Kişiləri heydən salan vaksinlər…

12.01.2021 - 10:50

Keşkə, zaman maşını deyilən şey düz olaydı, biz də ona minib bir neçə günlüyə ötən əsrin 50-ci illərinə, ən salamatı, 53-cü ildən, Stalinin olümündən sonrakı vaxtlara gedəydik. Maraqlı olardı. Öz gözümüzlə görərdik ki, o vaxtın camaatı rayon və kəndlərdə klinikaların, apteklərin olmadığı vaxtlarda epidemiyalarla necə mübarizə aparır.

O illərə dair yazılan bədii, publisistik və memuar janrlı əsərlərdə oxumuşam ki, 50-ci illərdə difteriya, malyariya, qızılca kimi xəstəliklər camaatı qırıb batırırmış. Yeganə əlac olaraq insanlara kinə adlı həb paylayırmışlar. O vaxt hələ penisillin buralara gəlib çıxmayıbmış. O preparat gələndən sonra camaatın canı yoluxucu xəstəliklərdən qurtulub.

Ən maraqlısı isə penisillinə və digər müasir tibbi preparatlara xalqımızın verdiyi ilk reaksiyadır. Bunu bilmək maralı olardı.

Ola bilməz ki, başqa cür olsun, startda bizim biləndarlar mütləq deyiblər: “Bu dərmana etibar yoxdur, deyəsən, bizi tamam qırmaq istəyirlər”; “Allah bilir, nədən düzəldiblər, içinə nə qatıblar”; “Deyilənə görə, bu andır kişiləri heydən sallr”; “Deyirlər, sonsuzluq yaradır, arvadları qısırlaşdırır” və sair və ilaxır.

Heç nə yox, bu “heydən düşmə” və “qısırlaşma” xüsusunda xalqımızın çox həssas olması səbəbindən, güman ki, müalicədən yayınanlar çox olub və hara qədər yayınıblar, dəqiq bilgi verən tarixi məxəz yoxdur.

Bilinən odur ki, o vaxtın sadə antibiotikləri bizim kişiləri o qədər də heydən salmayıb, qadınları da qısırlaşdıra bilməyib və ildə biri olmaqla bəs qədər əkib-doğublar, sovet dövlətinin demoqrafik siyasətinə öz töhfələrini veriblər. Biz indi durduq yerə gəlib 10 milyon olmamışıq ki. Bundan ötrü insanlar çox zəhmət çəkiblər.

Bax, indi koronavirusa qarşı peyvənd çıxıb, ölkələr o vaksini alıb vurdurmaq, qlobal mərəzdən qurtulmaq üçün növbəyə durublar, amma bəzi müsəlman ölkələri hələ dirəşir. O tərəfdə üç ocağın, o cümlədən Məkkə-Mədinənin rəisi olan Səudiyyə kralı sinninin 85-də sol qolunu çiyninə qədər çırmalayıb vaksin vurdurur, bu tərəfdə ağayi Hətəm deyir, bu, şeytan əməlidir, kafir icadıdır, ondan xeyir gəlməz. A kişi, sən üç ocağın yiyəsindən çox bilirsən?

Təxminən 20-25 il öncə ölkədə, aran rayonlarında, xüsusilə də köçkün şəhərciyində difteriya yayılmışdı. Elə də kütləvi deyildi, amma tək-tək yoluxanlar vardı, hökumət epidemiyadan qorxurdu, ona görə də peyvəndləmə həyata keçirmək istəyirdi. Di gəl, xlaq müqavimət göstərirdi. Qohumlar danışır ki, vaksin söhbətinin yeni çıxdığı vaxt 3-4 ağsaqqal köçkün şəhərciyinin orta yerində nərd oynaya-oynaya söhbət edirmişlər. Birdən peyvənd olunmaqdan söz düşüb. Sinni 60-ı keçmiş bir ağsaqqal kateqorik şəkildə bəyan edib ki, o peyvənd olunmayacaq, çünki eşitdiyinə görə, peyvənd kişiliyə mənfi təsir göstərir, qısırlıq yaradır. O biri ağsaqqal da ona deyib: “Allah işini avand eləsin, niyyətin nədir, təzədən gərdəyə girəssən?”

Bir bu deyil. Ümumiyyətlə, ortaya nəsə bir peyvənd söhbəti çıxan kimi bizim camaatın tərs və şəkkak damarı tutur. Elə bilirik ki, beynəlxalq düşmənlər qəsdimizə durublar, bizi qırmaq istəyirlər. Bəziləri hətta vaksinin tərkibində donuzdan alınan qatqıların olduğundan şübhələnir. Düzdür, can əldən gedəndə o adamlar istənilən qatqılı-matqılı preparatları qəbul edirlər, amma özləri gümrah olanda başqalarına tövsiyə etmirlər, deyirlər, ortada din, iman məsələsi var.

Bəzi sosial şəbəkələrin şəxsi məlumatların gizliliyinə təminat verməmələri məsələsinə münasibətimiz də təxminən o cürdür. Yenə hesab edirik ki, dünya qəsdimizə durub, məxsi məlumatlarımızı ələ keçirib başımıza oyun açacaqlar. Rusun 200 illik pazına etina etməyənlər amerikalıların dırnaq boyda çipindən qorxurlar.

Adam yazır, yazır, axırda özü də üşənir ki, bəlkə deyilənlər düzdür, bu vaksinlər-maksinlər doğrudan da “müsəlman millətinin kökünü kəsmək” üçündür? Sonra da fikirləşirsən ki, elə şey olsa, onu birinci avropalılar vurdurmazdı, şappaşapnan vurdura-vurdura gedirlər.

Amma dəqiqini kim bilir? Şəxsən özüm kral Əbdüləzizin vaksin vurdurmasından sonra çox arxayınlaşmışam. Dünyanın baş müsəlmanı deyilmi? O da bilməyib, kim biləcək. Yenə də hələ gözləyək, görək, möhtərəm heydən düşəcəkmi, düşməyəcəkmi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159664

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930