Xanın bərbad etdiyi Naxçıvan
Müəyyən məhdud sayda şəxslərin əlində böyük bir biznes səlahiyyətləri
var, yerdə qalan əksəriyyət isə yalnız başqa yerlərdə özünə iş
axtarmaqla məşğuldur
Naxçıvan Muxtar Respublikasının bu ilki xərcləri 366.7 milyon dollar
proqnozlaşdırılır. Xərclərin 18.8 faizi və ya 69 milyon manatı
Naxçıvanın öz gəlirləri, 81.2 faizi və ya 297.7 milyon manatı isə dövlət
büdcəsindən dotasiya hesabına formalaşacaq. Bu il dövlət büdcəsindən Naxçıvana ötən illə müqayisədə 14 milyon
dollar artıq vəsait ayrılması proqnozlaşdırılır. Naxçıvanın 2014-cü il
üzrə 350,5 milyon manat proqnozlaşdırılan büdcəsinin xərclərinin 80,9
faizi və ya 283,7 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya
hesabına, 19,1 faizi və ya 66,8 milyon manatı Muxtar Respublikanın öz
gəlirləri hesabına formalaşacağı nəzərdə tutulmuşdu. Bundan başqa,
Naxçıvanda həyata keçirilən infrastruktur və sosial təyinatlı
layihələrin maliyyələşdirilməsi üçün 2015-ci il dövlət büdcəsinin əsaslı
vəsait qoyuluşu xərclərindən müvafiq məbləğdə vəsait ayrılacaq.
Naxçıvanın gəlir və xərclərilə bağlı məsələni şərh edən iqtisadçı-ekspert Məhəmməd Talıblı
Muxtar Respublikanı Ermənistanla mühasirədə olmaqla yanaşı, eyni
zamanda, Türkiyə və Iranla xarici iqtisadi əlaqələr həyata keçirən,
əlverişli bir ərazidə yerləşən region kimi xarakterizə edir. Ekspert bu
mənada, bölgənin iqtisadi göstəricilərinin müsbət tərəfinin olduğunu
yada salır: “Indiyə qədər orada həyata keçirilmiş iqtisadi islahatlar,
imkanlar ona gətirib çıxarmalıydı ki, büdcənin 40-50 faizi və ya
əhəmiyyətli hissəsi daxili gəlirlər hesabına formalaşmalıydı. Amma
indiki halda, gəlirlərin 80 faizini Azərbaycanın dövlət büdcəsi verir.
20 faiz isə daxili imkanlar hesabına formalaşır. Regionun
sosial-iqtisadi vəziyyətinin inkişafıyla bağlı müxtəlif investisiya
layihələri həyata keçirilib. Həmin layihələr özünün geriyə dönüşüylə
büdcəyə əlavə gəlirlər gətirməliydi. Yaradılmış yeni müəssisələr, yeni
infrastruktur biznes üçün əlverişli şərait yaratmalıydı. Lakin orada
əlverişli biznes mühitindən deyil, sadəcə, inhisarçılıqdan söhbət gedir.
Müəyyən məhdud sayda şəxslərin əlində böyük bir biznes səlahiyyətləri
var. Yerdə qalan əksəriyyət isə yalnız başqa yerlərdə özünə iş
axtarmaqla məşğuldur. Belə bir vəziyyətdə əmək ehtiyatlarının da düzgün
yerləşdirilməməsi Naxçıvanda miqrasiya proseslərini sürətləndirir,
vətəndaşların gəlir imkanlarını çətinləşdirir”.
Ekspert qeyd edir ki, artan investisiya layihələri həm dövlət büdcəsi
qarşısında əlavə gəlirlər gətirməli, həm də investisiya, sosial
layihələrin həyata keçirilməsi orada məşğulluğun təmin olunmasını
stimullaşdırmalıdır: “Təəssüf ki, indiki halda hər iki sahədə çox ciddi
problemlər var”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15916