Stanislav Belkovski: “Putin Ukraynadan sonra Qarabağa qoşun göndərəcək”
18.04.2014 - 13:37
Stanislav Belkovski: “Putin Ukraynadan sonra Qarabağa qoşun göndərəcək”

Daha bir rusiyalı politoloq prezident Vladimir Putinin planlarında Ukraynadan sonra Azərbaycan və Dağlıq Qarabağın olduğunu deyib.
Virtualaz.org saytı xəbər verir ki, “Exo Moskvı” radiostansiyası “Xüsusi mövqe” proqramında Putinin aprelin 17-də rusiyalılarla canlı yayımdakı ünsiyyətini müzakirəyə çıxarıb.
Studiyaya dəvət olunan tanınmış politoloq və siyasi ekspert Stanislav Belkovski deyib ki, Rusiya iqtisadi kollapsa doğru gedir və bu təhlükə ancaq bir halda neytrallaşdırıla bilərdi: xarici siyasətdə seriya səs-küylü qələbələrlə.
Ekspertin qənaətinə görə, yalnız bu qələbələr rusiyalılara iqtisadi kollapsı unutmağa və kəmərlərini daha da bərk sıxmağa kömək edə bilərdi.
Stanislav Belkovski “Exo Moskvı”nın efirində bunları deyib: “Ancaq bunun üçün dayanmaq lazım deyil və qələbədən qələbəyə getmək lazımdır. Ona görə də mən hesab edirəm ki, Vladimir Vladimiroviç Krımda dayanmayacaq, o, hətta Donbasda və Luqanşinada da dayanmayacaq. Çünki o, heç olmasa bircə il dayansa, o zaman rus xalqının bu qələbələr nəticəsində yaranmış eyforiyası da sönəcək. Deməli, Vladimir Vladimiroviç daim xalqa narkotikin yeni dozasını vurmalıdır, narkotik isə xarici siyasətə növbəti qələbədir. Ona görə də Putin Ukraynanın məsələsini yoluna qoyan kimi belə görünür ki, Ermənistanın Gömrük İttifaqına daxil edilməsinin əvəzi olaraq Dağlıq Qarabağı tanıyacaq”.
Aparıcı T.Felqenhauer deyib: “Yəni elə indi, qəfildən?”
S.Belkovski isə cavab verib ki, əslində heç bir gözlənilməzlik yoxdur: “Bu, onun üçün məntiqi həll yoludur. Hərçənd ki, mən özümü onun yerinə qoymuram. Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ora hərbi kontingentin yeridilməsi hərbi planda elə də təhlükəli vəzifə deyil. Çünki aydındır ki, Rusiya Qarabağı tanıyacaqsa və orada hərbi kontingent yerləşdirəcəksə, nə Azərbaycan, nə Türkiyə Dağlıq Qarabağa görə vuruşmayacaq. Üstəlik bu, ikiqat zərbə olacaq, çünki Putin bütün dünyadakı erməni diasporunun, xüsusən də ABŞ-dakı erməni diasporunun dəstəyini alacaq. ABŞ, Kanada, Fransadakı erməni diasporunun dəstəyi xüsusilə mühümdür. Çünki erməni diasporu bu ölkələrdə mühüm siyasi amildir”.
S.Belkovski hesab edir ki, Putin Qarabağla da dayanmayacaq və daha sonra Baltik dövlətlərinin zəif yerlərini axtarmağa başlayacaq. Onun fikrincə, belə zəif nöqtə Latviyadır və orada əhalinin 30 faizi rusdur.
“Əlbəttə, ora “yaşıl adamcıqların” yeridilməsindən, xüsusən də BTR-lərin göndərilməsindən söhbət gedə bilməz. Çünki NATO-nun ərazisidir. Ancaq tamamilə mümkündür ki, hakimiyyəti rusiyapərəst qüvvələr ələ keçirəcək” – deyə ekspert bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=16094