İki icra başçısının qohumunun yarımmilyonluq dələduzluğu

29.01.2015 - 02:42

Xızı
icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçala
icra başcısı İsmayıl Vəliyevin qaynı Rövşən Aslanov vətəndaşın 482 000
dollarını mənimsəyib


Xızı
icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçala
icra başcısı İsmayıl Vəliyevin qaynı Rövşən Aslanov vətəndaşın 482 000
dollarını mənimsəyib

 
Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev dəfələrlə bəzi dövlət məmurlarının və
onların ailə üzvlərinin özbaşınalığına, əhalini incitdiyinə, qanunsuz
əməllərinə, mənimsəmələrə görə onları cəzalandıraraq işdən azad edib. Hətta
bəzi məmurlar olub ki, etdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb
olunublar. Amma bununla belə yenə də elə məmurlar var ki, neqativ əməllərindən
geri qalmır, sıravi vətəndaşlara qarşı qanunsuz hərəkətlərindən əl çəkmir, bəzi hallarda isə dələduzluq
edərək , işə düzəltmək, biznes qurmaqda yardım etmək adı altında şəxslərin külli miqdarda pulunu alır və
sonradan qaytarmır. Düzdür, dediyim kimi, dövlət rəsmiləri və hüquq-mühafizə
orqanları bu tip məmurları mütəmadi olaraq ifşa edirlər. Amma bəzi hallarda
onlar vəzifələrini itirsələr də, cinayət məsuliyyətindən kənar qala bilirlər.
Bu halda isə mətbuatın rolu danılmaz olur. Məhz mətbuatın köməyilə neçə belə
dələduz “məmur”lar ifşa olunaraq, ictimaiyyətin nəzərinə çatdırılıb.
Nə qədər məzlumun, incidilərək var-yoxu əlindən alınmış şəxsin haqqını mətbuat
vasitəsilə həm hüquq-mühafizə orqanlarının, həm də dövlətin daha yuxarı
instansiyalarına məlumat verilib. Bu qəbildən olan hadisə Azərbaycan vətəndaşı,
vaxtilə məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun da başına gəlib.
O da hazırda yüksək vəzifədə işləyən o cümlədən dələduzluğa görə işdən qovulan
bir qrup şəxs tərəfindən haqsızlığa düçar olaraq küllü miqdarda pulu
mənimsənilib. Bu günlərdə redaksiyamıza gələn Əliyev Əbülfəz başına gələnləri nəql edib.

Onun
dediyinə görə, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı,
Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı , vaxtilə
Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində
işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən
Qəşəm oğlu onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu
mənimsəyib: “Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz
olub. O mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə
şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin
başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər
kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik
olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov
Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın
qohumlarımın evini banklarda girov qoyaraq 482 000 ABŞ dollar pul toplayaraq
Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın
zamanda fabrikin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə
baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayınmağa başladı. O
müxtəlif bəhanələrlə görüşdən qaçır, vaxtı uzadır, pulu daha böyük vəzifəli şəxslərə verdiyini deyirdi. Bir
müddətdən sonra isə o, tamamilə yoxa çıxdı. Sonradan öyrəndim ki, o törətdiyi
bu tip qanunsuz əməllərə görə işdən belə qovulub. Hazırda külli miqdarda borca
düşdüyümdən çıxılmaz vəziyyətdəyəm. Nə Rövşən Aslanov ona verdiyim pulu
qaytarmır, nə qardaşı Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanov bu
işə qol qoyur, nə də qaynı Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev
yaxın gəlir. Halbuki Rövşən Aslanov mənə bu işi təklif edəndə Türkiyənin
İstanbul şəhərində alınan tekstil fabrikinin şərikləri sırasında dediklərimin
də adını çəkmişdi. Hətta Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl
Vəliyev dəfələrlə mənə demişdi ki, pulun yaxın günlərdə bütünlüklə
qaytarılacaq. Amma onun da vədi elə vəd olaraq qaldı. İndi çıxılmaz vəziyyətə
düşmüşəm, borc sahibləri hər gün qapımı döyürlər. Mənim isə imkanım
yoxdur”.

Əliyev
Əbülfəz Cəlal oğlu bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət
etdiyini də bildirdi: “Rövşən Aslanovun etbarımdan sui-istifadə edərək
mənə külli miqdarda ziyan vurmaqla 482 000 ABŞ dolları məbləğində əmlakımı
dələduzluq yolu ilə əldə etməsi barədə şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına
müraciət etmişdim. Şikayət ərizəm ilkin
araşdırma aparıldıqdan sonra mənə məlumat verildi ki, Azərbaycan Respublikası
Cinayət Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən vəzifəli şəxslərin
təqsirləndirilməsi ilə bağlı müraciətlər üzrə araşdırma və istintaq prokurorluq
tərəfindən aparılır. Bu səbəbdən onlar şikayət ərizəmi aidiyyəti üzrə
araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərdilər.

Bundan
sonra mən bu işlə əlaqədar hüquqşünaslarla bəzi məsləhətləşmələr apardım. Və
onlar mənə bildirdilər ki, Azərbaycan Respublikası Cinayət Prosessual
Məcəlləsinin 207-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət
haqqında fiziki şəxs tərəfindən daxil olmuş məlumat dərhal qeydiyyata alınır.
Cinayət haqqında məlumat alındıqdan sonra 3 gün müddətində, bu mümkün olmadıqda
isə 10 gündən artıq olmayan müddətdə cinayət işinin başlanılması üçün əsasların
kifayət qədər olmasına dair ilkin yoxlama aparılmalı, törədilmiş və ya
hazırlanan cinayət haqqında məlumatlara baxılmasının nəticələri izrə cinayət
işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında
qərar qəbul edilməlidir. Amma Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi,
1-ci dərəcəli hüquqşunas Anar Nəsibovun imzaladığı 16.12.2014-cü il tarixli
məktubla cinayət xarakterli bir məlumatı
ilkin yoxlama aparılmadan, məni dindirmədən cavab yazılaraq işin mülki
xarakterli olduğuna görə məhkəməyə müraciət etməyim məsləhət görülmüşdür”.

Əliyev
Əbülfəz Cəlal oğlu bizimlə söhbətində bildirdi ki, artıq əlacı hər yerdən
üzülüb, yeganə ümid yeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınadır. Çünki bu işdə
Rövşən Aslanova himayədarlıq edən qardaşı Xızı Rayon İcra Hakimiyyətinin
başcısı Xəzər Aslanov və qaynı Neftçala
Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyev bütün gücləri ilə işi
ört-basdır etmək istəyirlər. Ona görə də bu məsələni sizin qəzet vasitəsilə
ictimailəşdirərək kimin kim olduğunu ölkə Prezidentinə və əlaqədar qurumlara
çatdırmaq istəyirəm. Sonda isə Əliyev Əbülfəz Cəlal oğlu ölkə rəhbərinə müraciət edib:

“Möhtərəm Cənab Prezident!

Xızı
Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra
Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və iş şəriki olan vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə
Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu
vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu tərəfindən dələduzluq yolu ilə
aldadılmışam və bunun nəticəsində mənə və yaxin qohum-əqrabama məxsus,
ümumilikdə 482 000 ABŞ dolları məbləğində pul vəsaitimiz mənimsənilib.

Hörmətli
Cənab Prezident!

Artıq
iki ilə yaxındır ki, mən pozulmuş hüquqlarımı bərpa edə bilmirəm. Rövşən
Aslanov himayəçilərinin sayəsində öz dələduzluq əməllərini davam etdirir.
Müxtəlif bəhanələrlə mənə və ailə üzvlərimə vurduğu maddi zərəri ödəməkdən
yayınır.

Rövşən
Aslanov himayədarlarının sayəsində qanunların fövqündə dayanır. Heç bir qanun,
qayda tanımadığını bildirir və ona “bata” bilməyəcəyimi söyləyir.
Keçən müddət ərzində doğrudan da Rövşən Aslanovun himayədarlarının sayəsində
qanunların fövqündə durduğunun şahidi oldum.

Yeganə
ümidim Sizədir. Axı Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Mən də
bu ölkənin vətəndaşıyam. Bəzi dövlət məmurlarının sadə vətəndaşları əzməsinə,
ədalətin tapdalanmasına imkan
verməyəcəyinizə əminəm. Belə ki, Rövşən Aslanovun himayədarları qüvvətli olsalar
da, ədalətli deyillər.

Hörmətli
Cənab Prezident!

Əminəm
ki, bu müraciətimə biganə qalmayacaqsınız. Bu günədək etdiyim müraciətlərin
Sizə çatdırılmasının qarşısı Rövşən Aslanovun yüksək vəzifəli himayədarları
tərəfindən alınmışdır. Ona görə Sizə müraciəti mətbuat vasitəsilə etmək
məcburiyyətində qaldım. Qeyd edim ki, mən Azərbaycan dövlətinə və Prezidentinə
sadiq olan və bunun üçün and içmiş bir zabitəm və bu andıma şərəfimlə sadiqəm.
Bu cür məmurların özbaşnalığı və dələduzluğuna sıravi vətəndaşların dövlətdən
narazı salınmasına yönəlik bir addım kimi dəyərləndirirəm. Amma qəti əminəm ki,
bu kimi hallar möhkəm təməllər üzərində qurulmuş dövlətmizin adına, Cənab Prezident – Sizin
yorulmaz fəaliyyətinizə kölgə sala bilməyəcək. Haqq, ədalət Sizin möhkəm
iradəniz sayəsində öz yerini tezliklə tutacaq. Mən Sizə güvənərək bu cür
məmurlarla sona qədər mübarizə aparacağımı bildirir və pozulmuş hüquqlarımın
bərpa olunmasında köməklik edəcəyinizə inanıram.

Hörmətlə.
Əbülfəz Cəlal oğlu Əliyev”

Əlavə şərh verməyə
ehtiyac görmədik. Olan faktlar göz qabağındadır. Yenə də məmur özbaşnalığı,
haqqı tapdalanan vətəndaş harayı…

Short URL: http://www.cumhuriyyet.net/?p=15900

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930