Ərdoğan Bakıya yeni “dosye” ilə gəlir

04.04.2014 - 10:12

Ərdoğan Bakıya yeni “dosye” ilə gəlir

Türkiyə baş nazirinin ölkəmizə səfərinin gizli gündəmi; AKP sədrinin hədəfi bütün türkdilli ölkələrdə möhkəmlənən nurçu şəbəkənin “əl-qolunun” bağlanmasıdır və bu sırada Azərbaycan da var; bu görüşdən sonra Rövnəq Abdullayevin taleyinə birdəfəlik aydınlıq gələ bilər… 
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Ciddi mübarizə, həbslər və qalmaqallı səs yazılarının yayılması ilə keçirilən 30 mart bələdiyyə seçkilərindən dərhal sonraya təsadüf edən bu səfərə diqqət əvvəlki illərdən daha böyükdür.
Bəzi məlumatlara görə, AKP-“Hizmət” hərəkatı (nurçular) qarşıdurmasında Azərbaycan hakimiyyətinin tutduğu mövqe və dəstək Ərdoğanı məmnun etdiyindən, o da seçkilərdən dərhal sonra ilk xarici səfərini Bakıya etməklə dostluğa sədaqətini göstərmək istəyib. Türkiyədəki seçki kampaniyasında bütün çılpaqlığı ilə ortaya çıxan Ərdoğan-Gülən qarşıdurmasının ölkəmizdə də geniş əks-səda doğurması, nurçuların Azərbaycan hakimiyyətinin içərisində də şəbəkələşməsi barədə məlumatlar bugünkü səfərə diqqəti daha da artırır. 
Heç şübhəsiz ki, Türkiyədəki gərgin atmosferdə keçən seçki, Gülən camaatı ilə münasibətlər və AKP-nin çətin qələbəsi təkbətək görüşdə müzakirə ediləcək. 
Xatırlayırsınızsa, bir neçə gün   əvvəl “Yeni Müsavat”da “Hizmət” hərəkatı tərəfdarlarının Azərbaycanda şəbəkələşməsi barədə Türkiyə istihbaratının siyahısının və məxfi dosyenin  şəxsən prezident İlham Əliyevə təqdim edildiyi barədə məlumat dərc edilmişdi. Məlumatda deyilirdi ki, bu dosyenin ilk variantını Azərbaycan prezidentinə fevral ayının 7-də Soçidə Qış Olimpiya Oyunlarının açılışına gəlmiş Türkiyənin baş naziri Ərdoğan şəxsən təqdim edib. 
Məlumatda deyilirdi ki,  prezidentə belə bir dosye verildikdən sonra hakimiyyət daxilində xüsusi qrup olduqca məxfi araşdırma başlayıb. Adı dosyedə keçən və “nurçu şəbəkə”yə bağlılığı güman edilən şəxslərin, qurumların, hakimiyyətyönlü QHT-lərin, media orqanlarının geniş siyahısı hazırlanıb. Hakimiyyət daxilində şəbəkələşmiş nurçuların Türkiyə və xaricə edilən bütün telefon bağlantıları, elektron yazışmaları, xaricdəki təmasları araşdırılıb. 
“Türkiyə istihbaratının məlumatları ilə Azərbaycan prezidentinin nəzarətindəki araşdırmanın nəticələri üst-üstə düşüb və bəlkə də şəbəkənin daha təhlükəli planlarının üstünü açıb” deyə, məlumatda bildirilirdi. 
Ərdoğan Türkiyədəki seçki marafonu daxilində keçirdiyi mitinqlərdən birində də “Hizmət” hərəkatına dair  “qardaş Azərbaycanla bağlı nələr ediblər”, tipli sensasion anonsunu vermişdi. 
Ərdoğanın seçkidə qalib gəlməsindən sonra “balkon çıxışı”nda ona qarşı olan kompromatların kökünü qazıyacağı ilə bağlı  xüsusən Gülən camaatına ünvanlanmış mesajları da göstərir ki, baş nazir rəqiblərinə qarşı mübarizəni davam etdirmək əzmindədir. Bu mübarizə isə təkcə Türkiyə ilə məhdudlaşmır. Ərdoğanın hədəfi, Özbəkistan xaric,  bütün türkdilli ölkələrdə möhkəmlənən nurçu şəbəkənin “əl-qolunun” bağlanmasıdır və bu sırada şübhəsiz ki, Azərbaycan da var. Qeyd edək ki, Ərdoğanla prezident İlham Əliyevin isti münasibətləri hələ AKP sədri İstanbul bələdiyyəsinə rəhbərlik edəndən var. 
Heç kimə o da sirr deyil ki, Ərdoğan Azərbaycana ötən səfərlərində bəzi türkiyəli iş adamlarına yerli orqanların maneə yaratmaması üçün prezidentdən şəxsən xahiş də edib. 
Ərdoğanın bu dəfə prezidentdən hansı istək və xahişdə bulunacağını demək çətindir. Ehtimallara görə, Gülən camaatı ilə davanı şərəf məsələsinə çevirən Ərdoğanın dost kimi əsas istəyi də bu məsələ ilə bağlı ola bilər. 
Bəzi mənbələrin iddiasına görə isə bağlı qapılar arxasında görüşdə Ərdoğan “Hizmət” hərəkatının “Bakı qolu” barədə daha ciddi materialları prezidentə təqdim edə bilər: 
“Ərdoğanın səfəri kontekstində daha çox diqqət çəkən persona isə Türkiyənin biznes elitası ilə də yaxşı əlaqələri olan SOCAR prezidenti Rövnəq Abdullayevdır. Ola bilsin ki, qapalı müzakirələrdə ən ciddi müzakirə də SOCAR prezidenti ilə bağlı olsun. Çünki “Hizmət”  hərəkatına qarşı savaş başlayanda qəfildən onların məktəbləri SOCAR-ın nəzarətinə keçdi. 
“Bu məktəblərin SOCAR-a gerçəkdən aidiyyəti varmı” sualına bu səfərdə cavab verilməlidir. Ola bilsin ki, bu görüşdən sonra Rövnəq Abdullayevin taleyinə birdəfəlik aydınlıq gətirilsin” deyə, ekspertlərdən biri “Yeni Müsavat” a deyib. Bizə o da məlum olub ki, SOCAR-ın Türkiyə bölümü üzərindən “Hizmət” hərəkatına bağlı qurum və şəxslərə, o cümlədən də azərbaycanlı nurçulara külli miqdarda vəsait ötürülüb.    
*  *  *
Müsavat Partiyasının Məclis üzvü, siyasi şərhçi Hikmət Hacızadə də Türkiyə baş nazirinin Azərbaycan prezidenti ilə təkbətək görüşündə nurçular qalmaqalının müzakirəsini istisna etmir. Onun sözlərinə görə, görüşdə kimin nə problemi varsa ortaya qoyacaq: “Ərdoğan tələb edə bilər ki, Gülənin buradakı məktəbləri ya tam bağlansın, ya da bu adamlar zəiflədilsin. Əgər hakimiyyət nurçuların məktəblərini bağlasa, özünə böyük problem yaratmayacaq. Sadəcə, nurçular bütün dünyada hakimiyyətin əleyhinə işləyəcəklər. Necə ki, indi Ərdoğanla edirlər, eləcə də bizimkilərlə düşmənçilik edəcəklər”. 
AXCP sədrinin xarici əlaqələr üzrə müavini, analitik Razi Nurullayev də “Hizmət” hərəkatı ilə bağlı qapalı müzakirələr olacağını ehtimal edir. Onun fikrincə, Ərdoğan Əliyevdən Gülənin məktəblərini bağlamağı xahiş edə bilər. 
Analitik də hesab edir ki, Türkiyənin baş naziri əlində hazır dosye ilə Bakıya gəlir: “Bu faktlar və mənbələr araşdırılandan sonra Azərbaycan tərəfindən Gülən məktəbləri ilə bağlı qərar verilə bilər. Ancaq Türkiyə Azərbaycanla şərtlə və tələb dili ilə danışa bilməz. Sadəcə, Ərdoğan xahiş edə bilər. Buna baxmayaraq, nurçularla bağlı müzakirələr mediaya çıxarılmayacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, səfərin iki əsas müzakirə predmeti ola bilər – regionda cərəyan edən hadisələr, Krımın ilhaqından sonra Dağlıq Qarabağda yaranmış təhlükə, bir də Gülən hərəkatının ölkəmizdəki şəbəkəsinin nəzarətə götürülməsi. 
Politoloqa görə, adətən Türkiyədə seçkilərdən sonra baş nazir və yaxud prezident strateji müttəfiqi olduğu ölkələrə səfər edir: “Ona görə də Ərdoğanın Azərbaycana işgüzar səfərə gəlməsi təbiidir. Görüşdə siyasi-iqtisadi əməkdaşlıq müzakirə olunacaq. Azərbaycanın yeni müdafiə naziri təyin olunub, hərbi əməkdaşlıq sahəsində yeni sənədlər imzalana bilər”. 
Ekspertin fikrincə, ən əsası Krımın ilhaqından sonra Rusiyanın Qərb dövlətləri tərəfindən təcrid olunması faktoru müzakirə mövzusu ola bilər: “Çünki Krımın ilhaqından sonra Qarabağa təhlükə yaranıb və bu məsələ geniş müzakirə ediləcək. Türkiyənin Krım tatarlarına təsiri var. Rusiya Qərb ölkələrinə qaz, neft sata bilməyəndə Türkiyəyə ixrac edəcək. Regiondakı hadisələr və vəziyyətdən çıxış yolları axtarılacaq”. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=15965

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031