İlham Əliyev Ərdoğanın istədiyi “kəllələri” verəcəkmi

09.04.2014 - 10:43

İlham Əliyev Ərdoğanın istədiyi “kəllələri” verəcəkmi

 İlham Əliyev Ərdoğanın istədiyi “kəllələri” verəcəkmi
Ərəstun Oruclu: “Azərbaycan hakimiyyəti hökumətdə kimin kim olduğunu Ərdoğandan qat-qat yaxşı bilir”; Elxan Şahinoğlu: “Azərbaycan dövləti içində Ərdoğana qiyabi müttəfiq olan qruplar var…” 
Son günlərin əsas mövzularından biri də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və F.Gülən camaatı ilə bağlıdır. Mətbuatın yazdığına görə, Bakıya səfəri zamanı Türkiyənin hökumət başçısı özü ilə Azərbaycanda “camaat”a bağlı şəxslərin siyahısını da gətirib. İddialara görə, Ərdoğan Bakıda İ.Əliyevlə “camaat” mövzusunu müzakirə edib və Azərbaycanda “camaat”a bağlı şəxslər və fəaliyyətlərlə bağlı dosye təqdim edib.
Diqqət çəkən məqamlardan biri də ondan ibarət idi ki, hər iki tərəf əsas müzakirə mövzusunun məhz “camaat” və onun fəaliyyətləri olması faktını gizlətmədi. Məsələn, İ.Əliyev və Ərdoğanın birgə mətbuat konfransı zamanı hər ölkədən yalnız bir jurnalistə sual vermək imkanı yaradıldı və hər iki jurnalist (həm Azərbaycan, həm də Türkiyə) liderlərə F.Gülən camaatı haqda sual verdilər. 
“Yeni Müsavat”ın Ərdoğanın səfəri ilə bağlı əldə etdiyi məlumatda qeyd olunur ki, Bakıya gətirilən dosyedə “Fətullah Gülənin Bakıdakı adamları”nın siyahısı ilə yanaşı daha təfərrüatlı bilgilər olub. Belə ki, Türkiyə kəşfiyyatı son illər ərzində Azərbaycana, onun iqtidarına aid maraqlı ola biləcək hər şeyi “arxivindən” üzə çıxarıb. Bildirilir ki, Ərdoğan hökuməti “nəhəng informasiya arxivinin” qarşılığında Azərbaycanda fəaliyyət göstərən bütün Gülən məktəblərinin və nurçulara bağlı şəbəkənin birdəfəlik çökdürülməsini istəyib. 
Mövzunu “Yeni Müsavat”a şərh edən politoloq Ərəstun Oruclunun fikrincə, nurçuluq mövzusu həm Türkiyədə, həm də Azərbaycanda bilərəkdən şişirdilir.
 Politoloqun qənaətinə görə, hökumətlər bu mövzunu qəsdən gündəmdə saxlamağa çalışırlar: “Mənə elə gəlir ki, bu, daha çox mətbuatda yayılan ehtimallardır, Ərdoğanın səfərinin başlıca məqsədi o deyildi. Mənim fikrimcə, nurçuluq mövzusu Türkiyənin özündə də həddindən artıq şişirdildi. Bundan bir piar məqsədilə istifadə olundu. Məqsəd ondan ibarət idi ki, Qərb dövlətlərinin adını çəkmədən, nurçular vasitəsilə onların Türkiyənin daxilinə müdaxiləsinin qabağı alınsın. Çünki hesablanmışdı ki, Türkiyə cəmiyyətində Qərbin təsirini birmənalı şəkildə zəiflətmək planı var. Ona görə də məhz Fətullah Gülənin Amerikada yaşaması, onun Amerika ilə bağlılığından piar məqsədilə istifadə olunsun”.
Ərəstun Oruclu deyir ki, Azərbaycan hakimiyyəti E.Aslanovu Türkiyə hökumətinin tələbi ilə nurçu olduğu üçün işdən çıxarmayıb: “Hesab edirəm ki, Elnur Aslanovun işdən çıxarılması birbaşa hakimiyyətdaxili məsələ idi. Bu, daha çox kampaniyaya bənzəyirdi. Bir daha deyim ki, mən güman eləmirəm ki, E.Aslanovun çıxarılması hansısa təsir olacaq. Azərbaycan hakimiyyəti üçün bu faktor təhlükəli sayıla bilməz. Birincisi ona görə ki, Azərbaycan hakimiyyəti mərkəzləşmiş və tam avtoritarlaşmış bir hakimiyyətdir. İkinci tərəfdən, Azərbaycan hakimiyyəti hökumətdə kimin kim olduğunu Ərdoğandan qat-qat yaxşı bilir. Bir daha deyirəm ki, Ərdoğanın Azərbaycana səfərinin tam başqa məqsədləri vardı. Mümkündür ki, müzakirə olunub, ancaq əsas mövzu kimi deyil”.  
Ola bilsin ki, onun təmsil olunduğu komanda E.Aslanovun reabilitasiya keçməsinə qərar verib. Ona görə ki, o öz mövqelərini qorumaq iqtidarında olmayacaqsa, bu, komandaya da zərərli olacaq. Mümkündür ki, bu məqsədlə ona bu şəkildə vəzifə verildi”.
Analitik Elxan Şahinoğlu isə deyir ki, Türkiyə hökumətinin Bakıdan “camaat”a qarşı tədbirlər tələb etməsi realdır: “Ərdoğan partiyasının qrup toplantısındakı çıxışının böyük hissəsini yenə Gülən hərəkatına və bu hərəkatın formalaşdırdığı paralel dövlətə həsr etdi. Baş nazirin çıxışında “bu mövzunu Bakıya səfərim sırasında da müzakirə etdim” sözlərindən iki nəticə çıxır. Birinci nəticə odur ki, Ərdoğan həqiqətən Bakıya siyahıyla gəlib. İkinci nəticə isə odur ki, Ərdoğan İlham Əliyevdən bu istiqamətdə addım gözləyir. Gülən hərəkatı Türkiyədə olduğu kimi Azərbaycanda da 3 istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət biznesdir. Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti restoranlar şəbəkəsini, tikinti və tikinti məhsulları sektorunu əhatə edir. İkinci istiqamət təhsildir. Bura 20-yə yaxın məktəb, “Araz” kursları və Qafqaz Universiteti daxildir. Üçüncü istiqamət isə mediadır. Bura isə qəzet, televiziya və radio daxildir”. 
E.Şahinoğlunun fikrincə, İlham Əliyev yaxın müddətdə Gülən hərəkatına bağlı iş adamları ilə bağlı hansısa addımlar ata bilər: “Çünki Ərdoğanın sözlərinə görə, Gülən hərəkatına bağlı iş adamlarının yığdıqları pullardan gizli məqsədlər üçün istifadə edilir. Demək, ümumi kassaya Azərbaycandan da pay göndərilir. Təsadüfi deyil ki, Gülənə bağlı Azərbaycandakı iş adamlarının dövriyyəsində yüz milyonlarla dolların olduğu vurğulanır. Mümkündür ki, bu müəssisələrdə vergi yoxlamaları başlansın. 
Gülən mediası ilə bağlı da hansısa addımlar atıla bilər. Doğrudur, bu media Azərbaycan hakimiyyətinə tamamilə loyaldır, bəzən isə əksinə, hakimiyyətin siyasətinin təbliğatında mühüm rol oynayır. Ancaq həmin media strukturlarında əvvəlki tək Gülən hərəkatına bağlı simalar yer alıblar. Demək, onların idarəetmədən uzaqlaşdırılması məsələsi qaldırıla bilər. Ən mürəkkəb sahə təhsildir. Ərdoğan məlum siyahını hazırlamadan öncə Azərbaycan hakimiyyəti öz düşüncəsində preventiv addım atdı, Gülən hərəkatına bağlı təhsil ocaqlarını Dövlət Neft Şirkətinin himayəsinə verdi. Ancaq hadisələrin gedişatı göstərir ki, bu addım nəinki Ərdoğanı rahatladı, əksinə, onu daha da qəzəbləndirdi. Çünki Dövlət Neft Şirkətinin özündə də Gülən Hərəkatına bağlı qrupun olduğu barədə xəbərlər və sənədlər yayılır. Odur ki, İlham Əliyev Gülən hərəkatına bağlı təhsil və tədris ocaqları ilə bağlı da fərqli addım atmalıdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti içində Ərdoğana qiyabi müttəfiq olan qrup da var və məxfi sənədləri, şəkilləri saytlara bir çox hallarda onlar ötürürlər. 
Mən Gülən hərəkatının Azərbaycanda şəbəkələşməsinin, dövlətin içinə sızmasının və dövlətin pullarından öz məqsədləri üçün istifadəsinin əleyhinə və bununla mübarizə aparılmasının tərəfdarı olsam da, nurçu damğasıyla ucdantutma bütün məktəblərin qapadılmasının da əleyhinəyəm. Məncə, Ərdoğan Türkiyə və xaricdəki məktəblərin Gülən şəbəkəsinin nəzarətindən alınıb hansısa formada təhsilə davam etdirilməsi formulunu tapmalıdır. Ancaq bu, SOCAR kimi müəammalı sövdələşmə olmamalıdır. Bu məktəblər, Sabançı, Koç, Doğramacı kimi nəhəng maliyyə kapitalına malik iş adamlarının himayəsinə verilə bilər. Onların belə bir təcrübəsi var. Bir də ki, elə etmək lazımdır ki, bu məktəblərdə kasıb və orta təbəqənin övladları da təhsil ala bilsinlər. Yoxsa Gülən hərəkatı illik 7-8 min manat qiymət qoymuşdu, yalnız nazir və oliqarx balaları oxuya bilirdi. Bunun da məqsədi aydın idi. Bununla varlı burjuaziya övladları vasitəsilə nəzarətə götürülməli idi”.  (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16004

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930