Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi beynəlxalq konvensiyalara hörmətsizlikdir
“Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Ermənistanın “mina müharibəsi”ni davam etdirdiyinə sübutdur.” Bu fikri “İki sahil”ə açıqlamasında Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev bildirib.
Seymur Əliyevin sözlərinə görə, Ermənistanın vaxtiylə işğalda saxladığı ərazilərin böyük bir qismini minalaması, işğalçı dövlətin militarizasuya siyasətinin miqyas və mahiyyətindən xəbər verir: “Ermənistanın yarandığı ilk gündən etibarən militarizasiya siyasətinə üstünlük verdiyi, bunu dövlət siyasəti səviyyəsinə yüksəltdiyi heç kimə sirr deyil. Zəif iqtisadiyyata malik olan, sosial problemlər məngənəsində sıxılan, xarici borc və kredit bataqlığında boğulan Ermənistanın bütün maddi resursunu silah-sursata sərf etməsi, öz himayədarlarının dəstəyi ilə ölkmizə qarşı işğalçılıq siyasəti yürütməsi bir qərinəyə yaxındır ki, bütün regionun həyatına öz mənfi təsirini göstərməkdədir.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək 30 illik işğala son qoydu. Lakin ötən ilin 10 noyabr tarixində faktiki olaraq kapitulyasiya haqqında saziş imzalayan Ermənistan, bu günə qədər də minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Məqsəd heç şühəsiz Azərbaycan tərəfini itkilərə məruz qoymaq, 30 ilə yaxındır ki, öz doğma el-obasından didərgin salınan insanların doğma yurdlarına qayıtmasını əngəlləmək, bu prosesi ləngitməkdir. Bu, həm də Ermənistanın ölkəmizə qarşı “mina müharibəsi”ni faktiki olaraq davam etdirdiyini göstərir.
Rəsmi İrəvanın 10 noyabr bəyanatından bugünə qədər minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi, müxtəlif bəhanələrlə bundan imtina etməsi onun məkrili niyyətindən, militarist siyasətindən xəbər verir. Bu fakt bir daha sübut edir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı deyil. Əksinə, Azərbayacana qarşı mina müharibəsini davam etdirən Ermənistan, bununla həm də insan hüquqlarına, beynəlxalq hüquqi aktlara qarşı açıq hörmətsizlik göstərir, ali hüquqi-mənəvi dəyərlərə qəsd edir.
Bu isə o deməkdir ki, Ermənistanın “mina müharibəsi”nə qarşı sadəcə Azərbaycan və region dövlətləri deyil, bütün dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar mübarizə aparmalı, Ermənistana qarşı təzyiq və sanksiyalar tətbiq edilməldir. Nə qədər ki, Ermənistana qarşı beynəlxalq təzyiq yoxdur, nə qədər ki, dünyanın aparıcı dövlətləri təcavüzkar dövlətin on illərdir ki, davam edən təxribatlarına göz yumur, rəsmi İrəvan bütün regionda sülh və təhlükəsizlik üçün başlıca təhdid mənbəyi olaraq qalacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=162031