"Coca-Cola" Azərbaycanda "qara siyahı"ya salınır

06.06.2014 - 16:36

İri marketlər şəbəkəsi
“Coca-Cola” satmaqdan imtina edirŞirkət keçirdiyi kampaniyada “NİDA”
sözündən istifadə etmədiyini bəyan edir, amma…

“Coca-Cola” şirkəti Azərbaycanda
fəaliyyətinin 20 illiyi münasibəti ilə aprel ayından istehsal etdiyi
məhsulların üzərində adların yazılması kampaniyasına başlayıb. Kampaniya
çərçivəsində məhsulların üzərində ən məşhur insan adları, həmçinin ailə
üzvlərinin və qohumluq və s. əks olunur. “Aytən”, “Zaur”, “Aysel” və s.
adlarla yanaşı, “Dostum”, “Anam”, “Atam”, “Sevgilim” və s. sözlər də
sözügedən içki butulkalarının üzərində əks olunub. Şirkət məhsulların
üzərinə adların yazılmasını bu gün də davam etdirir. Bunun üçün şəhərin
müxtəlif yerlərində şirkət nümayəndələri təklifləri qəbul edir, onları
toplayır və reallaşdırır. 
İyunun 2-dən həmin adlar sırasına Nida Vətəndaş Hərəkatının adı da
daxil edilib. Sosial şəbəkələrdə, xəbər saytlarnda yayılmış məlumata
görə, şirkət üzərində “NİDA” sözü yazılmış “Coca-Cola” içkiləri satışa
buraxıb. Bu barədə ilk öncə sosial şəbəkələrdə üzərinə “N!DA” yazılmış
330 qramlıq dəmir bankaların şəkli yayımlandı. Ardınca bu şəkil əksər
xəbər saytlarında yer aldı. 
“Coca-Cola” şirkəti isə verdiyi açıqlamada məlumatın həqiqəti əks
etdirmədiyini bilidirib: “”Coca-Cola” siyasətə heç vaxt qatılmayıb. Bu
məlumat da həqiqəti əks etdirmir. Məsələylə bağlı  rəsmi məlumat
yayacağıq. Bizdə bu adda məhsul istehsal edilməyib”.
Qeyd edək ki, 330 ml-lik dəmir banka “Coca-Cola” ümumiyyətlə
Azərbaycanda istehsal olunmur. Məhsulun üzrərində “”The Coca-Cola
Kompany”nin icazəsi ilə “Coca-Cola Botlers Georgian LTD” tərəfindən
Gürcüstanda hazırlanır, Azərbaycana “Azərbaycan Coca-Cola Botlers MMC”
tərəfindən idxal olunur” yazısı qeyd edilib. 
Bizimyol.info-ya daxil olan məlumatda bildirilir ki, üzərində
“N!DA” yazılan “Coca-Cola” məhsulunun satışa çıxması barədə xəbərlər
KİV-də dərc olunduqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir neçə
böyük marketlər şəbəkəsi “Coca-Cola” ilə əməkdaşlığa son qoyub və
şirkətə məxsus məhsulları satmaqdan imtina edib. Hazırda şirkətlə həmin
marketlər şəbəkələri ilə danışıqlar aparılır. Məlumata görə danışıqlar
üçün şirkətin mərkəzi ofisinin nümayəndəsi Azərbaycana səfərə gəlib. 
Məlumatda vurğulanır ki, “Coca-Cola Azərbaijan” şirkəti ilə bağlı
mətbuatda yer alan yazılar “qara piar” kampaniyasıdır və şirkətə rəqib
olan digər istehsalçılar tərəfindən həyata keçirildiyi ehtimal edilir.
“Coca-cola” Azərbaycan şirkətinin yuxarıda qeyd olunan məlumatlarla
bağlı “Bizim Yol”un sorğusuna cavab olaraq bildirib ki, “”Coca-Cola”
ilə paylaş” kampaniyasındakı şəkil tamamilə saxtadır. Şirkət bildirir
ki, bayram kampaniyası çərçivəsində butulka və bankaların etiketlərinin
müəyyən təşkilatlar və maraq qruplarının təbliği məqsədi ilə istifadə
olunması haqqında KİV-də dərc olunan xəbərlərdən məlumatlıdırlar: “Biz
vəziyyəti aydınlaşdırıb, həqiqəti əks etdirən məlumatı vermək istərdik.
“”Coca-Cola” ilə paylaş” kampaniyasında Azərbaycanda keçirilən
tədqiqatlara əsasən müəyyənləşdirilmiş yalnız ən məşhur qadın və kişi
adları, eləcə də ailə üzvləri və qohumlara aid adlar istifadə olunur. Bu
kampaniya şirkətin digər ölkələrdəki təcrübəsinə əsasən həyata
keçirilir”.
Açıqlamada o da qeyd edilir ki, hər hansı bir insan öz adını
“Coca-Cola” bankasının üzərində tapa bilmirsə, o zaman xüsusi
köşklərdəki “Coca-Cola” promo-heyətinə öz adını təsdiq edən formanı
doldurdurub, həmin adın bankanın üzərində yazılmasını sifariş edə bilər:
“Yerli cəmiyyətlərdə reallaşdırdığımız kampaniyaların məqsədi insanları
xoşbəxt etməkdir. Kampaniyanı keçirməklə də məhz bunu göstərmək
istəyirik.””Coca-Cola” ilə paylaş” kampaniyası bu mənada şirkətin
müştərilərə özəl münasibətinin nümunəsidir”.
Bir neçə böyük marketlər şəbəkəsinin “Coca-Cola”dan imtina etməsi,
hazırda danışıqlar aparılması və s. məlumatlarla bağlı sorğuya hələ
cavab verilməyib. 
Qeyd edək ki, hazırda NİDA Vətəndaş Hərəkatının 8 üzvü həbsdədir.
Onlar qanunsuz silah saxlama, kütləvi iğtişaşları təşkil etmə və ya belə
iğtişaşlarda iştirak etmə cəhddə, bəziləri isə əlavə olaraq narkotik
saxlamaqda günahlandırılırlar. Hərəkatın üzvləri Şahin Novruzlu 6 il,
Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il,
Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il,
Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=16276

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31