“Qarabağ Rusiyaya indiki vəziyyətdə lazımdır”
13.04.2014 - 10:14
“Qarabağ Rusiyaya indiki vəziyyətdə lazımdır”

Arif Yunus: “Krım hadisələrindən sonra ermənilər arasında bir müddət belə əhval-ruhiyyə var idi ki, guya onların da vaxtı çatıb”
Rusiyanın Krımı ilhaq etməsindən sonra Azərbaycan ərazilərinə qarşı növbəti təhlükəli planın işə salınması barədə həyəcanlı xəbərlər günbəgün çoxalır. Bu günlərdə Ermənistanda hansı əhval-ruhiyyənin olması da maraqlıdır. Bir müddət öncə İrəvanda keçirilən beynəlxalq konfransda iştirak edən konfliktoloq Arif Yunusla söhbətimizdə bu barədə danışdıq.
Maraqlıdır ki, Ermənistandakı bu konfransı ermənilər yox, NATO təşkil edib. Tədbirdə İran, Türkiyə, Gürcüstan, Avropa ölkələrindən səfirlər iştirak edib. Mövzu isə “Ukrayna hadisələri və onun Cənubi Qafqazda hadisələrə təsiri” olub. NATO tədbirində Ermənistan hakimiyyəti də yüksək səviyyədə iştirak edib:
– NATO İrəvanı ev sahibi kimi qəbul edirsə, deməli, Ermənistanı Gömrük İttifaqının caynağından xilas etmək istəyir?
– Maraqlısı odur ki, tədbir məkanı kimi Gürcüstan, ya Azərbaycan yox, Rusiyanın müttəfiqi Ermənistan seçilmişdi. Rusiya da ekspert və səfirlik səviyyəsində qatılmışdı.
– İrəvan may ayında Gömrük İttifaqı ilə bağlı qəti qərar verəcək. Elə isə niyə Ermənistan seçilib?
– Çətin sualdır. Əgər desəm ki, son illərdə Ermənistanda NATO ilə bağlı tədbirlər daha çox keçirilir, nəinki Azərbaycanda, bu, sizinçün də gözlənilməz olar. Azərbaycanda yalnız bir konfransda iştirak etmişəm. Ermənistanda isə hər il belə konfranslar keçirilir. Ermənistan bu tədbirlərə maraq göstərir. Söhbət ondan gedir ki, son illər Qərblə Rusiya arasında güclü rəqabət var. İlk növbədə bu mübarizə 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən başladı. Ona görə də NATO bölgədə çox aktiv rol oynayır, belə tipli tədbirləri keçirir. Niyə Ermənistan? Çünki Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir. Burada Rusiyanın nüfuzu, rolu, imkanları daha genişdir, nəinki Gürcüstan, ya Azərbaycanda. Ona görə belə tədbirlərlə Qərb istəyir ki, Ermənistanda Rusiyanın təsirini azaltsınlar. Çünki bu tipli tədbirlərin nəticəsində Ermənistanda Qərbyönümlü qüvvələrin sayı çoxalıb.
– Amma elə bu günlərdə Ter-Petrosyan demişdi ki, onun ölkəsində Qərbyönümlü qüvvə yoxdur…
– Var. Levon Ter-Petrosyan son vaxtlar solçularla birləşib. Bu səbəbdən yaxın olduğu bəzi qüvvələr ondan inciyib. Ter-Petrosyan 1994-cü ildə Daşnaksütyun Partiyasının rəhbərlərini ölkədən qovdu, bəzilərini həbs etdi. Amma 2009-cu ildən sonra Ter-Petrosyanla daşnakların münasibəti yaxşılaşıb. Daşnaklar millətçilik və sol ideologiya əsasında öz siyasətini qururlar və Petrosyan da onlara yaxınlaşıb. Mən özüm gördüm ki, Ermənistanda Qərbyönümlü qüvvələr var. Hətta Ermənistanda Ukrayna hadisələri, ya Gömrük İttifaqı ilə bağlı Rusiya səfirliyi qarşısında daha çox etiraz mitinqləri keçirilir. Ancaq Azərbaycanda yalnız Akif Nağı aksiya keçirtdi. İrəvanda isə aksiyaya bir neçə min adam gəlirdi. Yəni orda Qərbyönlü qüvvələr var.
– İrəvanda Krım hadisələrindən sonrakı durumda Qarabağ məsələsi ilə bağlı ümumi yanaşma necədir?
“Rusiya nümayəndələri dedilər ki, biz Qarabağın müstəqilliyini tanısaq, Azərbaycanla düşmən olacağıq”
– Elə iki günlük konfransda bu tipli suallar ətrafında diskussiya gedirdi. Krım və Ukrayna hadisələri Qarabağ məsələsinə necə və hansı formada təsir edə bilər, bundan danışılırdı. Siz haqlısınız, ermənilər arasında bir müddət belə əhval-ruhiyyə var idi ki, guya onların da vaxtı gəlib çatıb. Yəni ya Rusiya Qarabağın müstəqilliyini tanıyacaq, ya imkan verəcək ki, bu torpaqlar Ermənistanın, ya Rusiyanın tərkib hissəsi olacaq, ya da Dağlıq Qarabağ Gömrük İttifaqına qoşulacaq.
Amma aydın oldu ki, təkcə Qarabağla bağlı yox, ümumiyyətlə, Rusiyanın bu gün Cənubi Qafqazda genişmiqyaslı aktivliyindən söhbət gedə bilməz. Rusiya Ukrayna, Krımla bağlı o qədər dərinə gedib, o qədər problemlərlə üzləşib ki, bu ölkənin bu gün keçmiş sovet məkanında aktiv rol oynamasına imkanı yoxdur. Ermənilər bir müddət inanırdılar ki, bəlkə Qarabağın müstəqilliyi tanındı.
Amma konfransda Rusiyanın nümayəndələri də dedilər ki, başa düşürük, biz bunu etsək, qarşılıq cavab ala bilərik. Mən deməzdim ki, Rusiya nümayəndələri ağılsız insanlardır. Onlar açıq şəkildə dedilər ki, biz anlayırıq ki, bunu etsək, sabah Azərbaycanla düşmən olacağıq. Bu da bizə lazım deyil. Onu da başa düşməliyik ki, Qarabağ Rusiyaya indiki vəziyyətdə lazımdır.
Nə sülh, nə müharibə vəziyyəti ilk növbədə Rusiyanı qane edir. Çünki artıq Rusiya Gürcüstanda hər şeyi itirib. Azərbaycanda vəziyyət aydındır. Bir dənə Ermənistanın qalıb. Ermənistanda Rusiyanın hərbi bazası var. İrəvanın vasitəsilə Rusiya Cənubi Qafqazda nəsə edə bilər. Tutaq ki, Moskva Qarabağla bağlı hansısa həll variantını dəstəklədi, məsələ həll olundu. Fərqi yoxdur, Qarabağ müstəqil oldu, ya Azərbaycanın tərkibində qaldı, yaxud da Ermənistana birləşdirildi, onda bir müddət sonra mütləq Azərbaycanla Ermənistan arasında normal münasibət yaranacaq. Bundan sonra avtomatik olaraq Türkiyə-Ermənistan münasibətləri də yaxşılaşacaq, sərhədlər açılacaq. Çünki bu gün məsələyə Qarabağ mane olur.
Bundan sonra istər -istəməz 102-ci hərbi bazanın taleyindən söhbət gedəcək. Çünki ruslar həmişə ermənilərə deyirlər ki, biz sabah getsək, Türkiyə və Azərbaycan müharibəni başlayıb sizi qıracaqlar. Ermənilərin xeyli hissəsi buna inanır. Sabah Qarabağ məsələsi həll olunsa, ortaya sual çıxacaq, Rusiyanın Gümrüdəki hərbi bazası kimə lazımdır, yaxud bu, kimə qarşıdır? Konfransda bəzi ekspertlər açıq dedilər ki, biz Qarabağla bağlı indiki real statusun dəyişməsini istəmirik. İstəyirlər ki, bu məsələ elə havada qalsın. Bu da aydındır ki, ruslar Qarabağdan bir təzyiq forması kimi həm bizə, həm ermənilərə qarşı lazım olanda istifadə edəcəklər.
– Rusiyanın Ermənistandakı hərbi gücü nə qədərdir?
– Əgər söhbət rəqəmdən gedirsə, o qədər də böyük deyil. Hardasa 4 minə yaxın əsgər və zabit var. Bunun da 80 faizi rus deyil, ermənidir. Amma söhbət rəqəmdən getmir. Bu baza Rusiyanın tərkib hissəsi sayılır. Orda bir nəfəri öldürsək, Rusiya bundan istifadə edə bilər. Necə ki, Gürcüstanda 200-ə yaxın sülhməramlı qüvvə var idi. Gürcülər bunlardan bir neçəsini öldürdülər və ruslar hay-küy saldılar. Yəni belə bəhanələrdən istifadə edərək Azərbaycana qarşı hücumlar başlaya bilər.
– Rusiya Azərbaycana qarşı Tovuz, Tərtər Qazax zonasından hücuma keçə bilərmi?
– Yox, ruslar açıq şəkildə hansısa hücumda iştirak etməyəcək, deyəcəklər ermənilər edib. Ancaq Rusiyanın başqa imkanları var. Bizim şimal zonasında azsaylı xalqlarla bağlı nəsə edə bilərlər. Son vaxtlar şimalda yaşayan azsaylı xalqlarla bağlı saytlara girsəniz, ya da Rusiyada yaşayan ləzgilərin mövqelərinə baxsanız, görərsiniz ki, hansısa planlar var.
– Prezidentlərin növbəti görüşündən nə gözləmək olar?
– Buna deyirlər protokol görüş. Necə ki, keçən ilin noyabrında Vyanada belə bir görüş keçirilmişdi. İlk növbədə Qərb ölkələri, ABŞ təzyiq edir ki, görüş olsun. Çünki prezidentlər, XİN başçıları görüşməyəndə hər iki cəmiyyətdə belə fikir yaranır ki, görüşlər yoxdursa, demək gərginlik artır, müharibə başlayacaq. Bu mənada imitasiya xarakterli görüşlər reallaşdırılır. Həmsədrlərin Bakı və İrəvana səfərləri də buna xidmət edir.
– Sərkisyan növbəti prezident seçkilərinə qatılmayacağını deyib. Bu dəfə Ermənistan rəhbərliyinə konstruktiv mövqeli hansı qüvvələr gələ bilər?
– Mən inanmıram. Başa düşməliyik ki, bu gün regionda ilk növbədə Qərblə Rusiya arasında böyük bir konfrontasiya var və Ermənistan bu münaqişədə böyük bir rol oynayır. Saakaşvili gedəndən sonra ruslar düşündülər ki, hakimiyyətə gələn yeni qüvvə Rusiyaya yaxın olacaq. Çünki Saakaşvilinin düşmənləri hakimiyyətə gəlsə də, vaxtilə onlar Saakaşvili ilə bir yerdə olan şəxslərdir.
Sadəcə olaraq onlar başa düşürdülər ki, NATO və Qərbə yol Gürcüstan cəmiyyəti üçün düzgün yoldur və bu yolu getmək lazımdır. Saakaşvili ruslara sataşırdı, ancaq bunlar deyir bu cür sərt münasibət bizə lazım deyil. Ermənistan isə zəif ölkədir və bu ölkədə Rusiya ilə Qərb arasında böyük bir rəqabət var, hər iki tərəf orda iş aparır. Amma bu gün Rusiya Ermənistanda daha güclüdür. Mən inanmıram ki, orda qərbpərəst və demokratik qüvvələr hakimiyyətə gəlsin.
– Elə isə Qərb niyə Azərbaycanla Rusiyaya satılan Ermənistan arasında seçim etmir, ikili standartlara son vermir?
– Qərb üçün fərq etmir. Onlara lazımdır ki, müharibə olmasın, məsələ dinc yolla həllini tapsın. Biz də başa düşməliyik ki, Qərb üçün əsas burdakı enerji resurslarıdır. Özü də Rusiya-Ukrayna hadisələrindən sonra Azərbaycanın strateji rolu artıb. Çünki Azərbaycan həm Əfqanıstanla bağlı istifadə olunur, üstəlik bizim enerji resurslarına maraq artıb. Amma Qərbdə Qarabağ məsələsinə fikir vermirlər. Bu, bizimçün və ermənilər üçün vacib məsələdir. Qərb bir ölkəyə baxmır. Onlar üçün bütün Cənubi Qafqaz lazımdır. Bura tranzit zona kimi Qərbə lazımdır. Bütün bu zonanı kim zəbt edəcək, yaxud bura kimin nəzarəti altında olacaq, məsələ budur.
– Xəbər yayıldı ki, rus tankları Laçına doğru hərəkətə keçib…
– Mən inanmıram. Çox şey yazırlar, amma inandırıcı deyil.
– Amma Rusiya Xəzərdə genişmiqyaslı hərbi təlimlər keçirtdi…
– Bu, təzyiq vasitəsidir. Tək bu yox, son vaxtlar Rusiya hərbi bazasının rəhbərliyi də bəyan edirlər ki, Qarabağda müharibə başlasa, biz Ermənistan kömək edəcəyik. Əslində isə bu, belə deyil. Rusiya-Ermənistan hərbi sazişi var, amma sazişdə yazılmayıb ki, Qarabağ müharibəsi başlasa, Rusiya açıq şəkildə iştirak edəcək. Çünki Ermənistan rəsmi olaraq Azərbaycanla müharibə aparmır, həmişə bəyan edir ki, Qarabağ erməniləri vuruşur. Ruslara həmişə bəhanə lazımdır. Məsələn, Cənubi Osetiyada sülhməramlılara hücumlar oldu, bunu bir bəhanə kimi istifadə ediblər. Azərbaycanda bu bəhanəyə yer yoxdur. Əgər Azərbaycanda milli azlıqlar nəsə başlatsa, Azərbaycan sərt tədbir görsə, onda Dağıstanda yaşayan ləzgilər də məsələ qaldıracaqlar, nəsə olacaq. Amma mən buna inanmıram.
– Türkiyə əsgəri Qarabağın azadlığı prosesinə qatıla bilərmi?
– Yox. Amma biz başa düşməliyik ki, bəzi məsələlər nə bizdən, nə də türklərdən asılıdır. Hətta biz Minsk Qrupunun statusu, yaxud formatını dəyişdirmək istəsək də, bu, mümkün deyil. Türkiyə uzağı Naxçıvanda baza yerləşdirə bilər. Azərbaycan Konstitusiyasında yazılıb ki, heç bir xarici ölkənin hərbi qüvvələri Azərbaycan ərazisində yerləşdirilə bilməz. Deməli, Türkiyə ordusunun Azərbaycana gəlməsi üçün ilk öncə konstitusiya dəyişikliyi olmalıdır.
(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=16045