Oliqarx uşaqlarının “100” seriyalı maşınlarının yeni şouları
Virtualaz.org
və haqqin.az saytlarının oliqarx övladlarının qiyməti yüz minlərlə,
bəzən milyonlarla ölçülən avtomobilləri ilə Bakı küçələrində digər
sürücülərin və piyadaların həyatına açıq təhlükə yaradaraq quduzcasına
sürətli yarışa çıxmasına dair yazılarından sonra ictimaiyyətin diqqəti
elitar “avtoşlar”a yönəlib.
Dövlət Yol Polisinin rəisi, general
Ramiz Zeynalov “Trend” agentliyinə müsahibəsində ictimaiyyətin
belələrini qınaq obyektinə çevirməli olduğunu deyib.
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov
isə onun oğluna və çevrəsinə məxsus “100” seriyalı maşınların Zığ
şossesində necə sürət yarışına çıxdığını əks etdirən kadrların
yayılmasını “özünə və ailəsinə qarşı sifarişli” kampaniya hesab edir.
Deputat mətbuata yeni açıqlamasında övladlarını “Azərbaycan
gənclərinə nümunə” hesab edərək deyib ki, həmin videoları kimin
ötürdüyünü bilir.
Lakin görünür, Elton Məmmədovun xəbəri yoxdur ki, bu videoları elə
onun oğlu, yaxud oğlunun çevrəsindəkilər çəkib və internetdə
yerləşdiriblər. Belə ki, internetdə “DragtimesBaku” facebook səhifəsinə
və ya odnoklassniki.ru saytına, yaxud video.az portalına nəzərə salmaq
kifayətdir ki, deputat oğlunun və onun dostlarının “100” seriyalı
maşınları Bakı yollarında necə yarışa çıxardıqlarına dair onlarla
videorioliklərə rast gələsən.
Bu videokadrlar son iki ildə çəkilib və internetdə yerləşdirilib.
Həmin internet resurslarında yerləşdirilən və paylaşılan
videoroliklərdən də görünür ki, oliqarx uşaqları öz bahalı
“oyuncaq”larının Bakı yollarında saatda 280 kilometrə çatan sürətlə necə
şütüdüklərini internet vasitəsilə başqalarına həvəslə nümayiş
etdirirlər.
Başqa sözlə, hazırda E.Məmmədova və uşaqları bahalı avtomobillərlə
harınlıq edən digər oliqarxlara qarşı “kampaniya təşkil edən” bir qüvvə
varsa, o da internetdir.
Görünür, bu ərköyün balalar öz maşınları ilə saatda 280 kilometrlə
şütüyəndə və bunu başqalarına sübut etmək üçün videoroliklərini
internetdə yerləşdirəndə mətbuatın da bu kadrlara diqqət yetirəcəyini
nəzərə almayıblar. Yaxud bu, onların heç veclərinə olmayıb.
Virtualaz.org saytı “DragtimesBaku” səhifəsindən seçdiyi videoroliklərin üçünü oxuculara təqdim edir.
Odnoklassniki.ru saytında “OrkHan TaGiRov” adlı
istifadəçinin yerləşdirdiyi videorolikdə Bakının Zuğulba qəsəbəsində
olduqca dəbdəbəli məkan və həyətindəki milyonlarla dollar qiyməti olan
maşınlar təsvir olunub. Musiqi ilə müşayiət olunan kadrlarda 90 KK 900
nömrəli “Aston Martin” (qiyməti 1 milyon dollardan yuxarıdır), Elton
Məmmədovun oğlu Aynarın dostu, Nəqliyyat Nazirliyinin işçisi Bağırov
Zaur Mətləb oğlunun adına olan 10 LZ 100 nömrəli “Nissan Skyline
GT-R35”, 10 TT 200 nömrəli “Maserati” (qiyməti 300 min manata yaxındır),
10 RR 900 nömrəli digər “Maserati”, Aynar Məmmədova məxsus 10 LR 100
nömrəli avtomobil (markasını dəqiq təyin etmək mümkün olmayıb)
maşınların şəhər istiqamətində kortej şəklində yola çıxaraq hərəkət
etdikləri görünür.
Video.az portalında yerləşdirilmiş digər rolikdə isə 10 LZ
100 nömrəli “Nissan” bu dəfə Zığ şossesində “Kawasaki Ninja ZX-14”
motosikleti və “Porsche 911″lə yarışa çıxarkən görünür.
Növbəti videoda isə “Mercedes Benz G63 AMG Bi-Turbo” (nömrə
nişanı seçilmir), “Mercedes Benz G63 AMG Wheelsandmore ST 2” (nömrə
nişanı 10 AZ 458), “BMW X5M” (nömrə nişanı 10 AZ 484) avtomobillərinin
Zığ şossesində sürət yarışı əks olunub.
Kadrlardan görünür ki, “Mercedes” markalı avtomobillərin sürəti saatda 240, “BMW X5M”in sürəti isə saatda 260 kilometri keçir.
Qeyd edək ki, internetdə bu cür videolar kifayət qədərdir və
qudurğanlıq edən məmur övladlarını aşkar edib cəzalandırmaq istəyi olsa,
hüquq-mühafizə orqanları onlardan asanlıqla yararlana bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=16145