Təhlükə: Qorxu mənbəyinə çevrilən Bakı metrosu
Metropolitenin yeni rəhbəri Zuar Hüseynovun “yüksək idaretmə bacarığı və səyləri…”nin real mənzərəsi
“Bakı Metrosunda fasilə yarandı”, “”Metroda nasazlıq, sərnişinlər
təxliyyə edildi”, “Metroda qatarla dayandı, ürəyi gedənlər var” və sairə
və ilaxır… Bu kimi xəbərlərlə son vaxtlar az qala hər gün
rastlaşırıq. Bir sözlə, bəyənmədiyimiz Tağı Əhmədovdan sonra metro
əməlli-başlı təhlükə mənbəyinə çevrilib. Artıq əhali metrodan istifadə edib, oradan sağ-salamat çıxanda nəzir-sadağa ayırıb, yüz dəfə şükür edir.
Deyəsən, Bakı metrosunun rəhbərliyi dəyişiləndən sonra yeni rəhbərin, yəni Zaur Hüseynovun ayağı düşərli olmayıb. Bəlkə
də metro işindən xəbərsizliyi yeraltı nəqliyyatda problemlərin
artmasına səbəb olub… Hər nədirsə, fakt budur ki, 2-3 gündən bir
metrodan istifadə edən sərnişinlər yerin altında stress və həyəcanla
üz-üzə qalırlar. Əvvəllər qatarlar gec gələndə sıxlıqdan narahat olan
sərnişinlər, son aylar nəinki qatarların gecikməsindən, hətta qatarlarda
yaranan nasazlıqdan tutmuş, qatarların hərəkət qrafikinin stabil
olmamasından və digər bu kimi problemlərdən əziyyət çəkirlər. İndi
qatarlar arasında 10 dəqiqə fasilə adi haldır, necə deyərlər, bu,
toy-bayramla qarşılanısı məsələdir. Yəni artıq metropoliten rahat və
sürətli nəqliyyat vasitəsi missiyasından çıxaraq, sərnişinlər üçün
potensial təhlükə, stress, həyəcan və qorxu mənbəyinə çevrilib.
Çox uzağa getməyək, növbəti dəfə dünən səhər saatlarında metroda
yenidən gərginlik yaşanıb. Qatarların hərəkətində ləngimələr olub. Belə
ki, yeraltı nəqliyyatdan istifadə edən sənişinlər həm gediş, həm də
gəliş istiqamətində yarım saata yaxın qatar gözləməli olublar. Dərnəgül
və Həzi Aslanov istiqamətində hərəkət edən qatarlar gündəlik qrafikindən
20-dəqiqədən çox gecikmə ilə stansiyalara çatıb. Bu da metroda sərnişin
sıxlığına səbəb olub. Hətta sıxlıqdan və həyəcandan ürəyi gedən, hava
çatışmazlığından vəziyyəti ağırlaşanlar olub. Amma nə olsun,
metropoliten rəhbərliyi bütün bu probemlərə həmişə olduğu kimi çox
soyuqqanlı şəkildə reaksiya verir: “Metronun “Nizami” – “Elmlər
Akademiyası” stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana
gəlib. Sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Buna görə də
interval pozulub və digər qatarlarda da gecikmə yaranıb. Həmin
istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval
bərpa olunub.”
Bu da problemə çox bəsit yanaşmağın bariz nümunəsi! Bəs
niyə qatarda səhər-səhər problem yaranıb? Məgər o yoxlanılb xəttə
buraxılmır? Yaxud, 2 gündən bir qatarda nə üçün nasazlıq yaranmalıdır,
metroda fasilələr olmalıdır? Bəlkə metro rəhbərliyi gözləyir ki, belə
sıxlıqlardan birində 1-2 adam ayaq altında qalıb ölsün, ya da ürəyini
tutub həyatla vidalaşsın, sonra qatarları saz halına gətirsinlər?
Normal ölkələrin heç birində əhaliyə xidmət göstərən yeraltı
nəqliyyatda belə hallarla illərlə rastlaşmaq mümkün deyil. Bizdə isə
təkcə son 3 ayda saysız-hesabsız qatarların, xətlərin nasazlığı,
qrafikin pozulması və sairə səbəbdən saatlarla dayanmalar adət halına
çevrilib.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, Bakıda ictimai nəqliyyat arasında normal işləyən bir
metro idi ki, onda da son vaxtlar tez-tez problemlər yaranır. Bu
problemlər də haqlı olaraq ictimai narazılığa səbəb olur:
“Ümumiyyətlə, ictimai nəqliyyatda müasir naviqasiya sistemləri qurulub.
Relslərdən tutmuş lokomitvlərə, enerji təchizatı yüksək səviyyədə və
müasir formada olmalıdır. Bakı metrosunda isə relslərdə nasazlıqlar
aşkar olunur. Bizə siqnallar gəlir ki, Bakı Metropolitenində texniki,
hərəkəti idarəetmə sistemində böyük problemlər var.”
Deməli, mütəxəssis də problemin olduğunu bildirir. Sadəcə, burada
aydın olmayan bir nüans var ki, metropoliten rəhbərliyi nəyi gözləyir?
Faciə, ölüm-itim, yoxsa kiminsə onların əvəzinə mövcud problemləri
aradan qaldırmasını?!(analitik.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15927