"Hafka"nın çökməsi xəbərlərinin müdhiş sirri

06.06.2014 - 10:31

Ziya Məmmədovla şəriki sərvətlərini xaricə daşıyır

 

 

Nəqliyyat naziri və onun biznes
ortağı Hafiz Məmmədov hər an vurula biləcəklərindən narahatdırlar; onlar
varidatlarını qarantiyaya almaq üçün “Baghlan Group”un iflas olması
blefindən istifadə edirlər; necə olur ki, Bakıda işçilərinin maaşını
verə bilməyən biznesmen Britaniyada 50 milyona klub alır?

Nəqliyyat naziri Ziya Məmmədov və
onun bir sıra böyük biznes layihələrindəki ortağı “Baghlan Group”un
“Hafka” ləqəbli rəhbəri Hafiz Məmmədovla bağlı yeni məlumatlar əldə
etmişik. Həmin məlumatlarda H.Məmmədovun Azərbaycandakı biznesini müflis
elan etməsinin müdhiş sirrindən bəhs olunur.

Aldığımız xəbərlərdə bildirilir ki, “Bank of Azeribaijan”ın Hafiz
Məmmədovdan alındığının elan olunması, onun sahibi olduğu “Bakı”
klubunda futbolçuların və texniki heyətin maaşının aylardır verilməməsi,
klubun satışa çıxarılması, “Hafka”nın tikinti şirkətlərində işçilərə
bir neçə ay öncədən kütləvi ixtisarlarla bağlı xəbərdarlıqların edilməsi
və tikinti işlərinin dayandırılacağının bildirilməsi əslində blefdir.
Bununla bağlı danışan məlumatlı şəxs bu blefin səbəbini belə izah edir:
“Hafiz Məmmədov özü və onun bağlı olduğu nəqliyyat naziri Ziya Məmmədov
hakimiyyətdə çox güclü qrupların hədəfindədir. Bunun bir sıra siyasi və
iqtisadi səbəbləri var. 

Ziya Məmmədov son illərdə bir qədər zəiflədilmişdi. Ancaq qudası
Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna təyin olunmasından sonra
o, faktiki olaraq azı hökumətdəki iki nazir kürsüsünün sahibinə
çevrildi. Bununla da vəziyyəti xeyli yaxşılaşdı və imkanları genişləndi.
Kənd təsərrüfatı naziri postu uğrunda isə neçə vaxtdır hakimiyyətdəki
başqa bir güclü qrup da mübarizə aparırdı. Ziya Məmmədovun bu
mübarizədən qalib çıxması isə nəqliyyat naziri ilə rəqib qrup arasındakı
savaşı yenidən qızışdırıb. Bu savaşda Ziya Məmmədovun bir sıra
yanlışlıqlara yol verməsi isə onu yenidən zəif duruma düşürüb. Həm də
Z.Məmmədov və ona bağlı Hafiz Məmmədov da daxil olmaqla, bir sıra
şəxslərin hakimiyyətdən gizli maxinasiyalara yol vermələri ilə bağlı
ölkə rəhbərliyinə məlumatlar çatdırılıb. Gizli maxinasiyalarla bağlı
Məmmədov qrupunun ən ciddi yayındırmaları və qaçaq yanacaq daşınması
sahəsində olduğu üzə çıxıb. Bu isə hakimiyyətin ən həssas və strateji
yanaşdığı sahələrdən biridir. 

Həmin məlumatlar aparılan dəqiqləşdirmələrlə öz təsdiqini tapıb.
Bundan başqa, o da bəlli olub ki, əslində Hafiz Məmmədov Fransanın
“Lans” klubunu alaraq və İspaniyanın “Atletiko” Madrid klubuna
investorluq edərək dünyada Azərbaycan təbliğatı apardığını göstərərkən
xərclədiyi vəsaitlərlə bağlı rəqəmlər xeyli şişirdilib. Yəni bu təbliğat
kampaniyasının qarşılığında ona para qazanmaq üçün geniş imkanlar
yaradılıb. Amma sonradan məlum olub ki, əslində “Hafka” çəkdiyi xərcləri
xeyli şişirdərək, rəhbərliyi aldatmağa çalışıb. Bu isə hakimiyyət
tərəfindən qəbuledilməz bir hal sayılır. Buna görə də “Hafka” həm
özünün, həm də ona “krışalıq” edən Ziya Məmmədovun vurulacağını görərək
biznesini müflis elan etmək yolunu tutub. Hafiz Məmmədov bunu həm də
Ziya Məmmədovun razılığı ilə edib”.

 

Göründüyü kimi, məlumatlı mənbəmizin izahı kifayət qədər geniş və
ağlabatandır. Bəs H.Məmmədovun özünü müflis elan etməsində və
Z.Məmmədovun da buna razılıq verməsində məqsəd nədir? Məlumat qaynağımız
bununla bağlı da kifayət qədər bilgiyə malikdir: “Həm Ziya Məmmədov,
həm də “Hafka” yaxşı bilirlər ki, hakimiyyətin gözündən düşən, hər hansı
yanlışlığa yol verən məmurlar, iş adamları tezliklə siyasi səhnədən,
biznes aləmindən yola salınırlar. Buna gedən yolda isə onların
qol-budaqları vurulur, bizneslərinin böyük hissəsi əlindən alınır,
yığdıqları çirkli pulların külli miqdarının hakimiyyətin
“ximçistika”sında “yuyulması” tələb olunur. Buna görə də indidən Ziya
Məmmədov sərvətini “Hafka” vasitəsilə xaricə daşıtdırır. Bu prosesdə
həmçinin müflis olduğunu göstərmək istəyən Hafiz Məmmədov da öz
sərvətini xaricə daşıyır.  Hafiz Məmmədovun vurulacağı an məsələsidir.
Ziya Məmmədov isə 2015-ci ilə qədər vəzifəsində qalacaq. Hələlik isə
bir-bir onun səlahiyyətləri əlindən alınır. Ziya Məmmədovla Hafiz
Məmmədovun sərvətlərini xaricə daşımalarına hakimiyyətdə olan yüksək
vəzifəli bir məmur da dəstək verir”.

Mənbə onu da bildirir ki, elə son aylarda bir sıra xarici mətbuat
orqanlarında H.Məmmədovun “Lans” və “Atletiko Madrid” klublarına böyük
pullar xərcləməsi, eləcə də guya bir sıra şəxslərin ələ alınmasına böyük
vəsaitlər ayırmasının tənqid olunması da “Hafka”nın düşünülmüş
planıdır. “Hafka” bununla sərvətinin böyük hissəsini xərclədiyini,
əlində az vəsaitinin qaldığını göstərmək istəyir. Buna görə də xarici
mətbuat orqanlarında haqqında yazılanların bəzilərinin sifarişini özü
verir.

Məlumatda o da qeyd olunur ki, hakimiyyət daxilində artıq nəqliyyat
naziri ilə “Hafka”nın sərvətlərini xaricə daşımalarından duyuq düşüblər
və bununla bağlı araşdırmalar başlayıb. Bütün bunlar faktlarla sübuta
yetirilərsə, hər iki şəxs üçün nəticə gözlənildiyindən də pis ola bilər.

Qeyd edək ki, Azərbaycanda müflis olduğu görüntüsünü yaratmağa
çalışan H.Məmmədov Britaniyada yeni futbol klubu alıb.  H.Məmmədov 75
yaşlı Milan Mandariçi bu ölkənin “Sheffield Wednesday” klubunu 50 milyon
dollara ona satmağa razı sala bilib. Amma nədənsə “Atletiko Madrid”lə
reklam müqaviləsi bağlamasını, “Lansı” almasını geniş reklam etdirən
H.Məmmədov “Sheffield Wednesday”ı alması haqda danışmır.

Hər halda, özü haqqında müflis olması xəbərləri yaydıran “Hafka”nın
Britaniyada yeni klub alması maraqlıdır. Görünür, bunun özü də
H.Məmmədovun sərvətini xaricə daşımasının bir yoludur.

 Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=16273

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31