NATO: “Qarabağın azad olunma şansı yaranıb”
10.04.2014 - 11:25
NATO: “Qarabağın azad olunma şansı yaranıb”

“Rusiyanın işğalçı siyasətinə Azərbaycanın da məruz qalacağı qaçılmazdır”.
Bu sözləri “Axar.az”a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov deyib. O, bir müddət əvvəl səsləndirdiyi narahatlığın getdikcə daha da artdığını və Azərbaycanın Rusiyanın işğalçılıq siyasətinin qurbanı ola bilmə riskinin ötən müddət ərzində artdığını nəzərə çatdırıb:
“Lakin burada əsas və önəmli olan bir nüans var. Azərbaycan beynəlxalq birliyin maraq dairəsində olan ölkədir. Ölkəmizə qoyulan milyardlarla dollar həcmində investisiyalar var, Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır və Krım hadisəsindən sonra bu rolun mahiyyəti daha da artıb. Ölkəmiz həmçinin Cənubi Qafqazda strateji mövqeyi baxımından da mühüm ərazidə yerləşir. Rusiya bu əraziyə işğalçı niyyətini reallaşdırmaq istədiyi halda beynəlxalq birliyin güclü müqaviməti ilə üzləşəcəyini yaxşı bilir. Lakin Rusiyanın heç bir qaydaya əməl etmədən siyasət yürütməsi bu məsələdə də hansı addım atacağını proqnozlaşdırmağa çətinlik yaradır”.
Ekspert Azərbaycanın NATO-ya inteqrasiya etməsi üçün siyasi iradə gərəkdiyini bildirib:
“Azərbaycan hökuməti bu situasiyanı düzgün qiymətləndirə bilsə, NATO və Avropaya inteqrasiya edə bilər. Hətta Qarabağı azad belə edər. Bu həm də Azərbaycan üçün tarixi bir andır. Situasiyanı düzgün qiymətləndirib həlledici addım atmaq lazımdır!”
Fərrux Məmmədov NATO-nun Azərbaycana qarşı daima səmimi siyasət yürütdüyünü qeyd edib:
“NATO Azərbaycana əməkdaşlıqla bağlı ilkin təklifi məhz 1993-cü ildə Sülh Naminə Əməkdaşlıq proqramı çərçivəsində edib. Bilirsiniz, bəzən təklif etməsən belə, atdığın addımlar bunu göstərir. NATO Azərbaycanla bağlı ciddiliyini 2004-cü ildə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində də nümayiş etdirdi. Bizim münasibətlərimiz 20 ildir davam edir. NATO Azərbaycanla bağlı daima səmimi siyasət yürüdüb və yürüdəcək. Bu, tərəfdaşlar üçün çox önəmli addımdır. Lakin bir şeyi bilməliyik ki, NATO-nun edə biləcəyi və ya ata biləcəyi addımlar da məhduddur. Azərbaycanın da həmin atılan addımlara qarşılıqlı və səmimi cavab verməsi gərəkir. Bunlar əgər eyni müstəvidə olarsa, onda əməkdaşlıq ən yüksək səviyyədə baş tutar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16015