“Avtoş” məmur övladları həbs olunur, bəs deputatın oğlu…

25.04.2014 - 10:19

“Avtoş” məmur övladları həbs olunur, bəs deputatın oğlu…

Ayaz Orucovun oğlu haqda ölçü götürülməməsi suallar doğurur
Prezident İlham Əliyevin qanunlara məhəl qoymayan qudurğan məmur balalarının cəzalandırılacağı, onların atalarının vəzifələrindən qovulacağı haqda çıxışı hüquq-mühafizə orqanlarını hərəkətə keçirib. Artıq məmur övladlarını qudurğan hərəkətlərinə görə tuturlar, övladlarına tərbiyə verə bilməyən atalarını da tutduğu vəzifədən qovurlar.
Bu yaxınlarda Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində “BMW X6” və “Lada Priora” avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayılmasının ardınca DİN onların hər ikisini həbs edib. T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər. 
Həmçinin T.Həsənov polis orqanlarından qovulub, atası Əliməmməd Həsənov isə vəzifəsindən çıxarılıb.
Bu il martın 15-də Suraxanı rayonu, Zığ şossesində Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı Az 10 NB 466 nömrə nişanlı avtomobilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun yüksək sürətlə idarə etdiyi “Mercedes-Benz G-55” markalı, Az 90 FE 007 nömrə nişanlı avtomobil çırpıldı. Nəticədə “VAZ-2106″da olan sərnişinlər – 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu olaydan sonra Mübariz Mədətov işdən qovuldu, oğlu Xalid Mədətov isə həbs olundu. Amma istisnalar da var. Məsələn, deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov kimi. 
O, Bakının ortasında, özü demiş, “kefinin saz” vaxtında 2 qadının olduğu maşına 8 güllə atıb. Amma ona “gözün üstə qaşın var” deyən olmadı. Gəlin tərəzinin bir gözünə Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun maşını yüksək sürətlə hərəkət etdirməsini, digərinə isə deputat oğlunun 2 qadının olduğu maşını Bakının ortasında 2 saata yaxın təqib edərək gülləbaran etməsini qoyaq. Cəmiyyət üçün hansının etdiyi hərəkət daha təhlükəlidir? 
Yada salaq ki, deputat Ayaz Orucov oğlunun Bakıda bir maşını gülləyə tutması barədə yayılan məlumatların yalan olduğunu demişdi.  
Ayaz Orucovun bu xəbərlərin əsassız olduğunu iddia etməsinə baxmayaraq, deputat oğlunun atəş açdığı maşında olan qadınlardan biri – Aynurə Cəfərova olayın məhz İsmayıl Orucov tərəfindən törədildiyini deyib. 
“Yeni Müsavat”a açıqlamasında A.Cəfərova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin İsmayıl Orucov barədə heç bir tədbir görülmədiyini açıqlamışdı. 
Prezidentin tapşırığına bu formada yanaşılmasının səbəbi nədir? A.Orucova və onun oğluna prezidentin tapşırığının şamil olunmaması kimlərin marağındadır? Hələlik bu suallara cavab verən yoxdur. Amma bu o demək deyil ki, bu sualların cavabı ümumiyyətlə olmayacaq.  

Short URL: http://www.cumhuriyyet.net/?p=16159

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930