"Azərbaycan seçim etməli olacaq"
“Azərbaycan onu hədələyən, yenidən onu boyunduruğu altına qaytarmaq istəyən Rusiya istiqamətində gedə bilməz”

“Azərbaycan onu hədələyən, yenidən onu boyunduruğu altına qaytarmaq istəyən Rusiya istiqamətində gedə bilməz”
Vəfa Quluzadə: “Azərbaycan ondan tələb olunan mövqeyi müəyyənləşdirənə qədər Qərblə Rusiyanın savaşı davam edəcək”
Son vaxtlar Azərbaycana xarici dövlətlərin təmsilçilərinin səfərləri
intensivləşib. Bir qayda olaraq seçki ərəfəsində müşahidə olunan
intensivlik hazırda yaşanmaqdadır. Ötən bir ay müddətində Bakı həm
Qərbdən, həm də Rusiyadan gələn emissarları qəbul edib. Rusiyanın xarici
işlər naziri Sergey Lavrov və baş nazirin müavini Dmitri Roqozindən
əvvəl Bakıya AB təmsilçisi Joze Manuel Barrozo səfər edəcək. Bir çox
ekspertlərin fikrincə, Putinin sağ əli Sergey Narışkinin də böyük
heyətlə Azərbaycana gəlişi Qərblə Rusiya arasındakı mübarizənin təzahürü
sayılmalıdır. Politoloq Vəfa Quluzadə ilə müsahibəmizə bu suala cavab
almaqla başladıq.
– Azərbaycan Cənubi Qafqazın çox önəmli ölkəsidir. Ona görə indiki
şəraitdə Ukraynadan sonra Rusiya-Qərb münasibətləri gərginləşdiyi bir
zamanda baş verənlər təsadüfi deyil. Qərb Azərbaycanı öz təsirində
saxlamaq istəyir. Azərbaycan müstəqilliyinin ilk günündən Qərbə
inteqrasiya edib. Mən bunun canlı şahidiyəm. Qısa müddət ərzində
Azərbaycan-ABŞ, Azərbaycan-Avropa münasibətləri inkişaf edib. Bu
inkişafın əsasını da həmişə iqtisadiyyat təşkil edib. Azərbaycan qısa
müddət ərzində aparıcı Qərb şirkətləri ilə münasibətlərini inkişaf
etdirib. Ötən müddət ərzində Azərbaycanın Rusiya ilə olan əlaqələrində
isə əksinə, enmə yaşayıb. Hətta 95-96-ci illərdə Rusiya Azərbaycana
qarşı embarqo tətbiq etmişdi. O zaman Rusiya Azərbaycanın Qərbə çıxış
yolunu bağlamışdı. Hətta Rusiya Gürcüstana da təzyiq edirdi ki,
Azərbaycanın yolunu bağlasın. Lakin bu blokada heç bir nəticə vermədi.
Azərbaycan iqtsadi əlaqələrini Türkiyə ilə qurdu. Türkiyənin vasitəsilə
Avropaya çıxdı. Prosesləri belə görən Rusiya anladı ki, tətbiq etdiyi
embarqo daha çox ona ziyan vurur və Kremlin Bakı ilə münasibətləri daha
da məhdudlaşır. Ona görə embarqo götürüldü və əlaqələr yenidən inkişaf
etməyə başladı. Rusiyanın Azərbaycana yeganə təsiri Qarabağ problemi ilə
bağlıdır. Ona görə Kreml münaqişənin həllinə indiyə qədər imkan vermir.
Bu problemdən savayı Azərbaycanın Rusiyadan heç bir asılılığı yoxdur.
Azərbaycanın torpaqlarını işğal edən Ermənistan yox, Rusiyadır. Amma
yaranmış şəraitdə Avropa da bizə təzyiq edəcəkdir ki, biz qorxmayaraq
Avropaya inteqrasiya edək. Eyni zamanda Rusiya da təzyiqlərini davam
etdircək ki, siz bizdən asılısınız və bizim istəyimizə uyğun hərəkət
etməlisiniz. Rus politoloqları Rusiyanın Azərbaycana qarşı başqa təzyiq
vasitələrinə əl ata biləcəyini də dilə gətirirlər. Söhbət Azərbaycanın
şimal sərhədlərindən gedir. Görünür, Rusiya Azərbaycanda etnik məsələni
qabardaraq Ukraynadakı olayları burada təkrar etmək istəyir. Ruslar
vaxtilə şimalda ləzgilərin “problemlərini” qabartmışdılar. Indi də eyni
məsələ təkrarlanarsa, Azərbaycana qarşı ləzgilər deyil, rus döyüşçüləri
duracaq. Rusiya bizi hədələyir. Indi Azərbaycan onu hədələyən, yenidən
onu boyunduruğu altına qaytarmaq istəyən Rusiya istiqamətində
getməlidir, yoxsa ona inkişaf vəd edən Avropayamı? Mən Azərbaycanın
Avropa istiqamətində getməsini istəyirəm. Azərbaycanın müstəqilliyinin
ilk günlərində Avropanın ölkəmizin inkişafında əməyi böyük olub. Hazırda
da Azərbaycanda maraqları olan iki qüvvə ölkəmizə təsir edir. Ölkəmizə
intensivləşən səfərlər də bunun təzahürüdür.
Səfərlər bitməyəcək…
– O zaman səfərlər Azərbaycanda mövqe müəyyənləşdirməsini tələb etmək məqsədilə edilir?
–
Azərbaycana Lavrovun, Roqozinin, Narışkinin gəlməsi yeni hadisə deyil.
Oxşar situasiya 90-cı illərin əvvəlində də müşahidə olunurdu. O zaman
Azərbaycana Rusiyanın müdafiə naziri Pavel Qraçov, baş nazir Çernomırdin
tez-tez səfər edirdi. Azərbaycan uğrunda Qərblə Rusiya arasında savaş
həmişə gedəcək. Azərbaycan ondan tələb olunan mövqeyi müəyyənləşdirənə
qədər bu savaş davam edəcək. Ona görə bu səfərləri normal qarşılamaq
lazımdır.
– Siz qəzetimizə açıqlamanızda bildirmişdiniz ki, Lavrovun
Azərbaycana səfəri Putinin sərt mesajlarını çatdırmaq üçündür. Bəs AB
təmsilçisi Barrozonun səfəri hansı məqsədi daşıyır və o, kimin
mesajlarını çatdırmaq üçün səfər edəcək? Onu da qeyd edim ki, Barrozo
səfərinin enerji məsələləri ilə bağlı olmadığını bəyan edib?
–
Barrozonun səfəri Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının daha
da dərinləşdirilməsi məqsədi daşıyır. Çünki enerji ilə bağlı
Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlər artıq bəllidir.
Azərbaycan artıq öz təbii sərvətlərini dünya bazarına sərbəst formada
çıxarır. Azərbaycana bu siyasəti reallaşdırmaqda yalnız Rusiya mane ola
bilər. Lovrovun səfəri Rusiyanın ən ümdə məqsədlərini reallışdarmağa
xidmət edir. Putin layihələri olan Gömrük və Avrasiya Ittifaqının
möhkəmlənməsini istəyir. Putin bu ittifaqları yaradandan sonra Avropaya
təklif edəcək ki, danışıqları kiçik dövlətlərlə deyil, elə birbaşa onun
özüylə aparsınlar. Bununla Rusiya Qərbi özündən asılı vəziyyətə salmaq
istəyir. Bax, bu siyasətə sadiq qalmağı bizə təklif edəcəklər. Bu
təkliflər də sərt təzyiqlərlə müşayiət olunacaq. Rusiya açıq şəkildə
artıq bəyan edir ki, Azərbaycan üçün ən yaxşısı Kremllə birlikdə
olmaqdır. Oxşar təzyiqlər dəfələrlə olub. Mənim özümə neçə dəfə təklif
ediblər ki, Rusiyanın maraqlarını ifadə edim. Mənə deyirdilər ki, axı
siz sovet diplomatı olmusunuz, SSRI-nin ən önəmli orqanlarında
çalışmısınız. Açıq şəkildə deyirdilər ki, “siz bizimlə olmalısınız,
sizin kimi şəxslərə ehtiyacımız var”. Indi eyni mesajları Azərbaycan
rəhbərlərinə təklif edəcəklər.
“Qarşımızdakı aylar çox önəmlidir”
– İyunun 27-də Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyi
ilə Assosiasiya Sazişini imzalayacaqlar. Bununla da Qərbin postsovet
məkanında əsas müttəfiqlərinin birləşdiyi GUAM-da yeganə bu sazişi
imzalamayan Azərbaycan qalacaq. Azərbaycanın seçimi necə olacaq?
–
Qarşımızdakı aylar çox önəmli olacaq. Bu aylarda Azərbaycanın seçimi
bəlli olmalıdır. Azərbaycan bir tərəfdən Avropada olmaq istəyir.
Azərbaycan Qərbyönlü dövlətdir. Amma o biri yandan Qərbdən gələn
təhlükələr də məlumdur. Qərbin tələbləri Azərbaycanı Avropa
standartlarına qaldırmaq üçün lazımi islahatlar aparılmasından
ibarətdir. Digər tərəfdən isə Rusiyanın hədələri var. Azərbaycan indiyə
qədər bu iki qüvvə arasında neytral mövqe tutub. Amma bundan sonra oxşar
mövqe sərgiləmək mümkün olacaqmı? Bu Barrozo və Lavrovun səfərindən
asılıdır. Düşünürəm ki, Azərbaycan seçim etməli olacaq. Ancaq Azərbaycan
seçimi geriyə, bizim kolonial keçmişimizə doğru deyil, gələcəyə doğru
etməlidir. Bu hamımızın xeyrinə olacaq.
– İyunun 27-də Azərbaycan da Brüsseldə keçiriləcək toplantıda
iştirak edəcək. Ancaq Azərbaycan Dünya Ticarət Təşkilatına üzv
olmadığından Avropa Birliyi ilə azad ticarət sazişini imzalaya
bilməyəcək. Azərbaycan bunun müqabilində Avropa Birliyinə Bakıya heç bir
öhdəlik vəd etməyən “strateji əməkdaşlıq” sazişini təklif edir. Qərb
Azərbaycanın enerji təminatının müqabilində insan haqlarının pozulmasına
göz yumacaqmı?
– Ona görə mən təsadüfən demədim ki,
qarşımızdakı aylar çox önəmli olacaq. Məhz hazırda gedən proseslərin
nəticəsi kimi Azərbaycanın mövqeyi bəlli olacaq. Ola bilsin ki,
Azərbaycan axır məqamda öz mövqeyini dəyişdi. Amma o da ola bilər ki,
Avropa Birliyi Azərbaycana münasibətdə mövqeyini dəyişdi. Vaxtilə
Osmanlı imperiyasının qalıqları üzərində qurulan Türkiyə Rusiyanın
təhdidləri ilə üz-üzə qalanda NATO-ya daxil edildi. O zaman Türkiyə NATO
standartlarına uyğun deyildi. Amma Türkiyə NATO-ya qəbu edildi və daha
sonra Türkiyə inkişaf etməyə başladı. O zaman Stalinin Bosfor və
Dardanel boğazlarını işğal etməsi təhlükəsi fərqli situasiya yaratdı.
Ona görə hazırda Azərbaycanla da bağlı dalana dirənmiş vəziyyətdən çıxış
yolu var və əminəm ki, bu yol tapılacaq.
“Fürsəti əldən verməməliyik”
– Rusiyalı politoloq Stanislav Tarasovun Cənubi Qafqazda
yaranmış durumla bağlı maraqlı fikirləri var. O bildirir ki, hazırda
Rusiya Azərbaycanı üzük halqasına alıb və rəsmi Bakı ciddi seçim
qarşısında qalıb. Baş verənlərin nəticəsi olaraq Cənubi Qafqazda ciddi
siyasi dəyişiklər baş verə bilər…
– Əgər Azərbaycan
Qərbdən ciddi dəstək alarsa, o zaman Rusiyanın hazırda Ukraynadakı
proseslərə başının qarışıq olduğu bir vaxtda Kreml Cənubi Qafqazda heç
nə edə bilməyəcək. Biz vaxtdan səmərəli istifadə etməliyik. Əgər bunu
edə bilsək, Rusiyanın imperiya maraqlarından xilas ola biləcəyik.
Düşünürəm ki, bu fürsətdan və vaxtdan yararlanmalıyıq.
– Rusiya FTX-nin rəhbəri bəyan edib ki, bir sıra xarici
qüvvələr MDB məkanında qarışıqlıq törətməyə, hakimiyyətləri devirməyə
çalışırlar. Amma Rusiya buna imkan verməyəcək. Bu açıqlama nə anlama
gəlir?
– Bu açıqlama bütün keçmiş sovet ölkələrinə bir
mesajdır. Bu mesaj ondan ibarətdir ki, Qərb sizi devirmək istəyir. Amma
biz Rusiya olaraq sizi Qərbdən xilas etməyə hazırıq. Ancaq bir şərtimiz
var. Gərək siz bizimlə bir ittifaqda təmsil olunasınız. Məntiqlə
düşündükdə əgər Qərb və ya daxili qüvvələr Azərbaycan və ya
Qırğızıstanda hakimiyyəti dəyişmək istəyirsə, Rusiyanın bu proseslərə
müdaxilə etməsi nəyinə lazımdır? Rusiya yalnız onu müdafiə edən dövləti
öz müdafiəsi ilə təmin edə bilər. Bu mesaj dəfələrlə dilə gətirilib.
Hazırda da bu formada yenidən gündəmə qaytarılır.
– Avrasiya Ittifaqının silahlı qüvvələrinin yaradılması təklifi ilə çıxış edilib. Sizcə, bu ideya nə dərəcədə gerçəkləşə bilər?
–
Bu, Rusiyanın növbəti oyunudur. Çünki Rusiya təsiri altına aldığı
dövlətlərin hərbi birliyini yaradıb. Kollektiv Təhlükəsizlik
Müqaviləsinin üzvləri məhz bu niyyətlə bir araya gətirilib. Rusiyanın
yeni hərbi birləşmə təklif etməsi o deməkdir ki, bütün bu ölkələri
Rusiya ordusu yenidən işğal edir. Qırğızıstan və ya Azərbaycan hansı
hərbi gücü ortaya qoyacaq ki, Rusiya ilə müttəfiqlik yaransın? Məsələn,
NATO-da Almaniya, Fransa kimi dövlətlər olsa da, əsas hərbi gücü ABŞ
təşkil edir. Hazırda da Rusiya özünün hökmran olduğu bir hərbi birlik
yaratmaq istəyir.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=16305