İlham Əliyevin “vurulan” ortaqları

09.04.2014 - 10:32

Ölkəni birgə talasalar da, dövlət başçısı nazirlərini özünə qurban vermək yolunu tutur

Ölkəni birgə talasalar da, dövlət başçısı nazirlərini özünə qurban vermək yolunu tutur
İlham Əliyev üçüncü dəfə prezident kürsüsünü zəbt edəndən sonra, özünə qarşı kimi yığılmış ictimai qəzəbi bir neçə məmuru vəzifədən götürməklə yumşaltmaq istədi. Müdafiə  naziri Səfər Əbiyevi Daxili Qoşunların komandanı Zakir Həsənovla, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovla, Təhsil naziri Misir Mərdanovu “Içəri Şəhər” Dövlət Qoruq Idarəsinin rəisi Mikayıl Cabbarovla əvəzlədi.
Bu məmurların köhnə vəzifələrini ona görə xatırladıram ki,  kimin kimi əvəzlədiyi aydın olsun. Bu detallara sonra ayrıca yer ayıracağıq. Amma maraqlı məqam odur ki, inkişaf və tərəqqi kimi sırınan son proseslər bizim üçün heç də  “qaranlıqdakı qara pişik” haqqında təsvir deyil. Bizə hər şey məlumdur. Çünki biz də bu ölkədə yaşayırıq, amma Ilham Əliyevdən fərqli olaraq, biz o nazirlərin və məmurların müdiri deyilik. Ilham Əliyev isə Azərbaycanı öz gəlir kontoruna çevirib və ona rəhbərlik edir. Işlətdiyi adamları da dəyişməklə insanların gözünə kül üfürür, düşünür ki,  yaratdığı yalançı tozanaqla nəyəsə nail ola bilər. Amma bu  mümkündürmü? Təbii ki, yox.
Ordu öz qanını axıdır
Səfər Əbiyevin vəzifədən getməsinin səbəbləri sırasında  daha çox əsgər ölümlərinin artması və bu fonda hakimiyyətə xalqın qəzəbinin böyüməsi göstərilir. “Əsgər ölümlərinə yox!” etirazları ölkədə ciddi siyasi çaxnaşma yaratdı və nazir öz postunu itirdi. Amma vəziyyət dəyişdimi? Əlbəttə,  dəyişdi. Fəqət, yaxşılığa doğru deyil, pisləşməyə tərəf. Indi Silahlı Qüvvələrdə ölüm halları Səfər Əbiyevi hörmətlə anmağa imkan verəcək qədər artıb. Üstəlik, Silahlı Qüvvələrdə başlayan ciddi “qisas yoxlamaları” şəxsi heyətlə maraqlanmaq üçün zabitlərdə imkan və vaxt qoymur. Indiki nazir xoşu gəlməyən adamlara “köhnə nazirin adamları” deyib, məhv edir.
Zakir Həsənov Səfər Əbiyevdən fərqli olaraq, bir adamdan komanda almır və buna görə də ordu bir neçə iri fiqurun döyüş meydanına çevrilib. Yaranmış intizamsızlıq insan ölümləri ilə nəticələnir. Artıq intihar halları əsgərlərdən zabitlərə keçib. Adi insanların özünü öldürməsi başadüşüləndir. Amma əli silahlı döyüşçü özünə qəsd edirsə, deməli, onun şərəfi ilə oynayıblar. Bu tale öncə əsgərlərimizin idi. Amma Zakir Həsənovun sayəsində intiharların rütbəsi artıb. Azərbaycan zabitləri də yaşamaq istəmirlər. Həmişə polis planları qurmuş Zakir Həsənov qarşı tərəf kimi, fəal azərbaycanlıları düşünüb. Indi biri ona izah etməlidir ki, Daxili Qoşunların komandanından fərqli  olaraq, müdafiə naziri xalqa yox, onun düşmənlərinə qarşı planlar qurmalıdır. Bir sözlə, qardaş sərhədin içi ilə çölündə görüləcək işi səhv salıb.
Protez ədalət
Səlim Müslümov təxminən yarım ildir ki, nazirdir. Amma o sadəcə, reket qəzetlər kimi, anons verməklə məşğul oldu.  “Qanunu pozanları tutacağıq” dedi, amma tutmadı. Sizcə niyə? Əgər ondan əvvəl işləyən nazir yaxşı işləyirdisə, onu niyə dəyişdilər? Yox, doğrudan da birdəfəlik sosial yardımların yarısını xalqdan qamarlayıb alırdılarsa, onda hanı bu ölkənin həbsxanalarındakı nazir müavinləri, rayon sosial müdafiə şöbələrinin rəisləri? O adamlara toxunulmayıbsa, deməli, yeni nazir sadəcə, gəldiyi postun haqqını çıxartmaq  üçün bu qədər sərt olub. Bəli, biz bunu hər gün özünü yandıran, yandırmaq istəyən Qarabağ veteranlarının, əlillərinin həyatından görürük. Səlim Müslümov altı ay ərzində ona nail oldu ki, Qarabağ döyüşçüləri nalə çəkib düzlərə düşdülər. Ayağı dizindən aşağı olmayan əlilləri ildə bir dəfə yoxlayıb əlillik dərəcəsi verən idarə qalırsa, deməli, hələ heç nə dəyişməyib. Dəyişibsə, hörmətli oxucu gəlib etiraz eləsin, biz də bilək. Bəlkə müavinətlər, təqaüdlər artıb? Ola bilər ki, Səlim Müslümov kimlərəsə gizli kömək edir, bizim xəbərimiz yoxdur. Məsələn, “Azadlıq” qəzetinə, “Azərbaycan saatı” proqramına şikayət edənlərin  böyük əksəriyyəti bu nazirliyin yaratdığı səfalət burulğanından danışırlar. Səlim Müslümov da Füzuli Ələkbərov kimi, işləməyənə sosial yardım vermir. Işləyənə yardım verirlər, işləməyən isə ölümə tərk edilir. Nazirliyimiz darvinist siyasət həyata keçirir. Onların əsas arqumenti budur – Iş tapa bilməyən niyə yaşamalıdır ki?! Məsələn,  Goranboy rayon sakini Ətraf Əliyev doğulub, böyüyüb, ermənilərlə döyüşüb, evlənib, uşağı da var. Nazirliyimiz düşünür ki, o, indi ölsə yaxşıdır. Hər şey edib, hətta qəhrəmanlıq da…
Süpürgəpulu naziri
Azərbaycanda təhsil heç vaxt belə vəziyyətə düşməmişdi. Məsələn, əvvəlki nazir Misir Mərdanov təhsildəki bərbad vəziyyəti şərh edərkən belə demişdi: “Özünə hörmət edən adam 200 manata müəllim işləməz”.
Mikayıl Cabbarov isə sadəcə, piar işlərilə məşğuldur. Hələ nazirliyin əməkdaşları ona izah etmək istəyirlər ki, tədbirlərdə fotoqraf zala ondan qabaq girməlidir ki, şəkli öndən çəkə bilsin. Deyəcəksiz ki, bunun nə dəxli var? Bəli, var. Aidiyyəti odur ki, Mikayıl Cabbarov Təhsil Nazirliyində də özünü qoruq müdiri kimi aparır – heç kimi özündən qabağa buraxmır. Və o, Azərbaycanda elmin inkişafına dırnaqarası  töhfə vermək üçün təyin olunub. Amma süpürgəpulu hələ də durur. 8 mart, müəllimlərin ad günü kimi “qara bayramlar” şagirdlər tərəfindən daha dərin hüznlə qeyd edilməkdədir.  Azərbaycanda müəllimlik yenə də əlacsızlıqdan seçilən peşədir.
Kimdir günahkar?
Əzizlərim, vətəndaşlar, qardaşlar, nə qədər ki, Ilham Əliyev  Azərbaycan adlı ölkəni müxtəlif seksiyalara bölünmüş dükan kimi idarə edir, vəzifədəki məmurun kim olmasının heç bir fərqi yoxdur. Ilham Əliyev sadəcə, vaxtaşırı kimisə günahkar çıxarıb vəzifədən atır ki, özünü təmiz adam kimi göstərsin.  Amma bu oyun baş tutmaz, o adamlar ayrılıqda günahkar ola bilməzlər, olsalar da, günaha şərik olarlar. (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16003

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930