O vaxt tam arxayın olardıq ki…

02.01.2021 - 10:39

Bəli, Rusiyanın məşhur “Независимой газетa” qəzetinin baş redaktoru Konstantin Remçuqov ölkəsinin yazılı media-sferasının güclü və nüfuzlu fiqurlarından biridir. Amma o, heç bir halda rus şairi Fyodr Tyutçevlə müqayisə oluna bilməz, çünki sonuncu bircə dəfə “Rusiyanı ağılla dərk etmək, ümumi arşınla ölçmək mümkün deyil” yazmaqla bu ölkənin nəinki geosiyasi və ya geoiqtisadi, hətta antropoloji kodunu müəyyən etmişdi.

Odur ki, biz çiynimizi Rusiyanı başa düşmək kimi ağır bir yükün altına vermək fikrindən uzağıq. Yox, hətta Remçuqov da bizim diqqətimizi özünün bir cümləsilə çəkdi. O, bu günlərdə yazmışdı ki, ölkə əhalisinin 56 faizinin koronavirusa qarşı vaksinasiyaya etiraz etməsinin səbəbini anlayan Rusiya haqqında hər şeyi başa düşər…

Desək ki, guya biz rusların koronavirus peyvəndilə bağlı probleminin məğzinə vardıq, bu, əlbəttə, şişirtmə olardı. Elə həmin Tyutçev də iki yuz il bundan əvvəl yazmışdı ki, Rusiyaya ancaq inanmaq olar…

Etiraf edirik ki, biz məhz elə bu barədə nəsə yazmaq fikrindəyik, çünki bu il bizə Dağlıq Qarabağda ruslarla, xüsusən də ki, onların sülhməramlı kontingentilə sıx əməkdaşlıq etmək lazım gələcək.

Amma əvvəl burada onu qeyd edək ki, bizim “Rusiyaya inanmaq olarmı?”sualına cavab vermək üçün vaxtımız çox olub. Düz yüz il çar Rusiyası vaxtında, daha sonra yetmiş il sovet dövründə – bəli, təxminən iki yüz il vaxtımız olub.

Düz iki yüz il bizim Rusiya siyasətinin incəliyinə varmaq üçün real imkanlarımız olub. Bunu etmişik, ya etməmişik, bu sualı bir tərəfə qoyaq. Əsas odur ki, Moskva otuz illik Dağlıq Qarabağ müharibəsindən sonra ilk dəfə müvəqqəti neytrallıq gözləməklə bizə torpaqlarımızın çox mühüm hissəsini erməni işğalından azad etməyə imkan verdi.

İnanın, çox inanmaq istəyirik ki, bizim qələbəmiz dayanıqlı və dönməz olacaq. Bir daha qeyd edək ki, biz də bütün azərbaycanlılar kimi bütün gücümüzlə özümüzü buna inandırmağa çalışırıq, amma bununla belə, müəyyən suallar və tərəddüdlər də bizi tərk etmir.

Məsələ bundadır ki, hər bir fəaliyyət formulu və yaxud mexanizmi işləməyə başlayanda “axsamağa” başlayır. Qarabağ prosesində də müəyyən boşluqlar var ki, onlar üçtərəfli sazişdə nəzərdə tutulmayıb. Məsələn, sazişdə Dağlıq Qarabağın statusu haqda heç nə deyilmir və bu, yaxşı bir haldır. Amma saziş Dağlıq Qarabağ ermənilərinin hüquqi identifikasiya problemini də həll etmir və ya bunun yolunu göstərmir.

Rusiya sülhməramlılarına gəldikdə isə, burada da yalnız ən ümumi çərçivələr ifadə olunub, onun fəaliyyətinin zaman intervalları və bir də kəmiyyətinin dəyişmə üsulları göstərilib. Qalan məsələlərdə isə bir daha Tyutçevin məsləhətinə əməl edib Rusiyaya inanmaq lazım gəlir.

Amma tərəddüdlər bizi tərk etmir. Çünki hələ iki ay keçməyib, amma artıq bu müstəvidə müəyyən problemlər müşahidə olunur. Rusiyanın xarici işlər naziri S.Lavrov bu günlərdə dedi ki, xarici kontingentin bu prosesə cəlb edilməsinə ehtityac yoxdur və Qarabağdakı fəaliyyətə digər ölkələrin sülhməramlıları cəlb olunmayacaq.

Olsun. Amma Rusiya bizə təminat verirmi ki, sülhməramlıların fəaliyyəti obyektiv və ən əsası da şəffaf olacaqdır? Təminat varmı ki, burada abxaz və ya osetin, ya da Donbas ssenariləri təkrar olunmayacaq? Məsələ də bundadır ki, belə təminatlar yoxdur. Əgər biz Laçın dəhlizinə ruslarla birgə nəzarət etsəydik, qismən arxayın ola bilərdik…

Bəli, Rusiya prezidenti bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. Amma bu bəyanatlar axıra qədər davamlı və ya məzmunlu olacaqmı? Artıq indidən belə təəssürat yaranır ki, Moskva münaqişəni donduraraq gələcəyə saxlayır, çünki Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqə Rusiyanın nəzarətindədir və Moskva az qala, dəridən-qabıqdan çıxır ki, Dağlıq Qarabağın Ermənistana köçmüş əhalisini geri qaytarsın. Odur ki, Rusiyaya çox inanmaq istəyirik, amma oxşar ssenarini biz artıq otuz il bundan əvvəl görmüşük.

Üstəgəl, şifahi və yazılı-müqaviləli əməkdaşlıq mədəniyyətləri var. Biz daha çox müqavilə mədəniyyətinin tərəfindəyik, çünki bütün mədəni və müasir dünya belə edir. Odur ki, bəzi detalları indidən müqavilə şəklində razılaşdırmaq lazımdır ki, sonradan peşimançılıq olmasın…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159128

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930