Falçı qadının inanılmaz fırıldaqları…
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan
Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Saraxanım Süleyman qızı
Babayevanın məhkəmə prosesi keçirilir.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Cavid Hüseynov sədrlik edir.
İstintaq yolu ilə müəyyən edilib ki, Saraxanım Babayeva özünü “ilahi
qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından
sui-istifadə edib və onları aldadıb. O, Turanə Məmmədli adlı vətəndaşın
evlərində baş verəcək faciənin qarşısını alacağını vəd edərək sonuncunun
1500 manat pulunu mənimsəyib. Gələcəkdə evləri söküləndə T.Məmmədliyə
böyük məbləğdə pul veriləcəyinə inandıraraq onu öz yaşadığı evə
qeydiyyata saldırmaq adı ilə daha 5500 manat pulunu alıb.
Bundan başqa S.Babayeva xeyriyyə tədbirlərinin birində tanış olduğu
Təranə Mərdanovaya yüksək vəzifəli şəxslərlə tanış olduğunu deyərək onu
nüfuzlu dövlət qurumlarının birində şöbə müdiri vəzifəsinə işə
düzəldəcəyinə söz verib. T.Mərdanovanı aldadaraq 25 min manat pulunu və
külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib.
Törətdiyi cinayət əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin
178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Əvvəllər də
dələduzluğa görə həbsdə yatmış S.Babayeva barəsində başqa yerə getməmək
haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Saraxanım Babayeva istintaq
zamanı ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O,
ifadəsində uzun illər baxıcılıqla məşğul olduğunu göstərib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Turanə Məmmədlini baldızı qızının vasitəsilə tanıyıb: “Turanə
fala baxdırmaq üçün yanıma gəldi, sevdiyi oğlanla münasibətlərinin
qaydaya salınmasına kömək göstərməyimi xahiş etdi. Bu işə görə Turanədən
ayrı-ayrı vaxtlarda 1500 manat almışam. Lakin qız oğlana şər atdığına
görə onların münasibətləri düzəlmədi. Turanəni evə qeydiyyata saldırmaq
üçün ondan 4 min manat almamışam. Turanə bunu yalan deyir”.
S.Babayeva ifadəsində Təranə Mərdanova ilə uşaq evində tanış olduqlarını, onu işə düzəltmək adı iləheç vaxt aldatmadığını göstərib: “Bir
nəfər tanışım yetim evinə yardım apararkən məni də özü ilə aparmışdı.
Təranə Mərdanova ilə orada tanış olduq. Təranə Dubaydan mal gətirib
satırdı. Ondan bir neçə mal alsam da maddi imkanım olmadığına görə ödəyə
bilmirdim. Təranəni işə düzəltmək üçün ondan pul və qızıl-zinət
əşyaları almamışam. Bunların hamısı şər-böhtandır”.
Zərərçəkmiş Turanə Məmmədli ifadəsində fala baxdırmaq üçün Saraxanım Babayevanın
yaşadığı evə getdiyini bildirib. Falçı qadının ona “sənin bəxtini
bağlayıblar, ailənizin başında böyük faciə var” deməsi gənc qızı təşvişə
salıb: “Dedi ki, atan ağır xəstədir, ailənizin başında faciə
var. Bu işlərdə kömək edəcəyini bildirdi və öz mobil nömrəsini mənə
verdi. Görəcəyi işlərin qarşılığında əvvəlcə 500 manat aldı. Tez-tez
zəng vurub məni evinə çağırır, müxtəlif məbləğdə pul, qənd, çay, şampun,
yumurta, yorğan-döşək və s. istəyirdi. Mən də ailəmin təhlükəsizliyi
naminə onun dediklərinə əməl edirdim.
Tanışlığımızdan bir qədər sonra Saraxanım dedi ki, yaşadığı ev bu
yaxınlarda söküləcək, gəl səni bura qeydiyyata saldırım, evlər söküləndə
sənin də payına pul düşsün. Onun vədinə inanıb əvvəl 400, sonra isə 600
manat verdim. Pulu alması və məni öz evinə qeydiyyata saldırması barədə
heç kimə heç nə deməməyi tapşırdı”.
Falçı qadının toruna düşənlərdən digəri isə müəllimədir. Hazırda ikinci ali təhsil aldığını deyən Təranə Mərdanova baxıcının onu necə aldatmasından danışır: “Saraxanımla
ilk dəfə baxıcılıq fəaliyyəti ilə əlaqədar tanış olmuşuq. İlk görüş
zamanı Saraxanım Hüseyn adlı şəxsin xeyriyyəçilik etmək istədiyini
bildirdi. Mən də onu tədbirə qoşaraq Şüvəlan qəsəbəsindəki uşaq evinin
müdirəsi ilə danışdırdım. Hüseyn 155 xəstə uşağa yardım etmək istədiyini
dedi. 2013-cü il, avqustun 3-də Saraxanım həmin uşaq evinə Hüseynlə
birlikdə gəldi. Tanışlıq vaxtı Saraxanım dedi ki, yaxşı əlaqələri var.
Hüquq fakültəsində oxuduğumu öyrənincə dedi ki, səni Telman adlı
tanışımın vasitəsilə şöbə müdiri vəzifəsinə düzəldə bilərəm. Mənə
Telmanın nömrəsini verdi, onunla danışdım. O da Saraxanımın dediklərini
təsdiqlədi. Bir neçə gündən sonra Saraxanım zəng vurub bu iş üçün 50 min
manat vermək lazım olduğunu dedi. Ona bu qədər pulumun olmadığını, amma
25 min manat və qızıl-zinət əşyalarımı verə biləcəyimi dedim. Ötən il
yanvar ayının 10-da qızılları və pulu Saraxanımın evində ona gətirib
verdim”.
Zərərçəkənin sözlərinə görə, falçı qadın ona 2014-cü il, mart ayının
27-də işə çıxacağını deyib. Amma sonradan bu iş baş tutmayıb. Belə ki,
zərərçəkən bir müddət gözləyəndən sonra S.Babayeva ilə əlaqə saxlayaraq
nə baş verdiyini soruşub.
Cavab gənc hüquqşünası şoka salıb. Saraxanım Babayevanın
“Telman deyir, gərək əvvəlcə onunla bağa gedib kef çəkəsən, sonra iş
məsələsinə baxarıq” deməsindən əsəbiləşən qadın o pulu kef çəkmək üçün
deyil, işə düzəlmək üçün verdiyini bildirib. Və bu səbəbdən də pullarını
geri tələb etməyə başlayıb.
Baxıcı qadın əvvəlcə pulları qaytaracağına söz versə də sonradan müəlliməni şantaj etməyə başlayıb.
T.Mərdanovanın dediklərindən: “Mənə deyirdi beş
kişini gətirib üzünə qoyarıq ki, əxlaqsızlıqla məşğul olursan, qadınları
Dubaya, Türkiyəyə aparıb satırsan, şəhid ailəsinin həbsdə olan oğlunu
azad etdirmək üçün onlardan 50 min manat almısan. Nömrəmi tanımadığım
şəxslərə verib mənə zəng etdirirdilər, narahat edirdilər. Telefon
danışıqlarını diktofon vasitəsilə telefonun yaddaşına köçürtdüm.
Nəhayət, ötən ilin aprel ayında Saraxanımın evinə getdim. Mənim
haqqımda o cür sözlər dediyi zaman əsəbi olduğunu bildirdi və iki-üç
gündən sonra pulları və qızılları qaytaracağını dedi. Amma verdiyi sözə
əməl etmədi”.
Zərərçəkmişin sözlərinə görə, bu söz-söhbətlərdən sonra Mahizər
Həsənova adlı bir qadın ona zəng vuraraq “oğlumu həbsdən azad etdirmək
üçün sənə 50 min manat vermişəm” deyib. Bir neçə gündən sonra M.Həsənova
Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gedərək Təranə
Mərdanovadan şikayət edib. Bundan sonra Təranə Mərdanova Saraxanım
Babayeva barədə polis və prokurorluq orqanlarına ərizə ilə müraciət
edib. T.Mərdanova nə Mahizər Həsənovanı, nə də onun oğlunu tanımadığını,
vəkillik fəaliyyəti ilə məşğul olmadığını, onlardan 50 min manat
almadığını bildirib.
T.Mərdanovanın sözlərinə görə, Saraxanım Babayeva Mahizər Həsənova
ilə qohum və həmyerlidir. S.Babayeva onun pulunu və qızıllarını
qaytarmamaq üçün M.Həsənova vasitəsilə ona şər atır.
Bu cinayət işi üzrə proses davam edir. Növbəti məhkəmə prosesi fevralın 13-də olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=16196