Icra başçısının qatil oğlu

29.01.2015 - 11:57

Oğlu bir gəncin ölümünə səbəb olan Asif Əsgərov nədən cəza almadı?

 

 

 
Hazırda mərkəzi və yerli
hakimiyyət orqanlarında yüksək vəzifə tutan şəxslərin övladlarının
qanunsuz hərəkətləri və bunun nəticəsində dövlətə və vətəndaşlara dəyən
maddi, fiziki və mənəvi zərbə, zərər haqda mediada dəfələrlə yazılıb. Belə
şəxsləri Prezident İlham Əliyev dərhal cəzalandırmışdı da. Çünki
hökumətin iclaslarından birində dövlət başçısı xəbərdarlıq etmişdi ki,
məmur övladları qudurğanlıq etdikdə özləri cəza almaqla yanaşı ataları
da işdən çıxarılacaq. Bu, reallıqda da belə oldu. Oğlu İsmayıllıda
iğtişaşlara səbəb olmuş Füzuli Ələkbərov əmək və əhalinin sosial
müdafiəsi naziri postundan uzaqlaşdırıldı. “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov da oğlunun
güdazına getdi;  Xalid Mədətov qəza törədərək xalq artisti Ağasəlim
Abdullayevin ailə üzvlərinin ölümünə bais olmuşdu. Yevlax Gömrük
İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənovun polis orqanlarında işləyən
oğlunun əməlləri də nəticəsiz qalmamışdı. Bir neçə ay öncə Zığ
şossesində avtoxuliqanlıq edən Tural Həsənov daxili işlər naziri,
general-polkovnik Ramil Usubovun əmri ilə polis orqanlarından da xaric
olundu.  Atası Əliməmməd Həsənov isə Dövlət Gömrük Komitəsinin Yevlax
Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edildi. Tərtər rayon icra
başçısının keçmiş birinci müavini Vidadi Bəylərov da övladının törətdiyi
qəzaya görə işdən çıxarılanlardandır. Belə ki, ötən il V.Bəylərovun
yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində
bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının
keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olundu.
Ancaq
çox ağır hadisələrdən biri ötən il sentyabr ayının ayının 27-də baş
verdi. Səbail rayon icra hakimiyyətinin başçısı, Cüdo Federasiyasının
vitse-prezidenti Asif Əsgərovun oğlu İlham Əsgərli qəza törədərək 16
yaşlı Sənan Mirzəyevin ölümünə səbəb oldu. Sənan Mirzəyev “McDonalds” –
Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğludur. 
Ötən
ilin noyabrında bu haqda dərc etdiyimiz məqalədə göstərilirdi ki,
sentyabrın 27-də İlham Əsgərli Asif oğlu 2 sürücü ilə birlikdə “Mercedes
S klass” markalı 90-AR-819 dövlət nömrə nişanlı avtomobili ilə Sənan
Mirzəyevi yaşadığı General Həmidov kücəsində yerləşən “Grand Park”dan
götürərək “paint ball” oynamaq üçün Mərdəkan istiqamətinə yollanıblar.
Sürücülər maşının qabaq, Sənan və İlham isə arxasında əyləşiblər. Yolda
sürücüdən biri başqa işlə çağrıldığı üçün maşından düşüb. Avtomobili
Pərvin Fətullayev idarə edib. Qəzadan sonra məlum olub ki, sürücü Pərvin
Fətullayev həddi buluğa çatmamış və sürücülük vəsiqəsi olmayan 16 yaşlı
İlham Əsgərliyə sükanı qanunsuz verərək özü arxada əyləşib. Sənan
Mirzəyev də qabağa keçərək İlhamın yanında oturub. Hadisənin sonu təsdiq
edir ki, Pərvin Fətullayev  İlham Əsgərlinin avtomobili necə idarə
etməsinə sonra heç nəzarət etməyib. İlham Əsgərli avtomobili böyük
sürətlə idarə edib və  Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə
etdiyi “Hovo” markalı yük maşınına arxadan çırpıb. 
Hadisədən
dərhal sonra İlham Əsgərli 1 saylı Şəhər Kliniki (Semaşko)
xəstəxanasına, oradan isə Ankaraya aparılıb. Pərvin Fətullayev və Sənan
Mirzəyev Sabunçu Xəstəxanasına aparılıb. Lakin qısa zamanda Pərvin
Fətullayevi də buradan çıxararaq 1 saylı Şəhər Kliniki xəstəxanasına
aparıblar. “McDonalds” – Azərbaycan şirkətinin icraçı direktoru Maqsud
Mirzəyevin oğlu Sənan Mirzəyev isə Sabunçu xəstəxanasında qalıb və orada
dünyasını dəyişib. Göründüyü kimi, Səbail rayon İcra hakimiyyətinin
başçısı Asif Əsgərov daha çox öz oğlunu və bir az da ailəsinin sürücüsü
Pərvin Fətullayevi düşünüb, 16 yaşlı Sənan Mirzəyevin həyatını xilas
etmək üçün heç bir addım atmayıb.
…Bu yaxınlarda Səbail
Rayon İcra Hakimiyyətində Asif Əsgərov ilə jurnalistlər arasında görüş
keçirildi. Həmin görüşdə çıxış edənlərdən biri Asif Əsgərovun necə
humanist olduğunu vurğulamaq üçün bildirdi ki, Səbailin icra başçısı
rayon ərazisində saqqız çeynəyib yerə atmağı qadağan edib: “Çünki sonra o
saqqızları quşlar qida bilib yeyirlər və tələf olurlar”. Yəni Asif
müəllim o qədər incə qəlbli insandır ki, Səbail rayonu ərazisində
quşların ölümünə ürəyi dözmür. 
Doğrudan da, belə bir qadağa
var və bu, çox düşündürücüdür. Quşun ölümünə “ürəyi dözməyən” icra
başçısı görəsən öz oğlunun günahı üzündən xəstəxanada ölümlə çarpışan 16
yaşlı Sənanı niyə xilas etməyə çalışmadı və sonucda bu günahsız
yeniyetmə şəhər kənarında gözdən uzaq, könüldən iraq xəstəxananın
reanimasiya otağında can verdi. Asif Əsgərli onu da öz oğlu ilə bərabər
Ankaraya apara bilərdi. Amma “nazik qəlbli” icra başçısı quşlara
göstərdiyi insafı insana, bir ailənin, bir nəslin göz bəbəyi olan gəncə
göstərmədi. Bu suala Asif müəllimin cavabı bizim üçün çox maraqlıdır.
Amma bundan da maraqlısı budur ki, başqa vəzifə sahibləri övladlarının
qanunsuz əməllərinə görə axan qanın, sönən həyatın hesabını verdikləri,
yəni vəzifələrindən uzaqlaşdırıldıqları halda, nədən Asif Əsgərov öz
postunda qaldı? Ola bilsin, ölkə rəhbərliyinin səbrinin genişliyinə
sığındı. Bəs niyə özü istefa verib getmədi; bununla necə rahat yaşaya və
insanların taleyi ilə bağlı necə qərarlar verməkdə davam edir?  
Bütün
bunlar azmış kimi, əksinə, redaksiyamıza daxil olan məlumata görə, bu
hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqına da təsir edilir.
Bizimyol.info saytına daxil olan məlumata görə, Bakı Şəhər Baş Polis
İdarəsində bu iş üzrə istintaq obyektiv aparılıb və bitib, hadisədə
İlham Əsgərlinin və Pərvin Fətullayevin təqsiri tam sübuta yetirilib.
Artıq hadisədən 120 gündən çox vaxt keçib, ona yekun və həlledici hüquqi
qiymət verilməsi üçün məhkəmə olasıdır. Ancaq mənbəmiz iddia edir ki,
istintaqın bu cür sonuclanmasından narazı və narahat olan vəzifəli şəxs
işin məhkəməyə getməsini öz kanalları ilə əngəlləyir. 

Bu
məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün Bakı
Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Baş İdarənin mətbuat
xidmətindən bizimyol.info-ya bildirdilər ki, həmin hadisə işi ilə bağlı
cinayət işinin istintaqı Bakı ŞBPİ-də gedir, istintaq hərəkətləri davam
etdirilir.(bizimyol.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=15910

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728