"Ermənistanla Türkiyə gizli anlaşıb"

05.06.2014 - 20:50

“Türkiyə prezidenti “soyqırım”ın 100 illiyində İrəvana gedəcək və bununla da erməni-türk barışığının ikinci mərhələsi başlayacaq…”
“Serj Sərkisyan öz qarşısına ermənilərin “soyqırımı” məsələsini təzədən dərk eləmək və problemi başqa səviyyəyə çıxarmaq kimi bir məqsəd qoymayıb, ildönümü də öz nüfuzunu artırmaq üçün ucuz şouya çevirməkdən ötrü istifadə edir. Özü də elə bir zamanda ki, “genosid”in 100 illiyi toplumun konsolidasiyası üçün gözəl fürsət yaradır”. Bu barədə Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan ilur.am saytındakı məqaləsində yazıb. Petrosyan Sərkisyanın bir sıra fikirlərinin narahatlıq doğurduğunu bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan müəyyən fasilədən sonra yenə yanlış olaraq “genosid”in beynəlxalq tanınma məsələsini xarici siyasətin məhək daşına çevirməyə cəhd edir. Sitat: “Belə mövqeyi effektlilik baxımından axıradək doğru hesablandığına əmin deyiləm, ələlxüsus da nəzərə alanda ki, “soyqırımı” ən çox ölkə məhz bu mövqedən Ermənistan hakimiyyəti imtina etdiyi dövrdə tanıyıb”. Türkiyə prezidentinin Ermənistana səfərə dəvət edilməsinə toxunan sabiq prezident deyib: “Şəxsən mən bunu cəsarət nümunəsi sayanlarla razı deyiləm, əksinə, o fikirləri bölüşürəm ki, dəvət üçüncü tərəfin vasitəçiliyi ilə Ermənistanla Türkiyə arasında anlaşmanın nəticəsidir. O üzdən istisna eləmirəm ki, Türkiyə prezidenti həqiqətən Ermənistana gələ və hətta “soyqırım” abidəsi önünə gül də qoya bilər. Bu il aprelin 23-də Türkiyə hökuməti adından ilk dəfə olaraq baş nazir Ərdoğan qətliam faktını etiraf elədi və hətta ölənlərin yaxınlarına başsağlığı verdi.      Odur ki, bu dövlətin rəhbəri əklil qoyma mərasimində iştirakdan hansısa rahatsızlıq hiss etməyəcək. Erməni tərəfi səfəri “genosidin” qismən tanınması kimi qiymətləndirə bilər, Türkiyə tərəfi isə bunu öz ölkəsinin vətəndaşlarının xatirəsinə sayğı kimi təqdim edəcək. Onu da qeyd edim ki, bu səfərlə erməni-türk barışığının ikinci mərhələsi başlayacaq – əgər əlbəttə ki, 100 illik ərəfəsində ikitərəfli təbliğat və antitəbliğat səfəri mümkünsüz edən etiraz dalğalarına gətirməsə…”  
Qeyd edək ki, Sərkisyanın dəvəti ilə bağlı Azərbaycanda və Türkiyədə də siyasi-ekspert dairələrində bu qəbildən bənzər fikirlər səslənir. O sırada Sürix protokollarının təzədən gündəmə gətirilməsinin vacibliyi yönündə son vaxtlar Qərb diplomatlarının dilindən tez-tez açıqlamalar verilməkdə, təkliflər səslənməkdədir. Krım, Ukrayna böhranından sonra isə Türkiyəyə və Ermənistana ünvanlı belə mesajlar artıb. Aydındır ki, Petrosyan “üçüncü tərəfin vasitəçiliyi” deyəndə elə Qərb – əsasən ABŞ və Fransa nəzərdə tutulur. Lakin rəsmi Ankara bir neçə dəfə bəyan edib ki, sərhədlərin açılması yalnız Qarabağ məsələsində real irəliləyiş olacağı, yəni Azərbaycanın işğal altındakı rayonlarından heç olmasa, bir neçəsi qeyd-şərtsiz azad ediləcəyi halda mümkündür. İrəvan isə Moskvanın qorxusundan hələ ki, bu mövqeyə yaxınlaşa bilmir. Ermənistanın Gömrük İttifaqına qoşulmasından sonra işğalçı ölkə daha qəliz duruma düşüb və onun müstəqil siyasət aparmaq imkanları minimuma enib. İstənilən halda, Ter-Petrosyanın fikirlərində düşündürücü elementlər az deyil. Qalır gizli anlaşmaya qardaş ölkə rəsmilərinin reaksiyası. Ümid edək ki, türkdilli ölkələrin Bodrum zirvə toplantısında qardaş ölkə rəsmiləri bu xüsusda şübhələrə bir daha aydınlıq gətirəcəklər. /Musavat.com/

Short URL: http://www.cumhuriyyet.net/?p=16266

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31