“Turan Ordusu” Azərbaycan uğrunda… Rusiyaya qarşıdır…

15.04.2014 - 10:26

“Turan Ordusu” Azərbaycan uğrunda… Rusiyaya qarşıdır…

Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın yaratdığı “Turan Ordusu” NATO-nun Rusiyaya qarşı genişmiqyaslı planına çevrilə bilər 
“”Turan Ordusu” uzaq hədəflərə hesablanan çox vacib bir birlikdir. Bu birliyin yaranması hələlik yalnız mənəvi dəstək təsiri bağışlasa da onun real gücü düşünüldüyündən daha böyük ola bilər”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov “Turan Ordusu”adlandırılan TAKM-ın yaradılması məsələsini şərh edərkən deyib.
Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın ortaq hərbi qurum yaratması haqqında “Yeni Müsavat”ın ötən saylarında geniş bilgi vermişdik. Diplomatik qaynaqlardan əldə etdiyimiz bilgiyə görə, dörd ölkə təhlükəsizlikləri ilə bağlı yaranacaq problemlərə qarşı hərbi birlik yaradır. Şərti adı “Turan Ordusu” olan hərbi birliyin yaradılması üzrə danışıqlar ötən ildən başlayıb. Dörd ölkənin rəhbərliyi, daha sonra isə müdafiə nazirləri səviyyəsində məsləhətləşmələrdən sonra qısa müddət öncə qurumun yaradılması üzrə bütün detallar dəqiqləşdirilib.
Rəsmi təyinatı və mandatına görə bu hərbi birlik modernləşdirilmiş silah, raketdən müdafiə sistemi, uzun məsafəli raket, döyüş təyyarələri, döyüş gəmiləri, vertolyot və pilotsuz döyüş təyyarələri istehsal etməlidir. Həmçinin ortaq hərbi birliyə daxil olan ölkələrə hər hansı bir təhdid olarsa, onların müdafiə işləri də “Turan Ordusu”nun vəzifələrindəndir. Ordunun rəsmi adı ölkələrin baş hərflərindən düzəldilən TAKM abriviaturası ilə müəyyənləşib. Ordunun simvolu at heykəlidir.
Əldə etdiyimiz informasiyalar sırasında o da var ki, yaxın zamanlarda ortaq ordunun Azərbaycan ərazisində böyük hərbi təlimləri planlaşdırılır. Əlbəttə ki, burada əsas məsələ Azərbaycan və Türkiyə ordularının birgə təlim keçməsi və bu zaman bəzi riskli əməliyyatları həyata tətbiq etmələridir. “Yeni Müsavat”a məlumat verən mənbə iddia edir ki, artıq Türkiyə Silahlı Qüvvələrinin müəyyən qrupları Azərbaycandadır və hazırlıqların ilk mərhələləri arxada qalıb.  Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə yaxın ərazilərdə yerləşdirilən Türkiyə Silahlı Qüvvələrinin taqımı əsasən dağlıq şəraitdə döyüş üzrə ixtisaslaşıb. Partizan döyüşləri üzrə xüsusi təcrübəsi olan taqımın artıq təlimlərə başladığı bildirilir. Türk gerillalar (partizanlar) cəbhə bölgəsindəki Azərbaycan ordu hissələrinə döyüş təlimi keçir. 
Ekspertlər hesab edir ki, “Turan Ordusu” daha çox Rusiya təcavüzünə qarşı hesablanıb. Krımı işğal edəndən sonra  Ukraynanın şərq vilayətlərini öz ərazisinə qatmaq istəyən, üstəlik, Qazaxıstana qarşı ərazi iddiaları sürən Rusiya yaxın coğrafiyadakı bütün ölkələrin təhlükəsizliyi üçün təhdidə çevrilməkdədir. Bu durumdan çıxış edən ekspertlər “Turan Ordusu”nun Rusiya təhlükəsinə qarşı genişlənəcəyi ehtimalını da irəli sürürlər. 
Bu prosesə Rusiyanın razılığı ilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, eləcə də Azərbaycanla digər həmsərhəd ərazilərinə PKK qüvvələrini yerləşdirməsi də təkan verib. Bir neçə ildir Türkiyədən, İraqdan, Suriyadan PKK təmsilçiləri ailələri ilə bərabər Azərbaycan torpaqlarında yerləşdirilir. Artır bir sıra Qərb qaynaqları da işğal edilən Azərbaycan torpaqlarının PKK-nın əsas dislokasiya yerlərindən birinə çevrildiyini dilə gətirir. Türk mediası da yazır ki, Türkiyənin güney bölgələrindən çəkilən PKK hərbi qüvvələrinin bir hissəsi işğal edilən Azərbaycan ərazilərində yerləşdirir. İddialara görə, bu durum Türkiyə iqtidarının sərt reaksiyasına səbəb olub. Ehtimal edilir ki, Qarabağ ərazisində Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları PKK-ya qarşı antiterror əməliyyatları xarakteri də daşıya bilər.
Diplomatik qaynaqlardan əldə etdiyimiz xəbərlərdə NATO-nun bütün prosesdən xəbərdar olduğu da var. Aydındır ki, NATO-nun üzvü olan rəsmi Ankara bütün hərbi birləşmələrinin dislokasiya yeri haqqında NATO-ya bilgi verməlidir. Əslində bu plan prioriteti şərqə doğru genişlənmə siyasəti olan NATO-nun  maraqlarına tam uyğundur. “Turan Ordusu”nun əsasən Rusiyadan gələ biləcək təhlükəyə qarşı hesablandığını vurğulamışdıq. NATO-nun şərqə doğru genişlənməsinin qarşısını alan əsas qüvvənin Rusiya olduğu da bəllidir. Belə olan durumda sadə məntiq NATO-nun belə bir quruma dəstək verəcəyini deyir. Bu faktlardan çıxış edərək bildirmək olar ki, “Turan Ordusu” NATO-nun Rusiyanı Qafqazdan mümkün qədər sıxışdırmaq siyasətini həyata keçirəcək əsas gücdür.
Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov da bölüşür. Onun sözlərinə görə, hələlik bu haqda açıq danışılmasa da proseslərin diqqətlə incələnməsi zamanı səslənən xəbər və ehtimalların həqiqət olacağına şübhə qalmır: “Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın arasında hərbi əməkdaşlıq məsələsinin müzakirə olunduğu bəllidir. Bir neçə ay öncədən bu haqda rəsmi xəbər açıqlanmışdı. Ancaq o görüşdən konkret hansı nəticələr əldə edildiyi haqqında heç bir bilgi verilmədi. Əslinə qalsa, dörd ölkənin müdafiə nazirlərinin görüşlərinin, müzakirələrinin sürətli davamı olacağı daha gözlənilən idi. Çünki nəzərdə tutulan birlik son dərəcə lazımlı bir qurumdur. Ancaq indi əldə edilən informasiyalar onu deməyə əsas verir ki, geniş açıqlamalar verilməsə də proses 
qırılmayıb, əksinə, məntiqi nəticə əldə edilmək üzrədir”. 
Üzeyir Cəfərov: “”Turan Ordusu” türk dünyasının əhatə etdiyi böyük bir coğrafiyaya sabitlik və təhlükəsizlik gətirər”
Üzeyir Cəfərov 4 ölkənin hərbi birliyini Rusiyanın təşəbbüsü ilə MDB məkanında yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə də müqayisə edir: “İndiki halda söhbət ondan getmir ki, artıq sabah qırğız, monqol əsgəri Qarabağda Azərbaycan tərəfdən vuruşacaq, söhbət daha çox mənəvi dəstəkdən gedir ki, ölkələrin buna ciddi ehtiyacı var. İllər öncə Rusiyanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradılıb. Əslində həmin qurum yalnız sənəd üzərində var. Hələlik həmin müqaviləyə qoşulan ölkələr bir-birinə hərbi yox, diplomatik dəstək verirlər. Ancaq istənilən zaman Rusiya həmin müqavilənin şərtlərini əsas gətirərək ən real hərəkətə keçə bilər.
Əgər Ermənistan Qarabağda, Azərbaycanın digər sərhədlərində hərbi əməliyyatlara başlasa, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsini əsas tutaraq Ermənistana açıq dəstək verəcək. Həmin qurumda Belarus da, Qazaxıstan da var, ancaq biz bu ölkələrdən “Ermənistana dəstək olacağıq” fikrini eşitmirik. Sadəcə, KTMT-nin rəhbərliyində təmsil olunan şəxslər bildirirlər ki, qurum üzvlərindən birinin təhlükəsizliyi zərbə altında qalarsa, yardım etmək öhdəliyini üzərimizə götürmüşük. “Turan Ordusu” məsələsi də təxminən eyni formatdır. Bu gün Azərbaycanın əraziləri işğal altındadır. Heç kimə sirr deyil ki, Qarabağ məsələsində Türkiyə birmənalı olaraq Azərbaycanın yanındadır. Belə bir birliyin yaradılması dövlətlərin iradəsindən asılıdır və bu addım adıçəkilən ölkələrin imzaladıqları hər hansı digər müqavilə ilə ziddiyyət təşkil etmir. Təbii, belə bir birliyin yaradılmasının tərəfdarları kimi, əleyhdarları da var. 
Bu uğurlu ideyanı gözdən salmaq üçün onun digər işlək olmayan qurumlarla müqayisəsi də gündəmə gətirilə bilər, böyük güclərin belə bir birliyi “beşiyindəcə boğmaq” planlarını işə saldığı iddia oluna bilər, hətta onu sadəcə formal xarakter daşıyacaq qurum kimi təqdim edənlər də ola bilər. Bu gün Ukrayna ətrafında baş verən olaylar sübut etdi ki, əgər GUAM – (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova qarşılıqlı əməkdaşlıq təşkilatı) çərçivəsində güclü iş aparılsaydı, Ukraynaya ciddi dəstək verilsəydi, bəlkə də Rusiya bu güc mərkəzindən çəkinib Ukrayna planlarından geri çəkilərdi. Bu kontekstdən yanaşaraq düşünürəm ki, “Turan Ordusu” qarşısına uzaq hədəfləri qoymuş çox önəmli bir məsələdir”.  
Ekspertin fikrincə, “Turan Ordusu”nun varlığı türk dünyasındakı ordulara ciddi dəstəkdir. Üzeyir Cəfərov deyir ki, digər türk cümhuriyyətlərinin ordularının da cəlb edilməsi ilə genişlənən “Turan Ordusu” türk dünyasının əhatə etdiyi böyük bir coğrafiyaya sabitlik və təhlükəsizlik gətirər. 
(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=16068

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930