Rövnəq Abdullayevlə Cahangir Hacıyevin “stadion əməliyyatı”
Yaxud “Şəfa” niyə “İnter” kulubuna su qiymətinə satılıb?

“Şəfa” stadionu Bakının “Inter” klubuna satılıb. “Inter” klubu
stadion üçün AFFA-ya 4 milyon 250 min manat ödəyib. Bu barədə AFFA-nın
baş katibi Elxan Məmmədov mətbuata açıqlamasında bildirib. AFFA-nın
keçmiş prezidenti Fuad Musayev bu məsələ barədə maraqlı açıqlamalar
verib. O, “Futbol+” qəzetinə müsahibəsində deyib ki, stadionun satış
məbləği onda şübhə doğurur: “Bu sövdələşmədən ağlım bir şey kəsmədi.
Bu boyda arena necə 4 milyon 250 minə satıla bilər? Nə olsun ki, bura
stadiondur, ordan ancaq idman məqsədilə istifadə ediləcək?! Sizə adi
nümunə göstərim. Eşitdiyimə görə, “Xəzər Lənkəran”ın stadionu 15 milyon
dollara başa gəlib. Iş adamı Mübariz Mənsimov öz cibindən bu qədər pul
xərcləyib. Lənkəranda stadionu tikmək baha başa gələr, yoxsa Bakıda?
Əlbəttə ki, paytaxtda. Çünki Bakıda torpaq yeri və işçi qüvvəsi qat-qat
bahadır.
Belədə “Şəfa”nın 4 milyon 250 minə satılması nə dərəcədə realdır?
Bunlar yəqin stadiona qiymət qoyarkən onun neçəyə başa gəlməsini nəzərə
alıblar. Etiraf edirəm, “Şəfa”nın araya-ərsəyə gəlməsinə o vaxtkı
qiymətlərlə 4 milyon 500 min dollar xərcimiz çıxdı. Daha fikirləşmirlər
ki, o vaxtın qiymətlərilə indikini müqayisə etmək düzgün deyil. Bütün
bunlar savadsızlıqdan irəli gəlir. Təkcə bir örtüyün azı 500 min dollara
dəyişdirildiyini nəzərə alsaq, o boyda stadiona belə ucuz qiymət qoymaq
ağılsızlıqdır”.
Fuad Musayev əlavə edib ki, bu yaxınlarda Latviyada “Şəfa”ya bənzər
stadion tikilib: “Həmin arenanı tikən adamla münasibətim var. Sonuncu
dəfə mənimlə danışanda dedi ki, yeni tikdirdiyi arenaya 10 milyon dollar
xərcləyib. AFFA rəhbərliyi ictimaiyyəti aldatmasın”.
Şəfa stadionu 2000-ci ildə inşa edilib. 2000-ci ildə 4 milyon 500 min
dollara başa gələn stadionun 14 il sonra 4 milyon 250 min manata
satılması bu məsələdə ciddi maxinasiyaya yol verilməsi barədə şübhələrə
yol açır. Mümkündür ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev stadionu
sadəcə bu qiymətə rəsmiləşdirib. Amma real məbləğ bundan dəfələrlə
artıqdır. Amma başqa versiya da var. “Şəfa”nı alan “Inter” klubunun
sahibi Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevdir. Cahangir
Hacıyev hakim ailəyə yaxın şəxsdir. Ola bilər ki, Rövnəq Abdullayev bu
səbəbdən “Şəfa”nı su qiymətinə satmağa məcbur olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=16031