“Azəriqaz”ın “qazlama” əməliyyatı
Son zamanlar Azərbaycanın bir çox bölgələrindən qaz təchizatı ilə redaksiyamıza daxil olan şikayətlər intensivləşib. Şikayətçilərin sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bir çox vətəndaşa qanunsuz olaraq qaz borcu yazılıb.
Şikayətçilər bildirir ki, qaz sayğacları dəyişdirilən zaman onlara verilməsi gərəkən sənədlər verilməyib, borc protokolları bağlanmayıb. Yeni sayğaclar taxıldıqdan sonra onlara borc qəbzləri gəlməyə başlayıb. Şikayət etdikləri zaman isə bu borcların səhv olduğu və qısa zamanda o borcların silinəcəyi deyilir. Amma borclar silinmir…
Hüquq müdafiəçisi Taleh Xasməmmədovun bu məsələ ilə bağlı musavat.com-a verdiyi açıqlamaya görə, bu problemlərin həll edilməsi üçün ilk olaraq əraziyə baxan idarələrə müraciət edilməlidir: “Əgər yenə də problem öz həllini tapmasa mütləq məhkəməyə müraciət edərək iddia qaldırılmalıdır. Təəssüflər olsun ki, bir çox vətəndaş sadəcə ilkin prosesə əməl edir. Yəni qaz idarəsinə müraciət edir, amma məhkəməyə yox. Bu da “Azəriqaz”ın tamamilə işinə yarayır. Vətəndaşların şikayət etməməsinin bir neçə səbəbi var. Bunlardan biri, vətəndaşa qanunsuz olaraq yazılan borc miqdarının az olmasıdır. Zərərçəkən istifadəçi məbləğin az olmasına görə, özünü yormaq istəmir və bu borcu ödəyir. Digər səbəb isə məlumatsızlıqdır. Onlar haqlarını necə tələb edəcəklərini bilmirlər. Qanunsuz qaz borclarının yazılmasının əsas səbəbi böyük miqdarda pul yeyintilərinə şərait yaratmaqdır. Onlar bu yolla külli miqdarda pullar mənimsəyirlər. Mən bir daha vətəndaşlara müraciət edirəm ki, əgər onlara qanunsuz olaraq qaz borcları yazılıbsa müatləq məhkəməyə müraciət etsinlər. Çünki təcrübələr göstərir ki, məhkəməyə müraciət edənlər haqlı olduqları üçün qalib gəlirlər”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı: “Borcların yazılmasının səbəbi bəzən məlumatsızlıqdan irəli gəlir. Adətən abonentin borcu İtron sayğacına keçirildikdə, abonentlə qaz idarəsi arasında razılaşma protokolu imzalanır. Bununla da abonent öz borcunu təsdiq edir və gələcəkdə ödəniş etdikdə 30% köhnə borca görə tutulur. Bu halda abonent şikayət edə bilməz. Amma bir çox hallarda bu borc protokolu imzalanmır və ya istifadəçinin bu protokoldan ümimiyyətlə xəbəri olmur. Buna görə də sürpriz borclar yazılmağa başlayır. Onların borcu istifadəçiləri məlumatlandırmaqdır. Maarifləndirmə işləri aparmaqdır ki, istifadəçilər öz hüquqlarını bilsinlər. Bir çox hallarda şikayət etmək üçün idarələrə gedirlər amma şikayətlərini şifahi edirlər. Onlar da yalançı vədlərlə şikayətçini yola salırlar. Hətta bəzən elə olur ki, vətəndaşlardan rüşvət alırlar. Onlara deyirlər ki, sizin qaz borcunuzu siləcəyik. Qanunsuzluq içində daha bir qanunsuz əməl edilir. Ümumiyyətlə, vətəndaşlar şikayət etmək istəmirlər, şikayət mexanizimlərini bilmirlər, məhkəmələrə üz tutmurlar. Əsasən bunu formalaşdırmaq lazımdır ki, haqqı taptalananlar öz haqlarını qoruya bilsinlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16001