Ali Dini Liderin “nüvə silahı haramdır” fətvasına Bakıdan nə dedilər…

19.02.2021 - 10:37

“Biz dəfələrlə bəyan etmişik ki, İran kütləvi qırğın silahı, o cümlədən nüvə silahı hazırlamaq niyyətində deyil”.

Bunu İran prezidenti Həsən Ruhani televiziya ilə çıxışında deyib. O bildirib ki, İran “Nüvə silahının yayılmaması haqqında” müqavilənin iştirakçısıdır. Bu səbəbdən İran nüvə silahını hazırlamaq, saxlamaq və istifadə etmək fikrində deyil.

Prezident onu da nəzərə çatdırıb ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi kütləvi qırğın silahlarının haram olması haqqında fətva verib və bu tip silahların hazırlanmasını qadağan edib. H.Ruhani diqqətə çatdırıb ki, İran nə dünən, nə bu gün, nə də gələcəkdə məxfi şəkildə nüvə fəaliyyəti ilə məşğul olmayıb və olmayacaq.

Ruhaninin dedikləri bir çox suallar yaradıb. Xüsusilə Amerika prezidenti Co Baydenin belə bir bəyanatın gəlişindən sonraya təsadüf etməsi deyilir. Belə fikirlər var ki, regionda daim gərginlik yaradan nüvə məsələsinə Ağ Evin yeni sahibinin gəlişindən sonra nöqtə qoyulur. Heç şübhəsiz ki, cənub qonşumuzun rəhbərinin dedikləri Azərbaycanı da yaxından ilgiləndirir.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Elçin Mirzəbəyli: “Bu ölkənin imam-cümələri əgər nüvə silahı əldə etmək fikrinə düşsələr…”

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, bu daha çox Baydenə göndərilən mesajdır: “Həsən Ruhaninin bəyanatı mənə İranda, Güney Azərbaycanda məşhur olan bir hadisəni xatırlatdı. Belə bir hadisənin həqiqətən baş verdiyini, yaxud uydurulduğunu deyə bilmərəm. Amma mənim baxış bucağımdan həqiqətə daha çox bənzəyir. Deməli, İrana İngiltərədən kəllə qənd gətirən tacirlər Təbriz imam cüməsinin haqqını vermirlər. O da cümə günü minbətə çıxıb deyir ki, ay camaat, İrana İngilistandan gələn qənd haramdır, kafir əli toxunub. Camaat da imam cümənin, mollanın sözünə qulaq asıb qənd almır, çayı ərik, tut qurusu ilə içir. İrana İngiltərədən qənd gətirən tacirlər də ziyana düşdüklərini görüb mollanın ”haqqını” artıqlaması ilə çatdırırlar. Molla da cümələrdən birində yenə də minbəyə çıxıb deyir ki, camaat, İngilistandan gələn qəndi yemək olar, amma dişləməzdən əvvəl qəndi çaya salıb qüsl eləmək lazımdır… Deyilənə görə, qəndin çaya salınıb “qüsl edilməsi” bu hadisə ilə bağlıdır. İndi Həsən Ruhaninin də bəyanatına bir az yumor, bir az da İran hakimiyyətinin ənənələri müstəvisindən yanaşsaq, o zaman bu ölkənin “imam cümə”ləri əgər nüvə silahı əldə etmək fikrinə düşsələr, onu “qüsl etməyin” yolunu da taparlar. Məsələnin siyasi müstəvidə şərhinə gəldikdə isə bu çox güman ki, ABŞ-ın yeni administrasiyası ilə münasibətlərin normallaşması üçün verilən mesajdır.

İran Bayden administrasiyasının prioritetlərini yaxşı bilir. Həmçinin bölgədəki reallıqları da nəzərə alır. İndiki şəraitdə, rəsmi Tehranın niyyəti ABŞ-ın Rusiya və Türkiyə ilə münasibətlərinin kəskinləşə biləcəyi ehtimalını nəzərə alaraq, regiondakı təsir imkanlarını gücləndirmək və bu müstəvidə ABŞ-la daha yaxından əməkdaşlıq etmək istəyir. Bu baxımdan, hesab edirəm ki, regionda formalaşması nəzərdə tutulan əməkdaşlıq platformalarında ən zəif bənd İrandır və bu ölkəyə etimad göstərib heç bir prosesi irəliyə doğru aparmaq olmaz. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən üçtərəfli əməkdaşlıq formatlarının, GUAM-ın, Türk Dövlətləri Şurasının inkişafı haqqında daha çox düşünmək lazımdır. Eyni zamanda ölkədə aparılan islahatlar daha geniş vüsət almalı, ölkəni haqsız hücumlara məruz qoya biləcək bütün istiqamətlərdə önləyici addımlar atılmalıdır. Qənaətimə görə, Bayden administrasiyasının Azərbaycanla üst-üstə düşən və müxtəlif sahələri əhatə edən kifayət qədər prioritetləri var. İranın nüvə proqramına gəldikdə isə qənaətimə görə, bu heç də Ağ Evin İranla münasibətlərdə əsas götürdüyü məsələ deyil. Şübhəsiz bizim baxış müstəvisindən ABŞ-iran münasibətlərinin normallaşması regiona təhlükə yarada biləcək bir sıra amillərin aradan qaldırılmasına zəmin yaradır. İrana qarşı sanksiyaların yumşaldılması da hesab edirəm ki, ilk növbədə orada yaşayan insanların, həmçinin soydaşlarımızın rifah halını yaxşılaşdıra bilər ki, bu da son nəticədə Azərbaycanla ən müxtəlif sahələrdə münasibətlərin, iqtisadi əlaqələrin inkişafı üçün önəmlidir. Amma hesab edirəm ki, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq üçün iyul-avqust aylarınadək gözləmək lazım gələcək. Doğrusu, qlobal müstəvidə iqtisadi fəallıq bərpa olunmayanadək, siyasi müstəvidə aktivliyin artacağını gözləmirəm. İndiki halda Bayden administrasiyasının qarşısında ölkədəki çoxsaylı problemlərin aradan qaldırılması durur”.

Kənan Rövşənoğlu ile ilgili görsel sonucu

Kənan Rövşənoğlu: “Nüvə silahı haramdır, amma Pakistan İslam Respublikası nüvə silahına malikdir”

Yaxın Şərq üzrə araşdırmaçı Kənan Rövşənoğlu öncəliklə məsələni dini yöndən şərh etdi: “Ümumiyyətlə, İslam dininə görə müharibədə dinc, günahsız insanları qətlə yetirmək haramdır. Yəni qadağan olunub. Həzrət Məhəmmədin (s.ə.s) savaşla bağlı hədislərində hətta meyvə ağacını belə qırmamaq, suyu zəhərləməmək kimi tövsiyə var. İslam hüququ Peyğəmbər (s.ə.s) sünnəsini əsas aldığı üçün bu mənada nüvə silahı haramdır. Amma bilindiyi kimi, məsələn, Pakistan İslam Respublikası da nüvə silahına malikdir. Bu, düşmən ölkənin nüvə təhdidinə qarşı bir mənada özünüqoruma silahıdır. İranda çox illər əvvəl Ali Dini Lider Ayətullah Seyid Əli Xameneyi nüvə silahının haram olması ilə bağlı fətva verib. İran hökuməti də dini liderin fətvasını əsas göstərərək kütləvi qırğın silahı əldə etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Amma Qərb buna inanmır. Yəni problem nüvə silahından çox, siyasidir. Qarşılıqlı etimad məsələsidir. Qərb İranı regionda özünə əsas rəqib olaraq görür və bu səbəbdən də İslam Respublikasının bu cür fəaliyyətlərini şübhə altına alır. Qarşılıqlı etimad üçün siyasi dialoq, danışıqlar olmalıdır. Amma indiki halda bu yoxdur və bu səbəbdən də hər iki tərəf bir-birinə qarşı şübhəli və inamsızdır. İran müsəlman aləmində Qərb və İsrail əleyhinə qüvvələrə dəstək verir, bunu müqəddəs vəzifə elan edib. Qərb ölkələrinin fəaliyyəti isə xüsusən də son illərdə Yaxın Şərqdə o qədər də rəğbət doğurmur. Qasim Süleymaninin sui-qəsdi isə arada olan minimum dialoq cücərtilərini məhv etdi. İran dəfələrlə bəyan edib ki, nüvə enerjisini ucuz elektrik enerjisi, sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində istifadə etmək üçün əldə etmək istəyir. Bunu böyük ölçüdə BAEA da təsdiqləyib. Amma Vaşinqton qane olmur. Bu da dediyim kimi, qarşılıqlı etimadla bağlı məsələdir. Amma ümumilikdə hazırkı strateji xətlə iki ölkənin barışığı mümkün görünmür, ən azı yaxın illərdə”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161522

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930