Virus yükü nədir və COVİD xəstələrinə necə təsir edir?

25.01.2021 - 15:14

Virus yükü insanların koronavirusa yoluxmasına, eyni zamanda artıq COVİD-ə yoluxmuş xəstələrin vəziyyətinə nə dərəcədə təsir edir? Novator.az saytı bu mövzuda “Euronews” kanalının yaydığı materialı ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.

Koronavirus pandemiyası başlanandan çox işlədilən ifadələrdən biri də virus yüküdür. Virus yükü ifadəsindən virusun miqdarını bildirmək üçün istifadə olunur.

Virus yükü xəstənin vəziyyətini daha da ağırlaşdırırmı? Yoluxan adamda virusun miqdarı onun başqalarını yoluxdurmasında nə dərəcədə rol oynayır?

Virus yükünün yoluxdurucu funksiyası

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirusa yoluxmuş insan öskürəndə, asqıranda, danışanda, yaxud tez-tez nəfəs alanda ağzından, burnundan çıxan maye hissəcikləri ətrafa yayılır və bu vaxt o, yaxın ünsiyyətdə olduğu adamı ağzından çıxan tüpürcək damlaları ilə yoluxdurur.

London Kral Kollecinin yoluxucu xəstəliklər bölməsinin müdiri, professor Stüart Neil “Euronews” kanalına açıqlamasında deyir: “Burada rəqəmlər mühüm rol oynayır. Nəfəs aldığımız zaman havaya yüz min virus hissəciyinin yayılması o qədər də qorxulu deyil, amma onların sayı 1 milyona çatarsa, o zaman başqasını yoluxdurmaq ehtimalımız təxminən on qat artıqdır. Virusa bulaşmış hüceyrələrin sayı nə qədər çoxdursa, virusun orqanizmə verdiyi ziyan da bir o qədər çoxalır, iltihabi proses güclənir, nəticədə özümüzü halsız, xəstə hiss etməyə başlayırıq”.

Professor onu da əlavə edir ki, bu cür hesablama özünü hər zaman doğrultmur, çünki virusla xəstəlik arasındakı qarşılıqlı əlaqə düz xətt üzrə inkişaf etmir, heç də bütün virus hissəciklərinin yoluxdurma ehtimalı yoxdur. Məsələn, virus hissəciklərinin olduğu hər hansı bir şeyə toxunandan sonra əlinizlə üzünüzü ovuşdurmusunuzsa, yoluxma riskiniz aşağıdır. Amma xəstəxanada müalicə alan bir COVİD-19 xəstəsinin öskürməsi, asqırması ilə üzləşmisinizsə, o zaman yoluxma təhlükəniz daha yüksəkdir.

Virus yükü çox olanlar xəstəliyi daha ağır keçirirmi?

Tibbi araşdırmalar virus yükü ilə ölüm riski arasında əlaqənin olduğunu göstərsə də, Stüart Neil xəstəliyin ağırlıq dərəcəsi ilə virusun miqdarı arasında birbaşa, sıx əlaqənin olduğunu düşünmür. Professor qeyd edir ki, virus yükünün miqdarı olduqca yüksək olan xeyli xəstə var ki, xəstəliyi simptompsuz keçirib: “Virus yükünün çoxluğunun hökmən xəstəliklə nəticələnəcəyi söyləmək doğru deyil”.

Bununla belə professor xəstədə virus yükü çox olduqda riskin artması ehtimalını tam inkar da etmir.

Virus hissəciklərinə daha az məruz qalmaq üçün nə edə bilərik?

“Virusla aranıza çəkdiyiniz hər bir sədd xeyrinizədir” deyən professor Neil maska taxmaq, əl yumaq, sosial məsafə saxlamaq və bu kimi digər tədbirlər görməyin əhəmiyyətini bir daha vurğulayır. O bildirir ki, adamlarla üzbəüz oturmaqdansa yanaşı oturmaq, virus hissəciklərinin dağılması üçün qapalı məkanda pəncərələri açmaq lazımdır. Bu yolla koronaviruslu adamdan qəbul etdiyiniz virus yükünün miqdarını azalda bilərsiz. Ən təsirli müdafiə isə yenə də üz-üzə durmamaqdır.

Stüart Neilin sözlərinə görə, bütün bu qaydalara vaksinasiya dövründə də əməl etmək gərəkdir. Çünki peyvənd virusa yoluxmanın qarşısını alan sehrli çubuq deyil: “Biz vaksinlərin xəstəliyin yayılmasını necə dayandırdığını hələ bilmirik və bunu tezliklə biləcəyimiz də ağlabatan deyil, bunu öyrənib dəqiqləşdirməyə hələ xeyli vaxt lazımdır. Onu da nəzərə almalıyıq ki, vaksin hər adama iki dozada vurulur. Xüsusilə hələ yalnız ilk dozanı vurdurmuş adamlar təhlükənin bitdiyini, digərləri üçün risk daşımadıqlarını düşünməməlidirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160264

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031