“Hamını “Nurçu”luqda ittiham etmək olar”
“Ərdoğanın Azərbaycana müdafiə naziri ilə gəlməsi təsadüfi deyildi”
Vəfa Quluzadə: “İran Culfadan Ermənistana dəmir yolu çəkmək təşəbbüsü ilə Azərbaycana növbəti təzyiqini edir”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya birgünlük səfəri və səfər zamanı səsləndirdiyi bəyanatlar maraq doğurur. Ərdoğanın Bakıya enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, müdafiə naziri Ismət Yılmazla gəlməsi də birmənalı qarşılanmadı. Ekspertlər hesab edir ki, əslində bununla Ərdoğanın səfəri zamanı hansı məsələlərə toxunulduğunu söyləmək olar. Beləliklə, gündəmdə olan bu və başqa mövzularla bağlı sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq.
– Vəfa müəllim, Ərdoğanın Bakıya səfərinin yekunlarını necə dəyərləndirirsiniz?
– Ərdoğanın Azərbaycana səfəri və burada səsləndirdiyi bəyanatlar yüksək dəyərləndirilməlidir. Verilən açıqlamalardan da hiss olundu ki, Azərbaycanla Türkiyə arasında tam razılıq, tam anlaşma var. Türkiyəni hazırda ən çox maraqlandıran məsələ Azərbaycanın təhlükəsizliyidir. Çünki Krımın işğalından sonra Rusiya parlamentinin üzvləri, politoloqlar Azərbaycana qarşı xeyli təhdid dolu fikirlər səsləndirir. Hətta bu fikirlərdə Azərbaycanın işğalına açıq eyhamlar vurulur, Azərbaycanın Rusiyanın tərkibinə qatılmalı olduğu dilə gətirilirdi. Amma Ərdoğanın bu səfəri müəyyən məqamlara aydınlıq gətirir. Onu da nəzərə almaq lazımdır ki, Ərdoğanın Azərbaycana səfərindən öncə Türkiyənin ordu generalları ölkəmizdə olmuşdular. Amma Ərdoğan da səfərində özüylə müdafiə nazirini gətirdi. Bütün bu mesajlar diqqətdən kənarda qalmamalıdır. Bu ondan xəbər verir ki, görüşdə Azərbaycanın təhlükəsizliyi məsələsi də müzakirə predmeti olub. Əminəm ki, bu istiqamətdə razılıq da əldə olunub. Əgər Azərbaycana qarşı növbəti dəfə xaricdən real təhlükə baş versə, Türkiyə mütləq Azərbaycanın tərəfindən çıxış edəcəkdir. Çünki türk zabitləri bizim orduda çoxdandır işləyirlər və durumu hamıdan gözəl bilirlər. Eyni zamanda Türkiyə dövlətinin kəşfiyyat orqanı regionumuzu izləyir və prosesləri təhlil edir. Azərbaycan daha rus-erməni zərbələrinin qarşısında geri çəkilməyəcək. Hətta rus politoloqları belə fikir səsləndirib ki, Azərbaycanla Türkiyə arasında hərbi müqavilə baş tutdu.
Görüşdə eyni zamanda enerji təhlükəsizliyi məsələləri də həllini tapıb. Artıq Bakı-Ceyhana zərbə vurulması, Rusiya ilə Qərb arasında qarşıdurma daha da dərinləşəcəyi təqdirdə Azərbaycanın kəmərlərinə təhlükə törədilməsi ehtimalı zərərsizləşdirilib. Rusiya hələlik Qərbi marağı olan layihələrə zərbə endirməklə hədələyir. Qərb də sözsüz ki, bu təzyiqlərin qarşısında gözüyumulu qalmır və hesablayır ki, belə bir təhlükə olsa, hansı addımı ata bilər. Məsələn, bir neçə gün əvvəl Rusiya ABŞ hərbi gəmilərinin Qara dənizdə olması ilə bağlı sərt bəyanat verdi. Bəyanat Türkiyəyə ünvanlanmışdı. Türkiyənin də öz növbəsində Rusiyanın bu bəyanatına sərt cavabı oldu. Görünən odur ki, Qərb Rusiyanın yürütdüyü siyasətlə bağlı seyrçi mövqedə qalmaq niyyətində deyil.
– Türkiyə ilə Azərbaycan arasında hərbi sazişin imzalanması nəzərdə tutulsa da, bu baş vermədi? Bunun səbəbi nədir?
– Bu saziş daha çox əlavə qıcıq yaratmamaq üçün imzalanmadı. Amma de-fakto Türkiyə ilə Azərbaycan arasında belə bir saziş var. Indi məsələ bundan ibarətdir ki, bu saziş de-yureyə keçə bilərmi? Mən hələ 1999-cu ildə Azərbaycanda NATO bazalarının yerləşdirilməsi ilə bağlı təklif verəndə Rusiya hakimiyyət təmsilçiləri bundan narahatlıq keçirdilər. O zaman Gülhanədə müalicə olunan Heydər Əliyevin yanına Rusiyadan nümayəndə heyəti gəldi ki, bəs verilən bəyanat nəyə xidmət edir? Heydər Əliyev isə bəyan etdi ki, öncə Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu, Ermənistan və Gürcüstandakı hərbi bazaları müzakirə olunsun. Biz bəyan etdik ki, ümumiyyətlə, Qafqazda hərbi bazalar mövcud olmasın. Ona görə biz təhlükəsizlik baxımından bilmək istəyirik ki, Azərbaycana təhlükə olan zaman Türkiyə bizi müdafiə etmək üçün hansı addımları atacaq. Onu da nəzərə almaq lazımdır ki, hazırkı dönəmdə müdafiə xatirinə bir dövlətin hərbi bazasının digər ölkədə yerləşdirilməsinə ehtiyac da yoxdur. 90-cı illərdən fərqli olaraq artıq baza ideologiyası tamamilə müxtəlifdir. Hazırda müasir texnologiyalar hesabına bir neçə saatın ərzində desant təyyarələri ilə qoşun, texnika istənilən əraziyə gətirilə bilər. Azərbaycanın hava limanlarında bunun üçün infrastruktur da formalaşdırılıb.
– Ərdoğanın Bakıya səfəri zamanı müzakirə olunan mövzullardan biri kimi də “Nurçu”larla bağlı baş verənlər göstərilir. Təsdiqlənməyən bəzi məlumatlara görə, Ərdoğan Əliyevə tədbir görməsi üçün ölkəmizdəki “Nurçu”ların siyahısını təqdim edib. Elə ITV kanalının əməkdaşının bu mövzuda sualı da təsadüfi sayılmır. Bu məsələ müzakirə oluna bilərmi və gözləntiniz nədir?
– Biz Türkiyə ilə istənilən məsələni müzakirə edə bilərik. “Nurçu”lar məsələsi Ərdoğanı çox maraqlandırır. Indiyə qədər Azərbaycanda belə bir problemin gündəmə gəlməsi müzakirə mövzusu deyildi. Bu yalnız Ərdoğanın Türkiyədəki bəyanatlarından sonra məlum oldu. Ona görə də bəli, bu mövzu müzakirə oluna bilər. Amma istər “Nurçu”lar olsun, istər kommunistlər olsun, hər bir şəxsi günahı sübuta yetirilməlidir. Əgər kimsə qanunu pozubsa cavab verməlidir. Bu baxımdan “Nurçu”ların hansı qanunu pozduğu sübut olunmalıdır. Ona qalsa, hamını “Nurçu”luqda ittiham etmək olar. Ona görə hər şey sübuta yetirilməlidir. Insanlara əqdiəsindən asılı olmayaraq qiymət verilməlidir.
İntensiv görüşlər nəyə xidmət edir?
– Ərdoğanla Ilham Əliyevin iyul ayında daha bir görüşü planlaşdırılır. Bu görüşün bir hesabat xarakterli olduğu düşünülür. Yəni son görüşdəki müzakirələrlə bağlı nəticələrin nədən ibarət olduğu aydınlaşdırılacaq. Ərdoğanla Əliyevin belə bir tez zamanda görüşməsi nədən xəbər verir?
– Hazırda istər regionda, istərsə də dünya səviyyəsində ciddi proseslər baş verir. Hazırda dünya birliyi Avropanı Rusiyanın enerji asılılığından xilas etməyə çalışır. Belə bir vəziyyətdə Azərbaycanın rolu artır. Çünki artıq gələn il Azərbaycandan Avropaya iri həcmdə qaz nəql etmək tələb olunacaq. Azərbaycan isə Türkiyə ilə belə bir layihəyə imza atsa, rəsmi Bakı üçün təhlükəli situasiya yarana bilər. Ona görə bu cür suallara cavab vermək üçün diqqətli olmaq lazımdır. Hesablamalar diqqətli aparılmalı və Azərbaycana təhlükəsizlik təminatı verilməlidir. Ona görə bu cür situasiyalarda tez-tez görüşlərə ehtiyac var. Qərarlar qəbul olunub, həyata keçirilməlidir.
– Türkiyə ilə Azərbaycan arasında viza problemi hələ də həll olunmamış qalıb. Bundan başqa, SOCAR-ın Türkiyədə reallaşdırmalı olduğu 5 milyardlıq layihə də sual altındadır. Bu məsələlər niyə çözülməmiş qaldı?
– Istisna deyil ki, bu görüşdə həmin məsələlərə toxunulub. Viza ilə bağlı məsələlərin həllində elə bir problem görmürəm. Nümayəndə heyətləri iki ölkə arasındakı mövzuları müzakirə edən zaman rəsmi məsələlərə toxunurlar. Düşünürəm ki, həm viza, həm də Türkiyədəki yarımçıq qalan layihə ilə bağlı razılığa gəlinəcək.
ABŞ Ərdoğana qarşı çıxırmı?
– Ərdoğanın seçkiöncəsi “Nurçu”lara ünvanlanan çıxışı və Amerikaya bir sıra mesajlar səsləndirməsi Vaşinqtonla münasibətlərə də təsir edib. Ərdoğanın ABŞ-la gərgin münasibətlər fonunda avqustda keçiriləcək prezident seçkilərinə getməsi ona nə vəd edir?
– ABŞ hər bir məsələyə rəyini bildirir. Amma ABŞ-ın hər bir məsələyə münasibət bildirməsi, heç də elə qiymətləndirilməməlidir ki, Vaşinqton Ərdoğana qarşı çıxır. Bəlkə də Vaşinqton Ərdoğanın prezident seçilməsində hamıdan artıq maraqlıdır. Ərdoğan Türkiyəni inkişaf etmiş, toparlanmış dövlət edə bilib. Ərdoğanın prezident seçilmək şansları daha çoxdur. Çünki son bələdiyyə seçkiləri Ərdoğanın gücünü göstərdi.
– Ərdoğanın rəhbərlik etdiyi AKP bələdiyyə seçkilərində 44 faiz səs topladı. Amma bu göstərici prezident seçkiləri üçün kifayət deyil. Türkiyə kimi dövlətlərdə isə 5-7 faiz əlavə səs toplamaq olduqca çətin başa gəlir. Belə olan halda Ərdoğan prezident seçkilərində də bələdiyyədəki uğurunu təkrarlaya bilərmi?
– Bələdiyyə seçkiləri tam başqa atmosferdə keçən səsvermədir. Prezident seçkilərinin isə spesifikası tam başqadır. Ona görə biz prezident seçkilərində Ərdoğanın daha yüksək səs almasını müşahidə edə bilərik. Bələdiyyə seçkilərində müxtəlif partiyalar iştirak edirsə, prezident seçkilərində mübarizə siyasi liderlər arasında gedəcək. Xalqa işlə, sosial təminatlarla bağlı konkret vədlər verilməli və planlar izah edilməlidir. Ona görə mən Ərdoğana prezident seçkilərində rəqib görmürəm. Çünki Ərdoğan bütün bu göstəricilərə uyğun gəlir.
“İran yenə Azərbaycanı hədələyir”
– İranın dövlət başçısı Iran Culfasından Azərbaycan ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya dəmir yolu xəttinin çəkilməsini təklif edir. Bu təşəbbüsü necə dəyərləndirmək olar?
– Sülh müqaviləsi olmadan Azərbaycanla Ermənistan arasında heç bir saziş, iqtisadi əlaqə qurula bilməz. Nə olsun ki, Iran rəhbərliyi bunu istəyir. Əgər Iran rəhbərliyi bunu istəyirsə, o zaman Ermənistana embarqo qoysun və Yerevanı sülh imzalamağa məcbur etsin. Əslində Iran bu təşəbbüsü ilə də Azərbaycana növbəti təzyiqini edir. Bu cür təzyiqə, bu cür davranışa yol vermək olmaz. Bu məsələdə Azərbaycanla Iranın mövqeləri üst-üstə düşə bilməz.
– Lavrovla Məmmədyarovun Moskvada keçirilən son görüşünü necə dəyərləndirirsiniz? Görüş qapalı keçirilib və nəticələr barədə mətbuata məlumat verilməyib?
– Hesab edirəm ki, Lavrov Məmmədyarova təsir etmək üçün əlindən gələni edib. Amma Məmmədyarov da özbaşına deyil. Hər bir xarici işlər naziri ölkənin prezidentinin mövqeyini icra edir. Ona görə Qarabağ məsələsində ruslar bizə müxtəlif tələlər qura bilər. Amma biz buna lazımi reaksiya verməliyik.
– Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər kafidir. Buna da səbəb Rusiyanın yürütdüyü siyasətdir. Çünki Rusiyada imperiya ideyaları hökmrandır, SSRI bərpa edilməyə çalışılır. Artıq Rusiya prezidenti Putin Hitlerlə müqayisə edilir. Azərbaycana qarşı Rusiyadan ciddi təzyiqlər var. Belə olan şəraitdə Azərbaycan Rusiyaya ona qarşı tədbirlərin görülməməsi üçün bəhanə verməməyə çalışır. Rusiyada imperialist iqtidar dəyişməyənə qədər iki ölkə arasındakı gərginlik davam edəcək. Azərbaycan ona görə Qərblə, NATO ilə sürətlə əlaqələri gücləndirməlidir. Bunun hazırkı səbəbkarı Rusiyanın yürütdüyü siyasətdir.
– Artıq Rusiyada bütün siyasi təhlilçilər bəyan edir ki, MDB adlı qurum yoxdur. MDB görüntü xatirinə olan təşkilatdır. Artıq ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına üstünlük verilir. Rusiya nə MDB-ni, nə də digər oyuncaq təşkilatlarını Qərbə qarşı alternativ kimi qoya bilməz.
Short URL: http://www.cumhuriyyet.net/?p=15976