Oliqarxların böyük ” torpaq razborkası”
Qərib Məmmədovla Kərəm Həsənov bir, Hacıbala
Abutalıbov və Rövnəq Abdullayev isə digər cəbhədə qərar tutub: Prezidentin göstərişin
isə yada salan yoxdur
Qanunsuz
fərdi evlərlə bağlı problemlərin bu günə qədər açıq qalması həm vətəndaşlara, həm
də dövlətə bir sıra ciddim çətinliklər yaradır. Sözügedən problemi aktual edən
amillərdən biri isə odur ki, qanunsuz evlərdə yaşayanların sayı kifayət qədər
çoxdur və bu demək olar ki, əksər fəaliyyət sahələrinin işində problemlər
yaradır. Bu gün milyonlarla vətəndaş qeydiyyatda başqa yerdə olsalar da faktiki
olaraq başqa yerdə yaşayırlar ki, bu həm seçkilərdə, həm də vətəndaşın iqtisadi
proseslərdə iştirakı məsələsində çətinliklər
yaradır.
Prezidentin göstərişi var
Mütəxəssislərin
hesablamalarına görə, həmin mənzillərin sənədləşdirilməməsi bankçılıq, kreditləşmə
və bir çox bu kimi fəaliyyət sektorlarda axsamalar yaradır. Bunu sadə şəkildə
belə izah edə bilərik. Tutaq ki, hələ sənədləşdirilməmiş və mövcud şərtlərə görə
qanundan kənar hesab olunan mənzildə yaşayan bir vətəndaş hətta digər
kriteriyalara cavab versə belə evinin sənədləri qaydasında olmadığına görə
irimiqyaslı bank əməliyyatları həyata keçirə bilmir. Bu isə təkcə vətəndaşın
yox, həm də kredit verməyə meylli olan iri bank təsisatlarının əsas probleminə
çevrilib. Təkcə bu maneəyə görə bankların əməliyyatları demək olar ki,
yarıbayarı aşağı düşür. Bu hələ sənədsiz evlərlə bağlı yaranmış problemlərin
cüzi bir hissəsidir, problem isə daha irimiqyaslı və aktualdır.
Elə
buna görə də son illər dövlətin bu problemi həll etmək yönündə cəsarətsiz şəkildə
olsa da hərəkətə keçdiyini müşahidə etmək olar. Hətta dövlət başçısı İlham
Əliyev bu mövzuya ilk dəfə açıq şəkildə Bakı Şəhər İcra Hakimiyyətindəki məşhur
müşavirədə müraciət etmiş və şifahi şəkildə göstəriş vermişdi ki, qanunsuz evlərin
sənədləşdirilməsi ilə bağlı tədbirlər planı işlənsin.
Hər 6 ailədən biri qanunsuz yaşayır?
Milli
Məclisdə yekun variantda qəbul edilmiş Şəhərsalma və Tikinti Məcəlləsinin bu
günə kimi tikilmiş və camaatın yaşadığı sənədsiz evlərə heç bir dəxli yoxdur. Sənədsiz
və ya natamam sənədli evlər bu qanunun qəbul edilməsindən əvvəl tikilib. Qəbul
olunan qanunun isə geriyə təsiri yoxdur. Bu evlərlə bağlı xüsusi qanunun qəbul
edilməsinə böyük ehtiyac var. Bakı və Abşeronda təxminən 100 minə yaxın bu cür
ev var. Onların 10 faizinin, ümumiyyətlə, heç bir sənədi yoxdur, qalan 90
mininin isə sənədləri müəyyən səviyyədə hazırlanıb və tam başa çatdırılmayıb. Məcəllə
onları əhatə etmir və bu evlər üçün ayrıca qanun layihəsinə ehtiyac var. Ölkə səviyyəsində
götürdükdə isə problem daha dərindir və Dövlət Reyestr Xidmətinin keçmiş rəhbəri
Arif Qaraşovun bir vaxt mətbuata verdiyi məlumata görə, ölkə üzrə sənədsiz evlərin
sayı təxminən 300 minə yaxındır. Bu, ölkə üzrə toplam sayı 1 milyon 900 minə
yaxın olan ev təsərrüfatlarının təxminən 16 faizi deməkdir. Yəni ölkə üzrə hər
6 ailədən birinin yaşadığı evin sənədləşməsi başa çatdırılmayıb. Statistikaya
görə, ölkə üzrə bir ev təsərrüfatında orta hesabla 5 nəfərə yaxın adam yaşayır
və bu hesabla 1,5 milyon Azərbaycan vətəndaşı yaşadığı evin sənədsiz olması
üzündən əziyyət çəkir. Evlərin sənədləşməməsi üzündən sakinlər ona qeydiyyata
düşə bilmir, bəzən hətta qaz, su, kanalizasiya, elektrik və telefon kimi xədmətlərin
əhatəsində kənarda qalırlar. On minlərlə manat xərc çəkib tikdiyi evi lazım gələndə
sata bilmir, kredit üçün ondan bank girovu kimi istifadə edə bilmir. Ən çətin vəziyyətdə
isə gənc ailələrdir – doğulan uşaqları hara qeydiyyata salacaqlarını bilmirlər
və bu da gələcəkdə məktəbə getmək, poliklinikada qeydiyyata düşmək kimi məsələlərdə
problemlər yaradır. Ev sahiblərinə ən pis təsir edən isə stressdir – onlar nə
vaxtsa icra hakimiyyəti təmsilçilərinin evlərin yerini satacağı və yerin yeni
sahiblərinin onların evini sökəcəyi qorxusudur.
Məmur səhlənkarlığı
Qeyd
edək ki, bu evlərin əksəriyyəti rayon icra hakimiyyətlərinin (İH) sərəncamları əsasında
tikilib. Bəzən İH başçısı dəyişdikdə yeni başçı köhnənin sərəncamının
tanımadığını bəyan edir və sənədləşmənin növbəti mərhələsinin gerçəkləşdirilməsində
– tikinti layihəsinin təsdiqində və ya tikilmiş evin dövlət qəbulunda maneələr
yaradırdı. Bəzən bu cür maneələr rayon İH tərəfindən deyil, daha da yuxarıdan gəlirdi.
Məsələn, Bakı şəhər İH rəsmi sərəncamla tabeçiliyində olan rayonlara onun icazəsi
olmadan fərdi yaşayış evlərinin tikinti layihələrini təsdiq etməməyi əmr
etmişdi. Bu da həmin rayonlarda tikinti icazələrini almağı demək olar ki,
mümkünsüz etmişdi. Təbii ki, belə çətinlikləri dəf etmək üçün “dəllallar” peyda
olurdu və onların maneələri aşmaq xidməti elə də ucuz başa gəlmirdi.
Məsələn,
Bakının sözügedən “mərkəzləşmiş” rayonlarında icazə sənədini dəllallar 20 min
manata düzəldirdilər ki, vətəndaş çox vaxt bu cür xərclərin altına girmək
imkanında olmurdu. Qat-qat ucuz yolla aşağıların “xeyir-dua”sını alaraq evlərini
tikirdilər. Ev tikmək üçün tələb edilən sənədlərin çoxluğu da onları bu cür
davranmağa məcbur edirdi.
Milli
Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsinin yekun variantı qəbul edildikdən
sonra isə bu proseslər müəyyən qədər məhdudlaşıb. Çünki yeni məcəllədə icazədən
tam azad olan obyektlərin siyahısı genişləndirilib. Məsələn, sahəsi 50 kvadrat
metr və hündürlüyü 5 metrə qədər olan bir mərtəbəli yardımçı tikililərin, 100-ə
qədər insanı tuta bilən müvəqqəti yaşayış yerlərinin, dərinliyi 5 metrə və
tutumu 60 kub metrə qədər olan quyuların, 10 kubmetrə qədər su tutan çən qüllələrinin,
fərdi evlərin sahələrində sahəsi 100 kvadrat metrə qədər olan əlavə binaların
tikintisinə icazə lazım deyil. Həmçinin sahəsi 100 kvadrat metr olan kənd təsərrüfatı
obyektlərini, hündürlüyü 2,2 metrə qədər olan hasarları, hündürlüyü 8 metrə qədər
olan elektrik dirəklərini və antennaları, kiçik memarlıq tikililərini – köşkləri,
çardaqları və çiçəklikləri, sahəsi 300 kvadrat metrə qədər olan istixanaları da
icazəsiz tikmək olar.
Yeni komissiya yaradılıb
Məcəllədəki
bu dəyişklikdən xəbərdar olan ev sahibləri sənədin prezident tərəfindən təsdiq
edilməsindən sonra birbaşa Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz
Əmlakın Dövlət reyestri Xidmətinə müraciət etməklə evlərinə kupçi alacaqlarına
ümid edirlər. Hər halda, onlarla idarəyə ayaq basmaqdan və sənəd toplamaqdansa,
bir idarə ilə iş görmək olar. Bu sahə ilə əlaqəsi olanlar bilir ki, Azərbaycanda
fərdi tikintiyə icazə almaq və onun sənədləşməsini aparmaq hətta süni maneələr
olmadan çox məşəqqətli bir işdir. Bəzən bu, il yarım – iki il çəkə bilir. İki
il bundan qabaq Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən aparılmış təqdiqata
görə, Azərbaycanda tikinti fəaliyyətinə icazə üzrə tam sənəd zərfinin alınması
üçün təxminən 31 prosedur yerinə yetirilir və buna orta hesabla 207 gün sərf
olunur.
Lakin
evinə mülkiyyət almaq üçün Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə müraciət
etmək istəyən vətəndaş oraya icarə hakimiyyətindən evin dövlət qəbulu barədə sənəd
təqdim etməlidir. İH isə həmin sənədi layihə təqdim edilməmiş evlərə verməyəcək.
Qanunun geriyə tətbiqi yoxdur. Yeni məcəllənin normalarını çoxdan tikilmiş sənədsiz
evlərə şamil etmək mümkün olmayacaq.
Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Cahangir
Qocayevin sözlərinə görə, bu məsələdə yaranmış qanunvericilik boşluğu aradan
qaldırılmalıdır: “Fərdi tikilmiş evlərə sənəd verilməsi üçün ayrıca qanun layihəsi
işlənəcək. Yəqin ki, bu məsələyə parlamentin payız sessiyasında icazə veriləcək
və əmlakın reyestrə salınması qaydalarına müəyyən əlavələr ediləcək. Sənədsiz
ev qanunsuz ev demək deyil, Azərbaycanı gəzsən, milyona yaxın sənədsiz evə rast
gələrsən, 40-cı, 50-ci illərdə tikilib. “Qanunsuz ev” ifadəsini mən qəbul etmirəm.
Konstitusiyaya görə, Azərbaycanda dövlət vətəndaşların mənzil tikintisi
hüququnu təmin etməlidir. Verilən bu qərarların hamısı da həmin hüququn gerçəkləşməsi
naminədir”,- deyə yüksək çinli məmur vurğulayır.
Düzdür,
ötən müddət ərzində bu istiqamətdə hər hansı əməli addımlar atılmadı. Amma
prezidentin bu günlərdə sənədsiz evlərin qeydiyyat məsələsinin həllini
asanlaşdıran daha bir addım atması prosesin dönməz xarakter almasından xəbər
verir. Belə ki, prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli
elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların
mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat
subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri
və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya
yaradılması haqqında sərəncam imzalayıb. Problemləri yoluna qoymaq məqsədilə
müvafiq dövlət komissiyası artıq yaradılıb və PA rəhbəri Ramiz Mehdiyev sözügedən
komissiyanın rəhbəridir.
Oyuna böyük oliqarxlar girir
Adıçəkilən
komissiyaya bir çox məmurların adlarının daxil edilməsi isə qarşılıqlı mübahisələrin
yerindəcə həll olunması məqsədinə xidmət edir. Əldə etdiyimiz məlumatlarda isə
bildirilir ki, komissiyaya daxil edilmiş bəzi məmurlar arasında problemin həllinə
dair ciddi fikir ayrılıqları mövcuddur. Konfliktin isə daha çox ARDNŞ
prezidenti Rövnəq Abdullayev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib
Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Dövlət
Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənov arasında yaşandığı bildirilir. Bununla
bağlı “Gündəm-xəbər”i məlumatlandıran mənbənin sözlərinə görə Kərəm Həsənov və
Qərib Məmmədov qanunsuz evlərin birmənalı olaraq sənədləşdirilməsində israr
edir ki, burada da onun xüsusi maraqları var. Məlumdur ki, bu baş verəcəksə
prosedur qaydaların yerinə yetirilməsi məhz Kərəm Həsənovla Qərib Məmmədovun rəhbərlik
etdiyi quruma həvalə olunacaq ki, onun da bu prosesdən kifayət qədər böyük
kapital əldə edəcəyi şəksizdir.
ARDNŞ
prezidenti Rövnəq Abdullayev isə əksinə qanunsuz evlərin ucdantutma sənədləşməsinə
qarşı çıxır ki, burada da onun özəl maraqları var. Heç kimə sirr deyil ki, minlərlə
belə fərdi yaşayış tikililəri məhz ARDNŞ-in ərazisində inşa olunub və onlara sənədlərin
paylanması ARDNŞ-in həmin əraziləri itirməsi anlamına gəlir. Rövnəq Abdullayev
isə bununla əsla razı deyil və bu səbəbdən də sənədləşdirməyə başlamazdan öncə
hansı mənzillərə sənədin verilib-verilməyəcəyini araşdırmaq üçün monitorinqlərin
aparılmasını vacib sayır.
Odur
ki, R.Abdullayev elə indidən bəyan edib ki, prezidentin sərəncamına uyğun
olaraq neft ərazilərindəki qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır.
Onun sözlərinə görə, təkliflər hazırlanarkən təkcə indi istismarda olan
qurudakı neft yataqları yox, həm də perspektiv yataqların mövcudluğu nəzərə
alınacaq. R.Abdullayev qeyd edib ki, prezidentin sərəncamı qanunsuz tikililərlə
bağlı indiyə qədər aparılan məhkəmə işlərinin dayandırılmasına da səbəb
olmayacaq: “Çünki indiyə qədərki bütün iddialar bu qanunsuz tikililərin hasilat
zonasında yerləşməsi ilə bağlı olub. Hasilat zonasında yerləşməyən tikililərlə
bağlı isə iddia qaldırılmayıb”. Paytaxt meri isə əlindən gəlirli bir sahənin
çıxarılmaması üçün prosesə qarşı gedir.
Göründüyü
kimi ortada prezident sərəncamı və şəxsi göstərişi olmasına rəğmən oliqarxlar
prosesin öz maraqlarına uyğunlaşdıoılması üçün çalışır.
Şahin Turan
Short URL: http://www.cumhuriyyet.net/?p=15991