“Rusiya təhlükəsi” hansı mərkəzdən idarə olunur?
26.04.2014 - 10:45

“Biz Rusiya ilə dost olmağa çalışmalıyıq. Qərbin avantüralarına boyun əymək lazım deyil”
Heç kimə sirr deyil ki, Rusiyanın Azərbaycana böyük təsiri var və bu təsir həmişə müxtəlif formalarda özünü göstərib. Azərbaycanın ən böyük problemi olan Dağlı Qarabağ məsələsi də birbaşa Rusiya faktoru ilə bağlıdır və 20 faiz ərazimizin işğalı Rusiyanın hesabına mümkün olub. Yəni bütün zamanlarda Rusiya Azərbaycana mümkün zərbələri endirməyə çalışıb. Bu gün də Rusiyanın ən böyük istəyi odur ki, Azərbaycan onun müstəmləkəsinə çevrilsin və bu ölkədə söz sahibi olsun.
Ancaq Azərbaycan hökumətinin Rusiya ilə dərin əlaqələri olduğu üçün, rus təhlükəsi haqqında heç vaxt cəmiyyətdə fikir formalaşmasını istəməyiblər.
Ancaq son zamanlar fərqli münasibət ortaya çıxıb və “Rusiya təhlükəsi”nin təbliğatı gedir. Rusiyanın Ukraynaya qarşı aqressiv münasibəti, Krımın ilhaqı bu təbliğatı arqumentləşdirdi. Ukrayna Avropa Birliyini seçdi və Rusiyanın yaratdığı “Gömrük Ittifaqı”na daxil olmadı. Bu baxımdan Azərbaycanın da eyni vəziyyətlə üzləşəcəyi proqnozlaşdırılır. Əslində, bu fikirlərdə məntiq var və real olacağı ehtimalı da az deyil.
Ancaq son günlər bu təhlükə barədə ardıcıl yazılanlar onu göstərir ki, bu iş vahid mərkəzdən idarə olunur. Sanki bu təbliğatla bağlı xüsusi hazırlığın getdiyi təəssüratı yaranır. Bəs, Rusiya təhlükəsini Azərbaycana “idxal” edən hansı qüvvələrdir?
Zahid Oruc: “Qərb Ukraynadakı inqilabın məsuliyyətini Rusiyanın üzərinə atmaq üçün antiRusiya dairələrinin sırasını genişləndirir”
Millət vəkili Zahid Oruc hesab edir ki, rus təhlükəsini Qərb dairələri və daxili politoloji dairələr qabardır: “Rusiyanın nəinki postsovet məkanına, bütün Avropa üçün təhlükə olduğu ilə bağlı beynəlxalq mətbuatda yüzminlərlə informasiya kütləsi istehsal olunur. Rusiya əleyhinə olan müəyyən dairələri hərəkətə keçirmək üçün “rus təhlükəsi”ni körükləyirlər və bu dairələrdən biri Qərbdir. Hesab edirəm ki, onlar Ukraynadakı inqilabi ssenarinin məsuliyyətini Rusiyanın ayağına yazmaq üçün, antiRusiya dairələrinin sırasını genişləndirirlər. Digər tərəfdən, Azərbaycanda olan politoloji dairələrin böyük əksəriyyəti antiRusiya platformasına kökləniblər. Və bu adamlar Rusiya faktoruna tarixi konteksdən yanaşırlar. Hesab edirəm ki, Rusiyanı tarixi hadisələr baxımından qiymətləndirmək yanlışdır. Yəni bu dairələrdən biri də daxili politoloji dairələrdir. Rusiya bu gün iqtisadi, hərbi, siyasi baxımdan güclənib. Biz Rusiya ilə dost olmağa çalışmalıyıq. Qərbin avantüralarına boyun əymək lazım deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16167