Qayınatası özündən kiçik olan xalq artisti

29.01.2015 - 01:13

Məşhur sənət adamlarının həyat və yaradıcılığı barədə silsilə
araşdırmalarını davam etdirən publika.az-ın növbəti “hədəf”i Azərbaycanın xalq
artisti, məşhur aktyor və müğənni Elxan Əhədzadədir.  Həmin yazını diqqətinizə çatdırırıq.

Elxan Əhədzadə barədə danışarkən ilk yadıma düşən Dövlət Musiqili
Teatrının səhnəsində “Nümunəvi qaraçı” tamaşasında oynadığı Pali Rac
rolu olur. O əzəmətli səs, o xarizma, hər səhnəyə çıxanda qazandığı gur
alqışlar… və bir də dörd il öncə vəfatından sonra ailəsinə baş çəkməyə
gedəndə hələ o vaxt beş yaşı olan oğlu Rafaellə özündən 28 yaş kiçik 
həyat yoldaşı Səbinə Məmmədovayla

etdiyimiz söhbət.

Elə bu gün də “Ədalət” qəzeti üçün etdiyimiz həmin söhbətlərdən bəzi nüansları xatırladacağam.

İlk addım

Elxan Əhədzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində dünyaya gəlib.
Elə gözünü açdığı mühit onun peşə seçimində böyük rol oynayıb və 1967-ci
ildən C.Cabbarlı adına kinostudiyanın nəzdində açılan kinoaktyorluq
kursunda əfsanəvi sənətkar Ədil İsgəndərovdan dərs almağa başlayıb. İki
il sonra Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir neçə
tamaşada rəngarəng rollar oynayıb.  R.İbrahimbəyovun “Kto pridyot v
polnoç” əsərində Makedon, “Solovyinnaya noç”da serjant Atayev obrazları
isə daha maraqlı və baxımlı alınıb.

İlk uğursuz evlilik

Elxan Əhədzadə ali məktəbə bir qədər gec – 24 yaşında daxil olur.
1972-77-ci illərdə İncəsənət İnstitutunun  musiqili teatr aktyorluğu
fakültəsində təhsil alır. Elə gələcək həyat yoldaşıyla da buradaca tanış
olur. Amma bu evlilik cəmi iki il davam edir. Hətta Elxan Əhədzadənin
ikinci həyat yoldaşı Səbinə Məmmədovanın dediyinə görə, sənətkarın ilk
evliliyi, əslində, məcburiyyətdən baş tutub: “1974-cü ildə oğlunun bir yaşı tamam olanda ayrılıblar. Sonradan
bildim ki, sevib ailə qurmayıb. Elxan İncəsənət İnstitutunda həmin qızla
oxuyurmuş. Bir müddət görüşüblər və günlərin birində qız deyib ki,
səndən hamiləyəm. Məcbur olub, evlənib. Çünki işin üstü açılsaydı,
institutdan qovula bilərdi”.

Yaradıcılığı

Ali məktəbi bitirəndən sonra Dövlət Musiqili Komediya teatrında
aktyor kimi işə başlayır və bu müddət ərzində repertuardakı bir sıra
tamaşalarda, o cümlədən “Mama, ya jenyus”, “Kavkazskaya plemyannitsa” və
“Çelovek iz Lamançi” əsərlərində baş rolları ifa edir. Bir müddət “Muskomediya”dan uzaqlaşır və Rəşid Behbudovun mahnı
teatrında  işləyir. Eyni zamanda “Çətirimiz buludlardır” və “Üzü küləyə”
filmlərində baş rolları oynayır. Sənətkar səs imkanları üstünlüyünə
görə Opera və Balet Teatrında da bir sıra obrazlar yaradır.

Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərində Nofəl, C.Bizenin
“Karmen” operasında Eskamin, R.Mustafayevin “Vaqif” operasında Şah
Qacar, S.Ələsgərovun “Solğun çiçəklər”ində Bəhram, C.Verdinin
“Riqoletto” operasında Riqoletto, C.Rossininin “Sevilya bərbəri”ndə
Fiqaro onun opera sahəsində oynadığı uğurlu rollar sırasındadır.

Sənətkar son illərdə Dövlət Musiqili Komediya Teatrında İ.Kalmanın
“Nümunəvi qaraçı” operettasında Pali Rac, F.Leqarın “Şən dul qadın”
operettasında Danil, S.Fərəcov və Ə.Əmirlinin “Səhnədə məhəbbət”
operettasında Rüstəm, Q.Qarayevin “Çılğın Qaskoniyalı” əsərində Sirano
kim obrazlar oynayır.

Polad Bülbüloğlunun əvəzinə çəkilməliymiş

Elxan Əhədzadənin yaradıcılığı barədə danışarkən bir xüsusi məqam
diqqət çəkir. Bu məqamı əksəriyyət bilmir. “Qorxma, mən səninləyəm”
filmi çəkiləndə rejissor Yuli Qusman onu Teymur roluna dəvət edir və
sınaq uğurlu alınır. Amma sonradan məlum olmayan səbəblərdən həmin rola
Polad Bülbüloğlu təsdiqlənir. Bütün bunlar sənətkarın yaradıcılığı
barədə olan məlumatlardır.

24 ildən sonra ikinci evlilik və 28 yaş fərq

Elxan Əhədzadənin həyatı isə yaradıcılığından daha təzadlı məqamlarla
doludur. Zahirən çox sərt görünən sənətkarın, əslində, çox ürəyiyumşaq,
gənclərə əl tutmağa həvəsli olduğu deyilir. Ümumiyyətlə, bu insanın yaşından çox gənc göründüyünü demək olardı.
Elə səhnədəki davranışlarında da bu şuxluq, bəzən də çılğınlıq hiss
olunurdu. Bəlkə də, məhz buna görəydi ki, o, ikinci evliliyini özündən
28 yaş kiçik xanımla rəsmiləşdirmişdi. 1998-ci ildə Elxan Əhədzadə
bəstəkar dostu Sərdar Fərəcova gənc bir xanımdan xoşlandığını deyir və
sonra onların üçlükdə görüşü olur. 

Səbinə Məmmədovanın dediklərindən: “Mən o vaxt Üzeyir Hacıbəyovun ev muzeyində işləyirdim. İlk dəfə onu
avqustun axırlarında, muzeydə gördüm və sentyabrın 15-də Sərdar
müəllimin iştirakıyla ilk görüşümüz oldu. Amma ailə qurmaq fikri
əvvəldən var imiş. Heç bilmirdim ki, onun məndən xoşu gəlib. Sonra ondan
soruşdum ki, özün niyə yaxınlaşmadın? Dedi ki, yaş fərqimizin böyük
olmasına görə cəsarət eləmədim. Çünki məndən 28 yaş böyükdür. Mən
1976-cı ildənəm, o 1948 təvəllüddür. O zaman mənim 22 yaşım var idi, heç
vaxt ailəli olmamışdım və Elxanın təklifini də çox normal qarşıladım.
Çünki o, yaşından çox cavan görünürdü. Sonra özü evimizə gəldi və atamla
tanış oldu, elçiliyi özü elədi. Ailəm də normal qarşıladı. Çünki mənim
onu qəbul etdiyimi, sevdiyimi bilirdilər. Halbuki o, mənim atamdan da 11
ay böyükdür. Amma heç vaxt o fərqi hiss etmədim. Çünki davranışında
hiss etdirmirdi. Həm də mən məktəbdə oxuyanda qızlarla söhbətimizdə
deyirdim ki, həyat yoldaşım yaşlı olacaq. Onu elə yaşda tanıdım ki,
sevdiyim olmamışdı”.

Cütlük 1998-ci ildə münasibətlərini rəsmiləşdirsə də, toy mərasimi
keçirilmir. Buna səbəb isə Elxan Əhədzadənin ikinci dəfə ailə həyatı
qurmasaydı: “Bilirdim ki, ailəli olub, amma evliliyimizə qədər şəxsi tanışlığımız
olmamışdı. Elxanla ailə qurandan sonra keçmiş həyat yoldaşından da heç
bir reaksiya gəlmədi və əslində, gəlməməliydi də. Çünki onların evliliyi
qarşılıqlı şəkildə pozulmuşdu. Mən sonradan öyrəndim ki, o, ilk
ailəsindən 1974-cü ildə ayrılıb. Cəmi bir il evli olmuşdu. Mənimlə
evlənənə qədər 28 il ailə qurmayıb, tək yaşayıb. Biz ailə quranda o,
keçmiş Basin, indiki Füzuli küçəsində yaşayırdı. Sonradan pul yığıb, 11
min dollara özümüzə mənzil aldıq”.

Səbinə xanım deyir ki, Elxan Əhədzadə səhnədə nə qədər emosional və sərt idisə, ailəsinə qarşı tamam başqaydı:

“Bəzən soruşurdular ki, elə sərt insanla necə yola gedirsiniz”.

58 yaşında ikinci dəfə ata olur

2006-cı ildə cütlüyün oğul övladı dünyaya gəlir və Elxan Əhədzadənin
arzusuna uyğun olaraq, uşağa ya Raul, ya da Rafael adı qoyulmalıydı.
Yekunda Rafael adı seçilir.

Sənətkar nə qədər gümrah olsa da, tədricən səhhətində problemlər
yaranmağa başlayır. Hər şeyə səbəb isə onu gözündən əməliyyat olunması
olur. Göz əməliyyatından sonra həkim müayinəsindən keçən Əhədzadə müsbət
 cavab alır. Əslində isə onda hepatit C virusu varmış.

Son saatları

Günlər keçdikcə sənətkarın səhhəti daha da ağırlaşır. Səbinə xanım Elxan Əhədzadənin yaşadığı son saatları belə xatırlayır:

“2010-cu ilin oktyabrın 8-də səhərə yaxın – saat 4 idi, yatmayıb,
onun yanında oturmuşdum. Huşu özündəydi. Düzü, onun ölümündə həkimləri
günahkar bilirəm… Qızdırması düşmürdü, burnundan qan açıldı. Nə qədər
dərmanlar alındısa, heç bir köməyi olmadı. Xəstəxanaya aparmaq istədik,
razılaşmadı. Dedi ki, ürəyim bulanır, vedrəni gətirdim və o, vedrəylə
bir qan qusdu. Dedi ki, həkimə səhər saat 9-da zəng vurarsan. Sonra məni
qan üçün göndərdilər. Qayıdanda artıq nəfəs almırdı. Amma gözləri açıq
idi. Yanında anam və oğlu idi. Anam deyir ki, Elxan həkimlərə dedi ki,
mən artıq gedirəm, uşağımı yanıma qoymayın, qorxmasın. Artıq özü hiss
edirmiş. Uşaq səhər durub, atasının şəkliylə salamlaşır. Deyir ki, məni
atanın qəbri üstünə apar. Çox xalq artistləri onunla səhnəni paylaşmaq
istəmirdilər, onun kölgəsində zəif görünəcəklərindən qorxurdular. Çünki
beş kəlməlik kiçik bir rolu da yadda qalırdı. Paxıllıq edirdilər”.

 

Nazirlikdən və “Muskomediya”dan laqeydlik

 

Ən pisi  odur ki,  sənətkar dünyasını dəyişəndə birinci həyat yoldaşı
və böyük oğlu onun yas mərasimində iştirak etmirlər. Hər halda, Səbinə
Məmmədova belə deyir. Amma hələ beş il öncə bəzi mətbu orqanlarda
E.Əhədzadənin böyük oğlunun yas mərasimində iştirak etdiyi yazılmışdı.
Yas mərasimində iştirak etməyənlər sırasında onun sənət yoldaşları da
var idi. Səbinə Məmmədovanın dediklərindən:

“Heç nəyi gizlətməyəcəyəm. Elxanla tərəf müqabili olmuş xalq artistləri,
əməkdar artistlərin heç biri gəlmədi. Bu barədə özlərinə də demişəm.
Amma adlarını çəkmək istəmirəm…”

Ailə Elxan Əhədzadənin Fəxri Xiyabanda dəfn olunması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, müsbət cavab almır:

“Nazirlikdən dedilər ki, hər xalq artistini orada basdırsaq, yer
qalmaz. Biz də onu Xırdalanda – anasının ayağı altında dəfn elədik”.

 

Maraqlıdır ki, uzun illər çalışdığı Dövlət Musiqili Teatrı da Elxan
Əhədzadə üçün vida mərasimi keçirməyi lazım bilmir və bu da ailəsinin,
bəlkə də, haqlı narazılığına səbəb olur. Çünki 62 yaşlı bir sənətkar
üçün vida mərasiminin keçirilməsi teatr üçün heç bir problem yarada
bilməzdi.

 

İntiqam VALEHOДћLU

Short URL: http://www.cumhuriyyet.net/?p=15896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728