Gömrükdə inhisarçılar “əl dəyişir”
İlqar Əliyev yeni
yaradılan komitənin rəhbəri təyin olundu; gömrükdəki rüşvətin kim tərəfindən
yığılacağı böyük davaya səbəb olmaqdadır
Ölkəmizdə iqtisadiyyatın inkişafına ən ciddi zərbə vuran strukturlardan
birinin də məhz Dövlət Gömrük Komitəsi olması sübuta ehtiyacı olmayan
aksiomdur. Buradakı inhisarçılıq və korrupsiya orta təbəqənin tam şəkildə
sıradan çıxarılmasına, inhisarçılıq nəticəsində süni qiymət artımının
reallaşmasına yol açmaqdadır. Hər hansı bir iqtisadi əməliyyatın həyata
keçirilməsi zamanı iş adamlarından və fiziki şəxslərdən elə məbləğdə “şapka”
tələb olunur ki, sahibkar üçün həmin malı ölkəyə gətirmək sadəcə olaraq sərf
eləmir. Bu yolla da iqtisadi rəqabət mühitini aradan qaldıran “gömrük qoçuları”
faktiki olaraq istənilən malın və ya əmtənin qiymətini müəyyənləşdirən hegemon
gücə çevrilir.
Bu proses hazırda ölkəyə mal
idxalında özünü daha qabarıq şəkildə göstərir. Bununla bağlı “Yeni Cumhuriyyət”
qəzetinə daxil olan məlumata görə, neçə illərdir ki, Azərbaycana istər hava,
istər su, istərsə də quru nəqliyyatı ilə gətirilən malların gömrükdən
buraxılması üçün hər bir metr yer üçün 2 min manat “şapka” alınır. Mənbəmiz
iddia edir ki, konteynerdə hündürlük nəzərə alınmır, en və uzuna görə pul tələb
edilir: “Tutaq ki, sənin gətirdiyin mal (növündən asılı olmayaraq) konteynerdə
eninə və uzununa 2 metr yer tutubsa, 4 min manat rüşvət verməlisən. Yalnız
bundan sonra sənin malını gömrük yoxlamasına buraxırlar. Rəsmi rüsum bu 4 min
manata daxil deyil. Həmin rüşvəti verirsən ki, malını ölkəyə buraxsınlar. Bu
prosesə mərkəzləşmiş qaydada heç bir rəsmi vəzifəsi olmayan, sadəcə, bu sahəni
nəzarətdə saxlayan bir qrup həyata keçirir”
Mənbəmiz iddia edir ki, əgər
əvvəl gömrükdə rüşvət və qeyri rəsmi yığımlar yalnız həmin qrup tərəfindən
həyata keçirilirdisə son aylar artıq bu sahədə də ikitirəlik yaranıb. Bunu
Dövlət Gömrük Komitəsindəki (DGK) daxili ziddiyyətlərin üzə çıxan təzahürü
adlandıran informasiya qaynağımız qeyri-rəsmi rüsumların yığılmasına məsul olan
yeni qurumun yaradılmasını da məhz bu amillə iah edir: “Hər şeydən öncə bir
məqamı xüsusi vurğulamaq lazımdır ki, Gömrük Komitəsi heç də monolit və ya bir
qrup tərəfindən yönləndirilən struktur deyil. Burada həm ölkə rəhbərliyində yer
alan qruplaşmaların, həm də DGK səviyyəsindəki qruplaşmaların şəbəkələşmiş
strukturları fəaliyyət göstərir. Bir-birilə açıq ziddiyət şəraitində fəaliyyət
göstərən həmin qruplaşmalar arasındakı “nüfuz savaşı”nın daha bir nümunəsi isə
bu yaxınlarda yaradılmış Gömrüyə Nəzarət Komitəsidir. Əslində adıçəkilən
qurumun hansı əsaslarla yaradılması, onun fəaliyyətinin qanunauyğun
olub-olmaması da kifayət qədər mübahisəlidir. Amma bununla bağlı diqqət çəkən
ən mühüm amil odur ki, həmin komitəyə rəhbər təyin edilən İlqar Əliyev artıq bir
sıra səlahiyyətləri əlində cəmləşdirməklə Gömrük Komitəsində mühüm söz
sahiblərindən birinə çevrilib”.
İlqar Əliyevin bu gözlənilməz
yüksəlişinin isə özəl səbəbləri var. Redaksiyamıza daxil olan məlumata görə,
hazırda ölkəyə idxal olunan parket və bütün növ mebellər üzərində inhisarçılığı
həyata keçirən İlqar Əliyev “gömrük bossları”nı belə özüylə hesablaşdıracaq
gücə sahiblənib. Arxasında böyük və çox güclü media strukturlarının da
dayandığı İlqar Əliyev bu əlavə üstünlüklərindən maksimum yararlanır. Mənbəmiz
bildirir ki, bu şəxs artıq Gömrük Komitəsində digərlərinin də salahiyyətlərini
öz əlində cəmləşdirmək istiqamətində konkret fəaliyyətə keçib ki, bu da qarşı
tərəfdə açıq qıcıq yaratmaqdadır. Düzdür, onlar hələlik baş verənlərlə bağlı
açıq şəkildə İlqar Əliyevə qarşı çıxmaqdan çəkinirlər, amma bunun sona qədər
belə olacağına kimsə zəmanət verə bilməz. Hər halda əldə etdiyimiz
informasiyalara görə, məğlub olmaqda olan qruplaşma İlqar Əliyevə qarşı həm
mediada, həm də iqtisadi kulislərdə açıq mübarizəyə hazırlaşır. Bu isə Gömrük
Komitəsindəki növbəti münaqişə ocağının yaranması anlamına gələ bilər. Amma bu
mübarizədə hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq ölkə vətəndaşı üçün
heç nə dəyişməyəcək. Bu mübarizə sadəcə olaraq maksimum halda “inhisarçıların əl dəyişməsi”nə səbəb ola bilər ki, bu da böyük ölçüdə ümumi
mənzərənin dəyişməsi üçün yetərli sayıla bilməz.
Şahin Turan
Short URL: http://www.cumhuriyyet.net/?p=15977