Qarabağa dönüşümüzdən narahat olan Qərb “Azadlığ”ı – missionerlər iş başında

29.12.2020 - 15:09

Bizə diş qıcayanlardan da, erməni təxribatlarından da, Şuşaya şərtlə qayıtmaq istəyən Rizvan Bədəlov kimilərdən də… qorunmağın optimal yolu – birliyimizi qorumaq!

İkinci Qarabağ savaşı – Vətən müharibəsi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçının, habelə Hadrutun, Suqovuşanın və digər yaşayış məntəqələrimizin işğaldan azad edilməsi ilə nəticələndi. Azərbaycanın tarixi qələbəsindən sonra təbii ki, Qarabağda bütün məsələlərin həllini tapdığını da demək olmaz. Hələ Xankəndidə, Xocavəndin, Ağdərənin bir hissəsində – ermənilərin də yaşamaq hüququ tanınan ərazilərdə idarəetmə mexanizmi Azərbaycanın qanunlarına uyğun tənzimlənməlidir, sülhməramlıların fəaliyyəti nizamlı və mandatlarına uyğun şəklə salınmalıdır, müxtəlif ərazilərə sızan və əsgərlərimizə xain hücumlar edən erməni diversantlar tam zərərsizləşdirilməli, yaxud məhv edilməlidir.

Bunlar zamanla həllini tapacaq məsələlərdir və əksəri sərf texniki xarakter daşıyır. Və yalnız bunlara köklənmək qətiyyən doğru deyil. Kimlərsə, daha dəqiqi, “Sorosun uşaqları”, “beşinci kolon”a bağlı olan dəstələr sosial şəbəkələrdə çox aktiv şəkildə həllini qarşıdakı müddətdə tapacaq məsələlərin üzərindən haray qoparır. Bəzi səmimi insanlarımız da onların küyünə düşür.

Missionerlər bunu qəsdən edirlər, məqsəd cəmiyyətdə bədbinlik yaratmaq, böyük qələbəmizin sevincini azaltmaq cəhdidir. Hansı ki, Xankəndində idarəetmənin tənzimlənməsi, erməni diversantların zərərsizləşdirilməsi Qarabağ qələbəmizlə müqayisədə çox kiçik məsələdir. Qarabağı işğaldan azad edən dövlət təbii ki, yerdə qalan problemləri də çözməyə qadirdir…
Əlbəttə, erməni təxribatçıları Köçəryanın, Sərkisyanın fitvası, habelə erməni lobbisinin göstərişi ilə müxtəlif provokasiyaları davam etdirmək istəyəcəklər. Təbii, dərhal layiqli cavablarını da alacaqlar. Amma bunlara görə qələbəmizə kölgə salmaq cəhdləri etmək, yumşaq desək, cəhalətdir, böyük zəfəri görməyib, erməni təxribatına uymaqdır. Erməni təxribatı var, olacaq, amma biz qətiyyən onların təsiri altına düşüb, bədbinliyə yuvarlanmamalıyıq. Əksinə, hamılıqla mübarizəni davam etdirəcəyik və etdirməliyik!

Məsələn, ermənilər bir neçə gün öncə Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq, təfriqə salmaq üçün Araik Arutunyanın erməni hərbçilərə hansısa şərəfsiz bir medalı təqdim etdiyinə dair fotolar yaydılar. Altından da yazdılar ki, Araik Xankəndində ermənilərə medal paylayıb. Sanki bomba düşdü facebooka. Hökumətdən hesabat istəyən kim, Xankəndinə raket yağdırmaq çağırışı edən kim… Axırda isə aşkarladıq ki, bu şəkil Xankəndində çəkilməyib, Ermənistanda, Armavir rayonunun Canfıd kəndində çəkilib. Araik ora “Bayraktar”ın məhv elədiyi erməni leşlərinin xatirəsini yad eləməyə gəlibmiş. Və camaat sakitləşdi…

Ardınca ermənilər başqa bir dezinformasiya ilə Azərbaycan cəmiyyətini “ayağa qaldırdılar”. Guya 25 dekabrda Xankəndi (Xocalı) aeroportunu işə salacaqdılar. Artıq dekabrın 29-dur, bu yalanları da ifşa oldu. Zatən, 2012-ci ildən Xankəndinə “uçurlar”…

Daha sonra Xocavənddə erməni təxribatı baş verdi, bir hərbçimiz şəhid oldu. Əlbəttə, bu, həm də sülhməramlıların məsuliyyətidir. Narahatedici olaydır, təsadüfi də deyil. Sanki kimlərsə Qarabağda yenidən müharibəni alovlandırmağa çalışır. Bu, daha çox erməni lobbisinin, xarici güclərin təsiri ilə baş verən provokasiyaya bənzəyir. Hansı səbəbdən baş verməsindən asılı olmayaraq, Azərbaycanın xüsusi təyinatlıları dərhal bu hücumu edən 6 ermənini leş etdi, 6-sını isə əsir götürdük. Deməyim odur ki, biz yenə də yumruq kimi birliyimizi qorumaqla, dövlətimizə inanmalıyıq, güvənməliyik. Erməniləri yalnız bu cür sıradan çıxaracağıq, dəf edəcəyik qarşıdakı müddətdə də. Təbii, hər birimiz sərvaxt, ayıq-sayıq olmalıyıq. Erməniyə bələdik axı. Bizim əsgərimiz bu gün Gorus, Qafan yolunda post qoyub dayanır, təsəvvür edirsinizmi biz haradan haraya gəlmişik! 4 ay öncə heç Cocuq Mərcanlıdan o yana gedə bilmirdik, indi bütöv Qarabağ bizimdir! Digər işlər də tamamlanacaq, birliyimiz sayəsində, Ali Baş Komandanın qurduğu uğurlu taktika ilə.

Qarabağdakı erməniləri biz həm də bu gözəl yurdumuzda aparacağımız yenidənqurma, abadlıq işləri ilə sıxışdırıb, neytrallaşdırcağıq: ya cəhənnəm olub gedəcəklər, ya da Azərbaycanın qanunlarına tabe olub yaşamaqdan başqa çarələri qalmayacaq…
Odur ki, indi bizim daha çox fokuslanmalı olduğumuz məsələ Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçının yenidən qurulması, bərpası və Qarabağa azı 1,5 milyon azərbaycanlının köçməsi olmalıdır. Bunlar baş verəndən sonra 50-60 min erməni Qarabağda nə qələt edəsidir ki?..

Və bu məsələdən danışarkən bir mühüm məqama diqqət edək: Bir sıra Qərb dairələri, “beşinci kolon” indi də Azərbaycan cəmiyyətində çox yaramaz bir təbliğata start verib. Belə fon yaratmaq istəyirlər ki, guya qarabağlıların bir hissəsi doğma yurdlarına qayıtmaq istəmir. Bununla onlar bir-birinə bağlı olan iki məqsəd güdür:

1. Cəmiyyətdə bədbinlik yaratmaq və möhtəşəm birliyimizi pozmaq cəhdi;
2. Azərbaycanlıların Qarabağa qayıtmaq istəməməsi haqda yanlış fikirlər yaymaq və ermənilərin, ermənipərəst qüvvələrin əlinə bəhanə vermək.

Bu yöndə artıq addımlar atmağa başlayıblar. Qarabağ qələbəmizə mane ola bilmədilər, indi belə murdarlıqlara başlayıblar ki, camaatı Qarabağımızdan “soyutsunlar”, ermənilər də sevinsin. Məsələn, Qərb dairələrinin Azərbaycanda “diversant” kimi çalışdırdığı Azadlıq Radiosu 1 milyondan çox qarabağlıların içərisindən cəmi bir nəfər nala-mıxa vuran adam tapıb, onu danışdırıb. Söhbət Rizvan Bədəlov adlı bir adamdan aldıqları müsahibədən gedir. Jurnalistika prinsiplərinə görə, belə həssas məsələlərdə bir nəfəri yüz minlərlə insanın əvəzindən danışdırmaq olmaz. Balans üçün eyni prosesin iştirakçısı olan 4-5 nəfəri danışdırmaq gərəkdir ki, ümumi mənzərəni oxucu, dinləyici özü dəyərləndirib, nəticə çıxarsın.

Əgər 1 milyon qarabağlının içərisindən Qarabağa qayıtmaq üçün şərtlərlə, bədbin danışan cəmi bircə adam tapılıb danışdırılıbsa, bu pis missiyanın icrası deməkdir. Deməli, “Azadlıq” radiosuna real vəziyyəti təqdim etmək yox, məhz Qərbdəki emissarların sifarişi ilə bircə nəfər Rizvan Bədəlov kimi bədbini tapıb danışdırmaq gərək olub. Diqqət edin, sanki göydən düşüb əllərinə, onun müsahibəsindən sonra başqa heç bir qarabağlı danışdırlmır, yalnız onun qeyri-adekvat fikirləri ödənişli sosial şəbəkə səhifələrindən on minlərlə şəxsə çatımlı olaraq tirajlanır. Deməli, məqsəd aydındır: cəmiyyətdə təfriqə yaratmaq.

Bu missionerlərə, Azərbaycan düşmənlərinə lazım imiş ki, bircə Rizvan Bədəlov desin ki, Şuşaya qayıtsam, necə olacaq?! Adam dövlətə şərt qoyur ki, mənə cənnət qur, evimi tik, iş yerimi hazırla, ondan sonra müraciət elə. Sözündən də belə çıxır ki, hələ dövlət buna Şuşada itirdiyi 400 kvadratmetrlik evi, 50 sot torpağını qaytarandan sonra fikirləşər ki, getsin, getməsin. Sitat: “Məsələn, mənim övladım burada, Bakıda işləyir. İndi o Şuşaya gedəndən sonra savadına, sənətinə görə iş olacaq?! Yoxsa burada, Bakıda gəlib “kvartirant” qalacaq?! Bundan sonra gedim çadırda yaşayım?! Sözün açığı, həvəsim yoxdur”.

848584030.jpg (32 KB)

Rizvan Bədəlov

Sosial şəbəkədə hamı Rizvan Bədəlovu tənqid edir, yamanlayır. Bir çoxları hətta yazır ki, əslində, Rizvanın oğlu Bakıda işdə yox, Qarabağda döyüşlərdə olmalı idi. Ancaq bu da o qədər doğru yanaşma deyil.

Lakin onunla razıyam ki, Rizvan Bədəlovun dövlətə şərt qoyması qətiyyən doğru deyil. Təbii, ağlı kəsən hər kəs bilir ki, Azərbaycan dövləti Qarabağı bir neçə ilə cənnətə döndərəcək. Elə bir gözəl yurd həm də abadlaşandan sonra nəinki qarabağlılar, digər bölgənin sakinləri də orada yaşamağa can atacaq. Hamı bilir ki, qarşıdakı müddətdə Qarabağda iş yerləri də Bakıdan çox olacaq…

Rizvan kişi və onun kimi düşünənlər yenə varsa, bilsinlər ki, heç bir halda insanları aparıb çadırlara salmayacaqlar Qarabağda, dövlət cənnət edəcək oranı…

Yaşayış, iş yeri olub-olmaması məsələnin bir başqa tərəfidir. Amma fakt, reallıq budur ki, məsələn, min nəfər şuşalıdan soruşsaq, hamısı bu dəqiqə, bu vəziyyətində Şuşaya ayaqyalın getməyə hazır olduğunu deyəcək.
1 milyondan çox qarabağlının içərisində Rizvan kimi düşünənlər barmaq sayı qədər ola bilər uzağı. Qalan hamı yurd həsrəti ilə qovrulan, qaça-qaça gedəcəyini deyən insanlardır. Bircə axtarıb-axtarıb, Rizvan Bədəlov kimi kosmopolit birini tapıb, sevincək onu danışdırmaq, geniş tirajlamaq isə sadəcə təxribatdır, missionerlikdir…

Yuxarıda qeyd edilənlər kimi təxribatlar çox olacaq. Neyləyək ki, bizim daşımız ağırdır, birilərinin başına düşüb. Biz istənilən təxribata, Rizvan Bədəlov kimilərin saçmalarına, missionerlərin hiylələrinə də yalnız bir yolla qalib gələ bilərik – birliyimizi davam etdirməklə! Qarabağımızın azadlığı yolunda ərsəyə gətirdiyimiz millik birlik formatını göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Bu, bizə həmişə lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159018

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031