxzolaqlı eləmək çətindir, təzəsini burdan çəkirlər. Bizim kəndin yanından keçəcək”. Çox sevindim. Bakıya çatan kimi həmin 20 illik yadigarı gizlətdiyim yerdən çıxardım. Mən onu ortalığa, hər kəsin gözü önünə qoyacaq qədər ucuz saymamışam. Qorxurdum kimsə oğurlayar. İndi yolun çəkiləcəyini, bizim kəndin yanından keçməsini gözləyirəm. Hikmət bəy Bakı-Şuşa marşrutuyla gedəndə ondan xahiş eləyəcəm, bizim kəndi keçəndə avtobusu azca saxlatsın. Ona çatacaq əmanət var – istəyirəm Şuşanın torpağını özünə qaytarım. Ya da ola bilər o çağacan fikrim dəyişsin, Şuşanın bu əziz hissəsini verməyim. Əvəzində kəndimizin torpağından bir ovuc verərəm, aparsın, Şuşaya borclu qalmayaq. Bu da qiymətli torpaqdır: üstündə şəhid Fətəlinin, Səxavətin, Müşfiqin, Şövqünün, Sərvanın, Cahidin, Eşqinin, Mehralının… qanı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=158595

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728