Erməni vəkil Türk paşasını təhqir etdi
Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek məsələsinə dair Avropa
İnsan Haqları Məhkəməsində (AİHM) keçirilən dinləmələr zamanı Türk
paşası təhqir olunub. ANS PRESS-in məlumatına görə, məhkəmədə
Ermənistanı müdafiə edən vəkil Ceffri Robertson Tələt Paşanı faşist
lider Adolf Hitlerlə müqayisə edib.
Robertson Osmanlı dövründə “İttihat və Tərəqqi” partiyasının məşhur
triosundan biri olan Tələt Paşanı (digərləri Ənvər Paşa və Camal Paşa)
“Türkiyənin Hitleri” adlandırıb.
Xatırladaq ki, hüquq elmləri doktoru, Türk İşçi Partiyasının sədri, Doğu
Perinçek 2005-ci ildə İsveçrədə keçirilən konfranslarda 1915-ci ildə
ermənilərə qarşı Osmanlı imperiyasının “soyqırım” həyata keçirməsini
təkzib edərək “erməni soyqırımı” ideyasını “beynəlxalq yalan”
adlandırıb.
2005-ci ilin iyul ayında “İsveçrə-Ermənistan Assosiasiyası” Perinçekin
söylədiklərinə qarşı cinayət işi tələb edən şikayətlə İsveçrə
məhkəməsinə müraciət edib. 2007-ci ilin mart ayında Lozanna məhkəməsi
D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq D.Perinçekə 90 günlük
şərti həbs cəzası və 3000 İsveçrə frankı cərimənin (2,5 min dollar)
ödənilməsinə dair qərar qəbul edib.
2007-ci ilin dekabr ayında məhkəmənin qərarına etiraz edən D.Perinçek öz
hüquqlarının pozulması ilə əlaqədar AİHM şikayət edərək, Avropa
Konvensiyasının İnsan Hüquqları üzrə qanunun, xüsusilə maddə 7 (qanunsuz
cəza) və maddə 10 dair (söz azadlığı) öz narazılığını bildirib. AİHM 17
dekabr 2013-cü ildə bu şikayəti təmin edib. 2014-cü ilin martında
İsveçrə hökuməti AİHM qərarından apellyasiya şikayəti verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15902