“Nurçu”ların nigah siyasəti
14.04.2014 - 12:03
“Nurçu”ların nigah siyasəti
“Nurçu” təriqəti ilə bağlı məlumatlar ictimailəşdikcə bu təriqətin Azərbaycanda nə qədər dərin kök atdığı məlum olur. Artıq mediada “nurçu”ların nə qədər qazanıb, hansı məbləğdə pul xərcləmələrindən tutmuş, onların media quruluşlarına yerləşdirdiyi tərəfdarlarının sayı ilə bağlı okeanın o tayına verdikləri hesabatları əks etdirən sənədlərlə bağlı məlumatlar da ictimailəşdirilib.
Ən maraqlısı isə bu təriqətin Azərbaycanda siyasi iddiasının olması ilə bağlı üzə çıxan faktlarla əlaqəlidir. Azərbaycanda olan “nurçu” şəbəkənin adından Fətullah Gülənə göndərildiyi iddia olunan məktublardan aydın görünür ki, təriqət üzvləri Azərbaycan hakimiyyətinə qarşı açıq siyasi iddia da ortaya qoyub.
Azərbaycan və Türkiyə mətbuatında gedən araşdırmalardan bəlli olur ki, məlum şəbəkənin siyasi hədəfi 2018-ci ilə hesablanırmış. Həmin ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Şəbəkənin də başlıca hədəfi həmin seçkilərdə özlərinin müəyyənləşdirəcəkləri namizədlə iştirak etməkdən ibarət olub. Açıqlanan məlumatlardan görünür ki, yeni formalaşan şəbəkə hədəfə çatmaq üçün heç də az iş görməyib. Ən diqqətçəkən məqamlardan biri isə şəbəkənin beynəlxalq dairələr, hətta bəzi iri dövlətlərin kəşfiyyat orqanları ilə sıx təmas qurmasıdır. Təsadüfi deyil ki, şəbəkənin liderlərindən biri kimi tanınan Elnur Aslanovun vəzifəsi ilə vidalaşmasına ən sərt reaksiyanı da Azərbaycan hakimiyyəti ilə barışmaz mövqedə olan beynəlxalq qurumlar verdi.
Sabiq administrasiya rəsmisini böyük canfəşanlıqla müdafiə edənlər prezident seçkiləri ərəfəsində bu prosesi qaralayıb ləkələmək üçün misilsiz bir kampaniyaya başlayanlardı.
Həmin kampaniya dövründən Prezidentin yaxın ətrafında görəv alan bir şəxsin bu cür antoqonist qüvvələrlə iş birliyində olması isə maraqlı görünməyə bilməz.
“Twitter” sosial şəbəkəsinin fəal istifadəçisi, Azərbaycandakı vəziyyət və prosesləri az qala zərrəbinlə izləyən və ölkəmizi hər fürsətdə tənqid edən Keti Pirs (Katy Pearce) Elnur Aslanovun “təqaüdçü vəzifəsi”nə – Rabitə Nazirliyinə şöbə müdiri postuna təyin edilməsinə qəribə reaksiya verib.
Qısa xatırlatma. Bu həmin Keti Pirsdir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində və seçkidən sonra Əliyev hakimiyyətini seçkiləri ölkə boyunca saxtalaşdırmaqda və repressiya siyasəti yürütməkdə açıq-açığına və çox sərt şəkildə tənqid edirdi.
Ölkə mətbuatının yazdığına görə, “nurçu” şəbəkəyə aid digər nüfuzlu şəxs, millət vəkili Ceyhun Osmanlının da adı xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda hallanır.
Verilən məlumatlara görə, C.Osmanlı nurçuların Azərbaycandakı rezidenti Elnur Aslanovun himayədarlığı altında son bir neçə il ərzində ABŞ qeyri-hökumət təşkilatları ilə fəal və əlbir işləyib. Bu QHT-lərin adı isə postsovet və ərəb ölkələrində yerli hakimiyyətləri yıxmaq üçün hazırlanan “rəngli inqilab ssenariləri”nin icrası fonunda tez-tez hallanıb. C.Osmanlı F.Gülənlə əməkdaşlıq etmək üçün iki kanal əldə etmişdi: Elnur Aslanov və ABŞ QHT-ləri. Bu barədə mətbuatda çox yazılıb.
Araşdırmamız nəticəsində bizə məlum olub ki, şəbəkənin fəaliyyət istiqamətinin ciddi profillərindən biri də beynəlxalq güclərin dəstəyini qazanmaqdan ibarət olub. Onların qənaətincə, Azərbaycanda hakimiyyət dəyişilməsi mövzusunda başlıca söz sahibi olan ABŞ, Türkiyə və Rusiyanın dəstəyindən mərhum olmaqla hansısa uğura imza atmaq mümkünsüzdür. O üzdən şəbəkənin bu istiqamətdə fəaliyyəti ciddi qurulubmuş. Onlar Türkiyədən dəstəyi Fətullah Gülən vasitəsilə almağı həll edə biliblər. Bu, Azərbaycandakı şəbəkə üçün olduqca ciddi qənimət sayılırdı. Çünki son dövrə kimi Gülən Ərdoğan hakimiyyətinin, demək olar ki, şəriki olub. Bu da onun Türkiyə hökumətinə təsir imkanlarını gücləndirirdi. Eyni zamanda, şəbəkə ABŞ-dan dəstəyi Gülən vasitəsilə alacağını həll edibmiş. Təsadüfi deyil ki, ölkəmizdəki “nurçu” şəbəkənin ABŞ-ın xəfiyyə qurumları və QHT-ləri ilə sıx əlaqəsi üzə çıxır. Qalırdı Rusiyanın dəstəyini qazanmaq. İlk baxışdan olduqca çətin görünən bu problemi yerli “nurçu”larımız qadın diplomatiyasını işə salmaqla qısa vaxt intervalı üçün həll edə bildi. Söhbət Azərbaycan cəmiyyətində böyük sensasiya kimi qarşılanan bir izdivacdan gedir. Həmin vaxt hər ikisinin yaşı 60-ı haqlanmış və cəmiyyətdə kifayət qədər tanınmış iki şəxs ailə qurdu. Putinin dostu kimi tanınan İlham Rəhimovla millət vəkili Rəbiyyət Aslanova arasında reallaşan evlilik ətrafında ciddi polemikalar aparıldı. Həmin evliliyin səmimiliyinə olduqca az adam inanırdı. Ancaq evlilik planının arxasında duran incə məqamı da heç kim dəqiqliyi ilə aydınlaşdıra bilmədi. Lakin çox keçmədən tərəflər arasında bağlanmış nikah aktı pozuldu. Gənc olmayan cütlük yalnız “xasiyyətimiz tutmadı” kimi açıqlama ilə kifayətləndi. Ancaq üstündən xeyli zaman keçdikcə məlum olur ki, cütlüyün evlənib tez bir zamanda ayrılması nə sevgiyə, nə də xasiyyətə bağlı məsələ olub. Apardığımız araşdırma nəticəsində müəyyənləşdirə bilmişik ki, Rəbiyyət xanımla İlham Rəhimov arasında nikahın pozulması maraqlı bir perioda təsadüf edir. Belə ki, Ərdoğanla Gülən arasında yaranan qalmaqalın əsası məhz sözügedən tarixdə qoyulub.
O ərəfədə Türkiyədə əqidədaşlarının sıxışdırıldığını görən bizim “nurçu”lar anlayıblar ki, Türkiyənin dəstəyini itirməklə ABŞ da əldən çıxır. Belə olan təqdirdə isə onlar üçün Rusiyanın dəstəyi elə də böyük əhəmiyyət kəsb etməməyə başlayıb və bununla da Azərbaycandakı “nurçu”ların lideri kimi tanınan Elnur Aslanovun anası Rəbiyyət Aslanova Putinin dostu İlham Rəhimovdan boşanmaq qərarına gəlib. Bizə elə gəlir ki, burada qeyri-adi bir şey də yoxdu. Çünki tarixdə çoxlu sayda uğursuz siyasi izdivaclar olub. Ən pisi isə bunu etiraf etməməkdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=16061