İsmət Abbasov üçün silkələnən barmaq
Sabiq kənd təsərrüfatı naziri üçün iki yol var: ya mənimsədiyi
milyonları büdcəyə qaytarmalı olacaq, ya da həbs edilərək dəmir
barmaqlıqlar arasına göndəriləcək
Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev konfransda kənd
təsərrüfatına ayrılan subsidiyalardan da narahatlıqla danışıb.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda
çıxışında İ.Əliyev ondan əvvəl məruzə edən, 2013-cü ildə kənd
təsərrüfatı naziri təyin edilən Heydər Əsədova xitabən kənd təsərrüfatı
məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla
bağlı olmadığını deyib: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək
istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil.
Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə.
Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş
verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona
görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara
yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə
şəffaflıq olmalıdır”.
Ekspertlər isə bildirirlər ki, subsidiyaların modelinin dəyişdirilməsinə ehtiyac var. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, model yanlışdır və problemin bir tərəfi də bununla bağlıdır:
“Azərbaycanda fermer təsərrüfatlarının subsidiyalaşması haqqında model
qəbul olunarkən o zaman da müxtəlif ekspertlər çıxış edərək bu
subsidiyalaşma modelinin düzgün olmadığını irəli sürmüşdülər. Bizdəki
model fermerlərə əkdikləri sahənin həcminə görə subsidiyaların
verilməsidir. Dənli bitkilər, o cümlədən buğda əkənlərə, digərlərinə
nisbətən bir az artıq subsidiyalar nəzərdə tutulub. Yəni digər kənd
təsərrüfatı məhsulları əkənlərə bir hektara görə 40 manat nəzərdə
tutulubsa, buğda və dənli bitkilərdə bu, 80 manat təşkil edirdi. Təbii
ki, fermerlərlə bu cür stimullaşdırma effekt verə bilməzdi. Çünki əsasən
ərazi, hektarın ölçüsü əsas götürüldüyündən, yerli icra hakimiyyəti
nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin məmurları həmin sahənin
hektarının həcmini artırmaqla subsidiyaların həcmini artırırdılar. Və
yerdə qalan vəsaiti öz aralarında bölüşdürməklə məşğul idilər. Bununla
bağlı onlarla fakt olub və mətbuat son illərdə bu barədə dəfələrlə
mövzular işıqlandırıb. Əslində isə bu modelin özündə problem var, düzgün
deyil. Normal ölkələrin subsidiyalaşma modelində son məhsulun həcminə
və keyfiyyətinə görə subsidiyaların ödənilməsi üstünlük təşkil edirdi.
Yəni fermerlərə bir stimullaşdırma proqramı gətirilirdi ki, onun marağı
olsun, daha çox və daha keyfiyyətli məhsul istehsal etsin. Hansı sahədə,
neçə hektar sahədə məhsul əkməsinin heç bir əhəmiyyəti yoxdur.
Azərbaycan təəssüf ki, bu yolu tutmadı. Və çox primitiv bir yolla, ancaq
hektarın həcminə görə subsidiyalaşma yolunu tutdu. Bunun da effekt
verməyəcəyi öncədən də bəlli idi”.
Xatırladaq ki, subsidiyalarla bağlı bu, prezidentin ilk çıxışı
deyil. 2013-cü ilin fevralındakı konfransda da İ.Əliyev bu mövzunu
gündəmə gətirmişdi. Dövlət başçısı həmin tədbirdə subsidiyaların
məmurlar tərəfindən mənimsənilməsinə toxunmuşdu. O zaman kənd
təsərrüfatı naziri İsmət Abbasov idi. Prezidentin bu çıxışından sonra
qəzetlər İ.Abbasovun yaxın zamanlarda vəzifəsini itirəcəyini yazırdı.
Doğrudan da İ.Abbasov bu müşavirədən 8 ay sonra nazir postundan
uzaqlaşdırıldı. Onu simvolik olaraq baş nazirin müavini postuna təyin
etdilər. Həmin vaxt bildirilirdi ki, hüquq-mühafizə orqanlarında
İ.Abbasov haqda dosye hazırdı. Onun vəzifədən çıxmasını gözləyirlər.
Lakin son anda İ.Abbasovun baş nazirin müavini postuna təyinatı onu
həbsdən xilas etdi.
Prezidentin son müşavirədə yenə bu məsələnin üstünə qayıtması
deməyə əsas verir ki, İsmət Abbasov mövzu tam qapanmayıb. Ökə başçısı
dolayısı ilə İ.Abbasova vaxtı ilə dövlət vəsaitini mənimsədiyini
xatırlatdı. Belə çıxır ki, sabiq kənd təsərrüfatı naziri ya mənimsədiyi
milyonları büdcəyə qaytarmalı olacaq, ya da həbs edilərək dəmir
barmaqlıqlar arasına göndəriləcək.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=15926