ARDNŞ-də çevriliş:Rövnəq Abdullayevə qarşı qruplaşma

29.01.2015 - 02:31
Qalmaqallı vitse-prezident
ARDNŞ-in əsas söz sahibinə çevirilib

 
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə
vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz
sahiblərindən birinə çevrilib. Hətta zaman-zaman bəzi mətbuat vasitələrində
şirkətin Rövnəq Abdullayev tərəfindən deyil, məhz Mikayıl İsmayılovun
göstərişləri ilə idarə olunduğu vurğulanıb. Ümumiyyətlə, adıçəkilən məmurla
bağlı bu günə kimi müxtəlif KİV-lərdə saysız-hesabsız tənqidlər səsləndirilib,
onun sahibi olduğu geniş biznes şəbəkəsi haqda konkret faktlar ortalığa
qoyulub. Amma ya zəlzələdən, ya da vəlvələdən ARDNŞ-də əsas söz sahibinə
çevrilən, deyilənə görə, bir çox hallarda Rövnəq Abdullayevin belə
tapşırıqlarına əhəmiyyət verməyən Mikayıl İsmayılova “gözün üstə qaşın
var” deyən olmayıb.
ARDNŞ-in
əsas söz sahibinə çevrilən məmuru hərbi xidmətdə olmayıb?
Məlumat
üçün bildirək ki, İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun
Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu
fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına
Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci
ildə həmin institutu bitirib. Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft
Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif
vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək
fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə
bağlı olub. M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və
təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Vitse-prezidentin
“vikipediya”da yerləşdirilən tərcümeyi-halında hərbi xidmətdə
olub-olmaması barədə heç bir məlumata rast gəlmədik. İllərin xronoloji
ardıcıllığına diqqətlə nəzər salanda Mikayıl İsmayılovun hərbi xidmətdə
olmadığı aydın olur.

“Neftçilərin
imtiyazlarının ləğv olunmasının, əmək haqlarının azaldılmasının, ixtisarların,
çeşidli xoşagəlməz
halların ideya müəllifi odur”

Məlum
olduğu kimi, son vaxtlar Dövlət Neft Şirkətinin xeyli işçisi ixtisara düşüb. Və
bu, ciddi müzakirə mövzusuna çevrilib. Bu məsələ həm də Dövlət Neft Şirkətində
araşdırmalara yol açıb. Belə ki, ARDNŞ-ə Rövnəq Abdullayev rəhbərlik etsə də,
gözəgörünməz bir kölgə şirkəti qarışdırmağa başlayıb. Yayılan söz-söhbətlərə
görə, bütün qaranlıq məqamların arxasında Mikayıl İsmayılovun kölgəsi var:
“Neftçilərin imtiyazlarının ləğv olunmasının, əmək haqlarının
azaldılmasının, ixtisarların, çeşidli xoşagəlməz halların ideya müəllifi odur.
Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin xarici siyasətinə daha çox vaxt
ayırdığı üçün daxili idarəetməni məhz Mikayıl İsmayılova tapşırıb. O, da hətta
Rövnəq Abdullayevə yaxın şəxsləri şirkətdən uzaqlaşdırmaqdan belə çəkinmir”.
ARDNŞ rəhbərliyi tərəfindən ixtisara salınmış bəzi işçilər isə Mikayıl
İsmayılova əməlli-başlı od püskürüblər. Məsələn, Dövlət Neft Şirkətinin
İxtisaslandırılmış Xüsusi Texnika İdarəsində mexanik işləmiş Telman Hüseynov
bir müddət əvvəl mətbuata üz tutaraq bildirib ki, şirkətin rəhbər vəzifəli
şəxsləri işçilərin haqqını tapdalayır: “Ayda 180-186 saat işləyirik. Buna
baxmayaraq, ayda cəmi 324 manat maaş alırdıq. Bayram, şənbə, bazar günlərinə,
gecə saatlarına görə əməkhaqqı ödənilmirdi. Mən idarənin rəisi Şahbala Quliyevə
müraciət etdim. O isə cavabında dedi ki, mənim sizə veriləcək artıq pulum
yoxdur. 2001-ci ildən adıçəkilən idarədə müxtəlif vəzifələrdə çalışmışam.
2004-cü ildən idarədə 13-cü dərəcəli “Avtodəstə” rəisi vəzifəsinə
təyin edildim. 2007-ci ildən isə məni çıxarıb aşağı vəzifəyə təyin etdilər.
2008-ci ildən idarənin yeni rəisi Şahbala Quliyev olub. O işçilərin əmək
hüquqlarını pozaraq onlara işlədikləri saatın müqabilində çox az maaş verib.
Mən onun bu hərəkətlərindən Neft Şirkətinin rəhbərliyinə və şəhər
prokurorluğuna müraciət edəcəyimi bildirdim. Şahbala Quliyev mənə dedi ki, sən
kimsən mənə nəsə edəsən? Mənim arxamda Kompleks Qazma İşləri Trestinin rəisi
İsgəndər Şirəliyev, ARDNŞ-in vitse-prezidenti Mikayıl Ismayılov və başqaları
dayanır. 2007-ci ildən bəri idarədə müxtəlif təzyiqlərlə üzləşdim. Ona görə də
2010-cu ilin oktyabrında məcburiyyət qarşısında istefa verərək təqaüdə çıxdım.
İdarədə il yarım ərzində mənə çatacaq 5 min manat əməkhaqqını Şahbala Quliyev
mənimsəyib. Son nəticədə şikayət ərizələri araşdırılarkən işçinin hüquqları
yox, Dövlət Neft Şirkətinin məmurlarının maraqları əsas götürülüb”.

Mikayıl
İsmayılov “evlər kralı” imiş

Araşdırmalar zamanı məlum oldu ki, 2013-cü ilin prezident seçkiləri zamanı
prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
adını çəkmədiyi “evlər kralı” olan məmurdan bəhs edib. Prezidentliyə
namizədlərin İTV-də 3 oktyabr 2013-cü il tarixdəki debatında ADP sədri ölkədə
evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqlayıb. O
bildirib ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft
Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili
var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca
bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır. Sirr deyil ki, bəzi
məmurlar qanunsuz yollarla əldə etdikləri böyük vəsaitlər hesabına ölkədə və
xaricdə dəyərli daşınmaz əmlaklara sahib olublar. Bəzi məmurların
saysız-hesabsız mənzilləri, villaları var. Bəziləri isə tikinti biznesi ilə
məşğul olur, çirkli pullarla tikdirdikləri binalardakı mənzilləri baha qiymətə
vətəndaşlara satıb kapitallarını “yuyur” və həm də artırırlar. Ancaq
indiyədək Azəbaycanda hansısa nazirin, komitə, şirkət prezidentinin, eləcə də
müavinlərinin kirayə biznesi ilə məşğul olması faktına rast gəlinməyib. Bu
baxımdan ARDNŞ-in vitse-prezidentlərindən birinin bu sahədə fəaliyyətə
başlaması həm də bu məqsədlə xüsusi idarə yaratması Azərbaycan üçün yenilik
sayıla bilər. Azərbaycan vətəndaşlarının əksəriyyətinin mənzil əldə etmək
imkanının olmadığını nəzərə alsaq, bu biznesin gəlirli və perspektivli olduğunu
da söyləyə bilərik. Bu baxımdan ölkədə peşəkar şəkildə kirayə biznesi ilə
məşğul olmağa başlayan ARDNŞ-in həmin vitse-prezidentini uzaqgörən şəxs hesab
etmək olar. Qeyd edək ki, ARDNŞ-in hazırda 10 vitse-prezidenti var. Sərdar
Cəlaloğlu ad çəkmədiyindən, onların 10-u da şübhə altına düşür. Ən azı ona görə
ki, hər birinin 200 və daha artıq mənzil əldə etməyə imkan verən böyük maliyyə
imkanları var. Ancaq sonradan məlum oldu ki, Sərdar Cəlaloğlunun “evlər
kralı” adlandırdığı məmur Mikayıl İsmayılov imiş.

Vitse-prezident
Rövnəq Abdullayevin yaxın çevrəsini təqib etməyə başlayıb

Başqa
bir məlumata görə, Mikayıl İsmayılov həm də şirkətin maliyyə məsələlərinə
nəzarət edən əsas şəxs hesab olunur. Məsələn, kadr təyinatları ilə yanaşı,
şirkətdə özbaşına işlərin ən çox yayıldığı təchizat işi də vitse-prezidentin
nəzarəti altındadır: “ARDNŞ-dəki bütün təchizat rəisləri Mikayıl İsmayılovun
adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var.
Təsadüfi deyil ki, vitse-prezident son illər Azərbaycanın oliqarx məmurları
arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda
yuxarıya doğru irəliləməkdədir. Lakin onun ARDNŞ-də faktiki ikinci şəxsə
çevrilməsinin arxasında başqa sirlərin olduğu haqda da danışılır. Deyilənlərə
inansaq, Mikayıl İsmayılov bəzi qüvvələrin ARDNŞ-dəki əsas dayağıdır. Hətta
bəzi mənbələrin iddiasına görə, həmin şəxslər Mikayıl İsmayılovu şirkətdə
yüksək vəzifəyə gətirmək istəyirlər. Yəni vitse-prezident onu bu səviyyəyə
gətirib çatdıran Rövnəq Abdullayevin kreslosuna göz dikib. Onun ARDNŞ-in
vitse-prezidentinə qədər yüksələn karyerasında Rövnəq Abdullayevin xüsusi rolu
olub. Mikayıl İsmayılov Rövnəq Abdullayev “Xəzərdənizneftqaztikinti”
trestinin müdiri işləyərkən onun yaxın çevrəsinə daxil olub. Şirkət rəhbəri
Bakı Neft Emalı Zavodunda direktor işləyəndə onu özünə müavin təyin edib.
Nəhayət, Abdullayev ARDNŞ-in prezidenti postuna keçdikdən sonra onun
vitse-prezident postuna təqdimatını ölkə rəhbərliyinə təqdim edib. Və Mikayıl
İsmayılov bu vəzifəyə təyin edilib. Artıq ən yuxarı dairələrin nomenklaturasına
daxil olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın çevrəsini təqib etməyə
başlayıb. Məsələn, şirkət rəhbərinin uşaqlıq dostu və həmyerlisi, ARDNŞ Neft
Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyev məhz Mikayıl İsmayılovun təkidi ilə
işdən kənarlaşdırıldı. ARDNŞ şefi isə uşaqlıq dostunu müdafiə edə bilmədi.
Zöhrab Quliyevin işdən kənarlaşdırılması qanunsuz tikililərlə bağlı yaradılan
xüsusi komissiyanın apardığı araşdırmalardan sonra baş verdi. Həmin komissiyaya
Mikayıl İsmayılov rəhbərlik edir. Onun rəhbərlik etdiyi xüsusi komissiyanın
araşdırması zamanı Quliyevə qarşı kompromatlar toplandı və nəticədə əvvəlcə
Kəmərlər İdarəsinin bir neçə rəis müavini, bir qədər sonra isə Zöhrab müəllimin
özü işdən kənarlaşdırıldı”.

“Neftçi”
MTK-nın vasitəsilə milyonlar göyə sovrulub

Araşdırma
zamanı onu da öyrəndik ki, Mikayıl İsmayılovun adı 2013-cü ildə daha böyük
qalmaqalda hallandırılıb. Belə ki, 2013-cü ilin fevralın 13-də
“Neftçi” Mənzil-Tikinti Kooperativinin (MTK) icraçı direktoru Səfərli
Azər Rəşid oğlunun Vergi Auditi Departamentinin əməkdaşlarının qanunsuz
hərəkətləri barədə Vergilər Nazirliyinə daxil olmuş şikayət ərizəsi üzrə
aparılmış ilkin araşdırmalarla onların hərəkətlərində korrupsiya hüquqpozmaları
müəyyən edildiyindən toplanmış materiallar aidiyyəti üzrə hüquqi qiymət
verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə
göndərilib.

Vergilər
Nazirliyinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi
ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib
ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti
sahəsi üzrə Audit İdarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Kərimov
Sultan Elxan oğlu və həmin idarənin 1-ci şöbəsinin dövlət vergi müfəttişi
Allahverdiyev Aydın Süleyman oğlu “Neftçi” MTK-nın vergi
qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin
düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını
ört-basdır etmək üçün 300 min manat məbləğində rüşvət istəyib, 29 yanvar 2013-cü
il tarixdə həmin kooperativin icraçı direktoru və baş mühasibi İlqar Cəfərovdan
müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250 min
manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüblər. S.Kərimovun və
A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq
olaraq 115 min və 125 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək
maddi sübut kimi götürülüb. Qeyd edək ki, adətən bu cür həbslərdə rüşvət alan
şəxslər daha çox cəza alırlar. Rüşvət verən insanlar isə məsuliyyətdən kənarda
qalırlar. Düzdür, hansısa şəxsdən kimlərsə rüşvət tələb edərsə və bu barədə
hüquq-mühafizə orqanlarına müraciət olunarsa, o zaman rüşvət verən şəxs cinayət
məsuliyyətinə cəlb olunmur. Lakin qalan bütün hallarda rüşvət verən də rüşvət
alan kimi eyni məsuliyyəti daşıyır. 250 min manatlıq rüşvət olayında adıçəkilən
“Neftçi” MTK-nin fəaliyyəti barədə araşdırma apardıqda gördük ki,
qurum Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişlərini
yerinə yetirir. Şirkətin əsas fəaliyyəti istiqaməti ARDNŞ-də çalışan işçilərin
mənzil təminatını yaxşılaşdırmaqdan ibarətdir. MTK şirkətin sifarişi ilə burda
çalışan işçilər üçün müxtəlif yerlərdə mənzillər tikir. Əldə etdiyimiz
məlumatlara görə, kooperativin icraçı direktoru Azər Səfərli ARDNŞ-in
vitse-prezidenti Mikayıl İsmayılova yaxın adamdır. Elə bu yaxınlığa görədir ki,
ARDNŞ-in tikinti işlərinin xeyli hissəsini “Neftçi” MTK
layihələşdirir. Məlumata görə, kooperativin bu günə qədər tikdiyi mənzillərdə
kifayət qədər maliyyə maxinasiyaları qeydə alınıb. Deyilənə görə, neft
şirkətindən ayrılan pulların böyük qismi təyinatı üzrə xərclənməyib. Yaxın
günlərdə Mikayıl İsmayılovun Ağsu aşırımındakı restoranları, istirahət
mərkəzləri, Bakıdakı ticarət obyektləri, villaları, mənzilləri, “Modern
Hospital”, “Baku Medical Plaza” və “offşor”
şirkətlərdəki maliyyə hesabları barədə şok faktları açıqlayacağıq.(gundelik-baku.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15899

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930