"Kapitalbank"ın İsmayıllı filialında maxinasiya
İsmayıllı rayon sakinləri “Kapitalbank”ın yerli filialından narazıdır.
Onlar AzadlıqRadiosunun bölgə müxbirinə bu bankın bürokratik
əngəllərinin bitmədiyini söyləyirlər. Sakinlər bir neçə ay öncə sovet
dönəmindənqalma əmanətlərini alarkən heç bir qeydsiz pul tutulduğunu
bildirmiş, bu şikayət mediada da əksini tapmışdı. Onlar indi də filialın
açıq reklam etdiyi öz kredit qaydalarını pozmasından, daha doğrusu, heç
bir qaydaya əməl etməməsindən şikayətlənirlər.
“140 AZN PUL TUTDULAR, 20 AZN-IN QƏBZİNİ VERDİLƏR”
Rayon sakini Sadiq Umudlu bir ay əvvəl “Kapitalbank” İsmayıllı filialından 2 min manat kredit götürdüyünü deyir, amma:”Məndən müxtəlif bəhanələrlə 140 AZN pul tutdular və mənə 1860 AZN
verdilər. Kassadan pulu alanda, mənə 20 AZN tutulması haqqında qəbz
verdilər… 120 AZN-in hara getdiyini təsdiqləyəcək sənəd ortaya
çıxmadı. İndi mən 2400 manatdan çox pul ödəməliyəm. Üstünə 140 manatı da
gələndə, haradasa 40%-dən yuxarı edir. Ancaq bankda yazıb reklam
edirlər ki, guya bunlar 20-23%-lə kredit verirlər. Görün, vətəndaşı necə
aldadıb cibinə girirlər. Adam çarəsiz qalıb kreditə girir, bunlar da
belə edirlər. Başqa tanıdıqlarım var, məndən sonra 2500 AZN kredit
götürüb, ondan 100 AZN alıblar, daha bir nəfər 6000 AZN kredit götürüb,
ondan 485 AZN pul tutublar. Bunu hansı əsasla edirlər? Beləcə, ölü
vəziyyətində olan vətəndaşı bir az da quyunun dibinə itələyirlər”.
“ÇOX MƏSƏLƏLƏRİ KREDİT ALAN ŞƏXSLƏRDƏN GİZLƏDİRLƏR”
Kimliyinin açıqlanmasını istəməyən başqa bir şikayətçi həmin filialdan 2500 manat kredit götürdüyünü deyir: “Buna görə məndən azı 100 manat pul tutdular. Özlərində qalan sənədlərə
qeyd etsələr də, çox məsələləri kredit alan şəxslərdən gizlədirlər.
Bilirsiniz, biz gənc ailəyik, istəyirik ki, nəsə bir şərait quraq. Buna
görə də məcburuq banklardan kredit götürək… Banklara nəzarət
olmadığına görə kim necə istəyir, elə də qayda tətbiq edir. Dirəşib
etiraz edəndə də deyirlər ki, biz sizi kredit götürməyə məcbur
eləməmişik ki… Xoşunuz gəlmir, gedin başqa yerdən alın. İmkansızlıq
insanı çox sıxır, ona görə də razılaşmaq zorundayıq. Ancaq şəxsən mən bu
qaydalarla razı deyiləm, bunun bir adı var – soyğunçuluq. Hər birimiz
bilirik ki, bankların arxasında kimlər durur. Baxın, rəsmilər öz
vətəndaşlarını banklarla soyub talayırlar. Ölkədə normal iş, əməkhaqqı
olsa, kimin nəyinə lazımdır kredit almaq? Qəsdən ölkədə belə şərait
yaradıblar ki, qoy vətəndaş həmişə bir qarın çörəyini düşünsün”.
“KAPİTALBANK” FİLİALININ SƏDRİ: “BELƏ ŞEYLƏR BİZDƏ YOXDUR…”
“Kapitalbank”ın İsmayıllı filialının müdiri Yusif Abbasov sakinlərin durumunu anladığını, amma deyilənlərlə razılaşmadığını bildirdi: “O məsələlər ümumiyyətlə mümkün deyil. Nə tutulma varsa, bu haqda kredit
götürən şəxsə qəbz verilir və qəpiyinədək qeyd olunur. Komisyonhaqqı
və xidməthaqqı tutulur və vətəndaşlara yazılı qəbz təqdim edilir. Mən
özüm şəxsən pul alan vətəndaşları qəbul edir, onlara verilən çeklərə və
digər sənədlərə baxıb yola salıram. Hansısa vətəndaşın narazılığı varsa,
buyursun ona verilmiş çeklə bərabər gəlsin. Mən çox məmnuniyyətlə
onları qəbul edib izah edim ki, bütün bunlar hansı prosedurlardan keçir.
Orada yenə deyirəm, bir manat belə “kiməsə hörmət elədim”, “kiməsə
artıq pul verdim” məsələsi ola bilməz. Birincisi ola bilməz, ikincisi də
odur ki, bütün əməliyyatlara nəzarət edirəm. Tam səmimi deyirəm. Biz də
bilirik ki, insanlar kefdən gəlib kredit götürmürlər. Hərənin min dərdi
var. Vətəndaşın qəpiyinə, manatına göz dikmək yaxşı iş olmazdı. Şükür
ki, belə şeylər bizdə yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16271