“Azərbaycan olduqca kritik bir məqamdadır”
“Belə çıxır ki, Ərdoğanın problemi, başağrısı Rauf Mirqədirov imiş”
“Heç zaman balanslaşdırılmış siyasətin tərəfdarı olmamışam, insanın bir üzü olmalıdır”
“Belə çıxır ki, Ərdoğanın problemi, başağrısı Rauf Mirqədirov imiş”
Elçin Şıxlı: “Ölkənin gündəmini başqa mövzular zəbt etdiyi bir dövrdə avtoşlar məsələsi gündəmi dəyişmək cəhdi idi”
Hazırda gündəmi məşğul edən əsas mövzulardan biri “Ayna” qəzetinin
əməkdaşı Rauf Mirqədirovun həbsiylə bağlıdır. Baş verən hadisədən artıq
bir neçə gün keçsə də, rəsmi açıqlamalar verilsə də, ancaq jurnalistin
həbsinin motivləri hələ də məlum deyil. Ona görə “Rauf Mirqədirov nəyə
görə həbs olunub?” sualı hələ də aktual olaraq qalır. “Ayna-Zerkalo”
qəzetlərinin baş redaktoru Elçin Şıxlı ilə müsahibəmizə elə bu suala
cavab almaqla başlamaq qərarına gəldik.
– Bir neçə gün keçsə də həbsin səbəbləri aydın deyil. Həbsin
motivlərinin nədən ibarət olmasına gəlincə, burada qəti fikir söyləmək
çətindir. Mənim üçün bu məsələ həddindən artıq ciddi olduğundan
ehtimallara əsaslanaraq fikir söyləmək istəmirəm. Rauf Mirqədirova qarşı
irəli sürülən ittiham həddindən artıq ciddidir.
– Elçin bəy, Rauf Mirqədirovun Türkiyəyə getməsinin səbəbləri
ilə bağlı da hazırda fərqli fikirlər söylənilir. Baxmayaraq ki,
qəzetdən bildirilib ki, Rauf Mirqədirov mətbu orqanının Türkiyədə
təmsilçisi idi. Amma başqa diqqət çəkən məqam Rauf Mirqədirovun həbs
olunması zamanı söylədiyi bir fikirdir. O, “sövdələşmə qurbanı olduğunu”
söyləyib. Bu baxımdan həbsin Ərdoğanın səfərindən sonraya təsadüf
etməsi diqqət çəkir. Bunu necə başa düşmək olar?
– Rauf Mirqədirovun Türkiyəyə getməsinin səbəbləri aydındır. Burada
heç bir siyasi motiv yox idi. Raufun şəxsi maraqları ilə onun ailəsinin
maraqları bir-birinə ziddiyyət təşkil etmədiyindən bu alındı. Təbii ki,
Rauf Mirqədirovun redaksiyadan şöbə müdiri kimi getməsini mən
istəmirdim. Amma həyatdır. Hər şey ola bilər. Ancaq Rauf Türkiyədən
bizim qəzetlər üçün rahat şəkildə yazılar yazırdı. Rauf Mirqədirovun
həbsdən öncə söylədiklərinə gəlincə, mən təəssüf ki, onu görməmişəm.
Hələ bu gedişlə görəcəyimizə də ümid azdır. Onun nə söylədiyini deyə
bilmərəm. Amma belə fikir var ki, onun söylədikləri ümumi kontekstdən
kənara çıxır. Ərdoğanın Əliyevə siyahı verdiyi deyilir. Mən bu siyahını
görməmişəm. Amma Türkiyə ilə Azərbaycan hazırda bir-birilə o qədər
yaxınlaşıb ki, Türkiyənin çirkli çamaşırlarının tullantıları, təəssüf
ki, Azərbaycana da gəlib çatıb. Ərdoğan bəlkə də özünü Türkiyə sayır.
Amma mənim üçün Türkiyə Türkiyədir, ancaq Ərdoğan bu gün olan, sabah isə
olmayan bir hakimiyyətdir. Türkiyəyə olan münasibət, sevgi tam başqa
bir şeydir. Təəssüf ki, Ərdoğan daxili siyasi çəkişmələrini Azərbaycana
da gətirib çıxarıb. Azərbaycanla Türkiyə nə qədər yaxın olsa da biz
müstəqil dövlətik və bizim öz maraqlarımız var. Türkiyədəki hakimiyyət
çəkişməsinin Azərbaycana təsiri olmamalıdır. Ərdoğan Antaliyadakı
istirahətini yarımçıq qoyub, Bakıya səfər edəndə düşündüm ki, o,
Azərbaycanla hərbi əməkdaşlığı möhkəmləndirməyə gəlir. Amma belə çıxır
ki, Ərdoğanın səfərinin məqsədi özünün seçki problemi imiş. Belə çıxır
ki, Ərdoğanın problemi, başağrısı Mirqədirov imiş. Gülməlidir.
“Xalq diplomatiyası fayda verə bilməz”
– Rəsmilər deyir ki, heç bir halda Ermənistanla təmaslar
olmaz. Elə Rauf bəyə də irəli sürülən ittihamlar bununla bağlıdır. Amma
elə bir müddət əvvəl Polad Bülbüloğlu başda olmaqla Ermənistana
Azərbaycandan nümayəndə heyəti getmişdi…
– Mənim xalq diplomatiyasına münasibətim bir qədər fərqlidir. Xalq
diplomatiyası yalnız o zaman təsirli ola bilər ki, yuxarılar hansısa
yaxınlaşma prosesinə “hə” deyiblər. Bizdə bu yaxınlaşma prosesinə
təəssüf ki, “hə” deyilməyib. Biz Ermənistandakı vətəndaş cəmiyyətinin
təmsilçiləri ilə Gürcüstanda, ABŞ-da başqa ölkələrdə görüşsək də bunun
Qarabağ münaqişəsinin həllinə təsiri yoxdur və ola da bilməz. Bu xalq
diplomatiyası sıravi əsgərlərin bir-birinə münasibətidir. Amma yuxarıda
generallar nə deyirsə, o olur. Çünki hücuma əmri məhz generallar verir.
Münaqişənin həlli yalnız geosiyasi mənada Azərbaycan və Ermənistandan
asılı olsaydı, bu problem çözülərdi. Amma bizim münasibətlərimizdən heç
nə asılı deyil. Ortada Rusiya amili var.
Polad Bülbüloğlunun öncə Şuşaya, daha sonra Yerevana səfər etməsinin
müqabilində erməni ziyalılarının Bakıya səfəri yalnız bir müddət
gündəmdə qaldı. Daha sonra bu kampaniya unuduldu. O zaman bu təşəbbüsü
qınayanlar, şəxsən Polad Bülbüloğluya təzyiq edənlər də olmuşdu.
“Qərbə bel bağlamağa ehtiyat edirəm”
– Hazırda Ukrayna hadisələrinin fonunda regionda ciddi
proseslər cərəyan edir. Avropa Birliyinin və NATO-nun Azərbaycana marağı
artıb. Azərbaycan həm geosiyasi, həm də enerji baxımından Rusiyaya
alternativ kimi göstərilir. Amma Azərbaycana marağın artmasının fonunda
hakimiyyət daxildə demokratik ictimaiyyətə qarşı təzyiqləri
artırmaqdadır…
– Qərb Azərbaycana bir alternativ kimi baxır. Ilk baxışdan bu adama
müsbət tendensiya kimi gəlir. Çünki bu göstərir ki, Rusiya kimi ölkəyə
alternativ ola bilərik. Amma iş orasındadır ki, son zamanlar Qərbə bel
bağlamağa ehtiyat edirəm. Çünki hazırda Qərbin özünü dişsiz aparmasının
şahidiyəm. Inanmıram ki, Azərbaycan sabah desə ki, Qərb və NATO ilə
əməkdaşlığa hazıram, Qərb onun arxasında dayanacaq. Azərbaycanın
arxasından birinci Türkiyə qaçacaq. Mən, ümumiyyətlə, Qərbə inteqrasiya
tərəfdarıyam. Düzdür, ideal cəmiyyət yoxdur. Amma Qərbdə dəyərlərin
işləmə dərəcəsi bizdən xeyli yüksəkdir. Azərbaycan xarici siyasət
baxımından olduqca kritik bir məqamdadır. Heç zaman balanslaşdırılmış
siyasətin tərəfdarı olmamışam. Insanın bir üzü olmalıdır. Ya bu tərəfdə
olmalısan, ya da o biri tərəfdə. Azərbaycan kiçik dövlətdir. Ona görə
Azərbaycan suyu da üfürə-üfürə içməlidir. 2008-ci ilin avqustunda
Gürcüstanda Qərb bu dövlətin arxasında dayanmadı. Rusiya ölkəni yarıya
qədər tutmuşdu. Yalnız Saakaşvilinin şəxsi dəlisovluğu nəticəsində
ruslar Tiflisi tutmadı. Suriyanın özündə millətin qırılması 4 ilə
yaxınlaşır. Ya Qərb, ümumiyyətlə, bu regiona yaxın durmamalı, ya da
xalqın Əsədin siyasəti ilə razılaşmasını sükutla izləməli idi. Nəticədə
də bu qədər qırğın olmayacaqdı. Qərb Ərəb dünyasında proseslərə başlasa
da, sona qədər getmədi. Rusiya Qərbin təzyiqi altında geri çəkilirdi.
Rusiya Suriyanı əldən vermiş kimi idi. Amma Qərb tərəfindən qətiyyəti
görməyəndə Putin dirçəldi. Hazırda da qırğın buna görə uzanır.
Azərbaycan hakimiyyətinin daxildə ictimaiyyətə qarşı təzyiqlərini
gücləndirməsinə gəlincə, bu, iqtidarda sovet dövründən qalmış düşüncənin
təzahürüdür. Hakimiyyətdə hələ də sovet dövrünün düşüncəsi ilə yaşayan
məmurlar var. Elə məmurlar var ki, onlar vəzifə olmadan sıfırdan
aşağıdırlar. Onlar da sıfırdan aşağı səviyyəyə düşməmək üçün həmin
kürsüdən möhkəm yapışıblar. Kürsünü də itirməmək üçün həmin şəxslər azad
fikrin, bunlarla razılaşmayan insanların səsini kəsməyə razılaşırlar.
Bu, ölkənin, millətin xeyrinə deyil. Elə bir atmosfer yaranır ki, sabah
Həsənin yerinə, Hüseyn gələndə Hüseyn Həsəndən ona etdiklərinin qisasını
almağa başlayacaq. Belə olmamalıdır. Qarşılıqlı nifrət, qarşılıqlı
qisasçılıq hissini aşılamaq olmaz. “NIDA”çı gənclərin həbsini götürək.
Onların heç bir günahı yoxdur. Etirazlarını flaşmoblar və başqa dinc
vasitələrlə bildiriblər. Burada nə var ki?..
– Artıq on gündən artıqdır ki, “NIDA”çı gənclər aclıq
aksiyası keçirirlər. Amma hakimiyyət təmsilçilərindən heç kim buna
reaksiya vermir. Bunu necə qiymətləndirmək olar…
– Bu həmin keçmiş düşüncəli insanların yaratdığı atmosferin
nəticəsildir. Onlar aclıq aksiyasına belə reaksiya verirlər ki, “qoy
etsinlər, axırı aksiyanı dayandıracaqlar da”. Digər tərəfdən,
“NIDA”çılar hazırda həbsdədirlər. Bu tip müəssisələrdə məhbusların zorla
yedizdirilməsi də mümkündür. Bizim məmurların düşüncəsi belə formalaşıb
ki, onlar oturduqları yerdən tərpənmək istəmirlər. Amma tərpənmək,
dəyişmək lazımdır. Insana onun özünə görə qiymət vermək gərəkdir. Onun
tutduğu vəzifəyə görə yox. Hazırda vəzifədə olan insanların qarşısında
baş əyənlər, onlara yaltaqlananlar həmin şəxs vəzifədən gedən kimi ona
birinci təpiyi özü vuracaq.
“Məmur övladlarının heç bir günahı yoxdur”
– Hazırda məmur övladlarının avtoşluğu gündəmi zəbt etsə də,
hakimiyyət bu məsələdə ikili standartlar tətbiq edir. Halbuki hakimiyyət
başqa vaxtı beynəlxalq təşkilatları ikili standartlarda ittiham edir.
Nəyə görə bu şəxslərlə bağlı tədbir görülmür?
– Çünki tədbir görülə bilməz. Bu adamların hamısı öz adamlarıdır.
Digər tərəfdən, ölkənin gündəmini başqa mövzular zəbt etdiyi bir dövrdə
avtoşlar məsələsi gündəmi dəyişmək cəhdi oldu. Istənilən adam sürəti
110-a qədər qaldıra bilər. Amma ağlı başında olan adam heç zaman 200 və
ya 300-lə maşın sürməz. Köhnə sovet maşını ilə 250 km sürət yığmaq
olarmı? Bu sürəti yığa bilən avtomobilin qiyməti çox bahadır. Bəs bu
maşınların qiymətinin fonunda məmurların əmək haqqı niyə hesablanmır?
Bütün bunlar korrupsiyadan irəli gəlir. Həmin uşaqların da heç bir
günahı yoxdur. Çünki onlar valideynlərinə baxıb nümunə götürürlər.
– Məmur övladları ilə bağlı yayılan informasiyaları kompromat savaşı kimi dəyərləndirənlər də var…
– Bəli, həqiqətən bu belədir. Bu, məmurlar arasında kompromat
savaşının bir təzahürüdür. Biz vaxtaşırı olaraq bu savaşın şahidi
oluruq. Bu məmur övladlarının maşınlardan gözəl başı çıxır. Amma bir
soruşan lazımdır ki, ay bala, sən Anri Barbüsü, Markezi tanıyırsanmı?
Bizim hətta üzdə olan ziyalılarımız belə düşünürdülər ki, Markezi
müğənni kimi tanıyırmış. Heç kim kitab oxumur. Bu, cəmiyyətin
faciəsidir. Bəzi məmur övladlarının xaricdə təhsil aldıqları söylənilir.
Amma onların əksəriyyəti sadəcə dərslərdə seyirçi olublar. Orada isə
pul ilə diplom almaq mümkün olmur.
– Hazırda bir neçə ictimai fəal həbsdədir. Hüquq müdafiəçisi
Anar Məmmədli xaricdən gələn qrantları guya mənimsəməkdə ittiham edilir.
Amma Hesablama Palatasında Xarici Işlər Nazirliyində, Səhiyyə
Nazirliyində dövlət vəsaitinin mənimsənilməsiylə bağlı faktlara
münasibət bildirilmir…
– Bu sadəcə olaraq biabırçılıqdar. Bu hesabatlardakı faktlara
hakimiyyətmdaxilində fikir verilir. Sadəcə olaraq həmin hesabatlarla
bağlı haqq-hesabın çəkilməsi ictimaiyyətdən gizlin aparılır. Ictimai
fəalların həbsinə gəlincə, bu, hakimiyyətin siyasətidir.
Azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=16176