"Qanunsuz tikililər məsələsi həllini tapacaq"
Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin APA-ya
müsahibə verib. Musavat.com müsahibəni təqdim edir:
Azərbaycan qanunvericiliyinə görə beş nəfər də bələdiyyə yarada bilər.
Düzdür, Azərbaycanda 5 nəfərin yaratdığı bələdiyyə yoxdur, ən azı 50, 30
ailənin yaratdığı bələdiyyələr var. Bu bələdiyyələr heç bir iş görə
bilmir, bu yolla bələdiyyə ideyasını ümumiyyətlə, diskreditə edirlər.
Bələdiyyələr birləşəndə isə onların imkanları birləşir. Məsələn,
görürsən ki, kiçik bələdiyyə olan yerdə bələdiyyə üçün bir ağsaqqal da
tapa bilmirlər. Ağsaqqal var, ancaq o, eyni mütəxəssis olmalı, biliyi,
savadı olmalıdır. Ən başlıcası odur ki, kiçik bələdiyyələrin maliyyə
imkanları məhdud olur və onlar heç bir iş görə bilmirlər. Milli Məclisdə
də bəzi çıxış edənlər dedilər ki, bələdiyyələri birləşdirirsiniz.
Bələdiyyələri biz birləşdirmirik. Onu da deməzdim ki, bələdiyyələrin
özlərinin ağlına birdən birləşmək ideyası gəlib. Yox. Müəyyən təbliğatı,
izahat işləri görülüb, ancaq bələdiyyələrin birləşməsi tamamilə
könüllülük prinsipinə əsaslanan bir məsələdir. Qanunvericiliyə əsasən
bələdiyyələr Milli Məclisə müraciət edir, Milli Məclis müraciətlərə
baxır, sənədlərin qaydasında olub-olmadığı yoxlanılır, sənədlər
qaydasındadırsa, qanun layihəsi hazırlanır, plenar iclasa çıxarılaraq
qəbul edilir.
Bələdiyyələr görsələr ki, birləşmə prosesi onlar üçün əlverişlidir,
onların birləşməsinə heç kəs qadağa qoya bilməz. Hansısa bələdiyyə digər
bələdiyyə ilə birləşmək istəyirsə, bununla bağlı müraciət etmək hüququ
var. Ola bilər ki, birləşmə prosesi böyük miqyasda getməsin.
Ümumiyyətlə, bələdiyyələrin özünü doğruldub-doğrultmaması məsələsi həm
cəmiyyətdə, həm də parlamentdə müzakirə mövzusu olur. Siz necə
düşünürsünüz, Azərbaycanda bələdiyyə institutu özünü doğrultdumu?
Doğrultdusa, niyə bələdiyyələrin bu qədər problemləri var? Bəlkə
problemlər bələdiyyələrin səlahiyyətlərindən qaynaqlanır?
Azərbaycanda yerli özünüidarə həmişə olub. Ancaq sovet dövründə bu,
formal xarakter daşıyırdı, yerli sovetlər, kənd, qəsəbə sovetləri vardı.
Bu da yerli özünüidarəetmə idi, ancaq əslində onlar dövlət orqanları
idilər. İndi yerli özünüidarəetmə orqanları olan bələdiyyələr əhalinin
iradəsi əsasında yaradılır, tam müstəqil, yerli məsələləri həll edən bir
qurumdur. Burada şübhəsiz ki, böyük çətinliklər var. Məsələn,
bələdiyyələrin büdcə məsələsinin nə üçün həllini tapmadığını deyirik.
Bələdiyyələrin büdcəsini formalaşdıran bir neçə vergi və ödənişlər var,
onların əsasında bələdiyyələr öz büdcələrini formalaşdırmalıdır.
Rusiyada dövlət büdcəsindən bələdiyyələrə pul verilir. Azərbaycan
Konstitusiyası, qanunlar hazırlananda belə fikir var idi ki,
bələdiyyələr hökumətdən asılı edilməsin. Yəni bələdiyyələrin vəsaiti
olsa, qanun çərçivəsində istədiyi kimi hərəkət edə bilər, daha hökumətə
“bəli!”, “baş üstə!” deməyəcək. Bu yanaşma doğru idi. Ona görə də
bələdiyyələr üçün vergilər müəyyənləşdirilib və bələdiyyələr vergisini
yığaraq büdcəsini formalaşdırmalıdır. Ən böyük vergi mənbəyi daşınmaz
əmlakdan torpaq və onun üzərindəki tiklilərdən alınan vergi olmalıdır.
Bələdiyyələr pis-yaxşı torpaq vergisini yığa bilirlər, ancaq
tiklilərdən bu vergi yığıla bilmir. Çünki qanunda yazılıb ki, vergilər
tikililərin balans dəyərindən faiz formasında tutulan bir vəsaitdir.
Ancaq binanın balans dəyərini müəyyən etmək üçün 4-5 il və çoxlu vəsait
lazımdır. Bələdiyyə vətəndaşa müraciət edir ki, sən evinin daşınmaz
əmlak kimi vergisini verməlisən. Vətəndaş soruşur ki, nə qədər vergi
verməliyəm? Bələdiyyə deyir ki, evin qiyməti filan qədərdir, bu qədər də
vergi verməlisən. Vətəndaş da həmin qiymətlə razılaşmır, evinin
qiymətinin bələdiyyə bəyan edən qədər olduğunu təsdiqləyən sənəd
istəyir. Yaxud, dövlət binalarında yaşayan insanlara deyilir ki, sənin 3
otaqlı evin var, qiyməti bu qədərdir, bu qədər vergi verməlisən.
Vətəndaş isə ya evin bələdiyyə tərəfindən bildirilən qiyməti ilə
razılaşmır, yaxud evin yararsız hala düşdüyünü, özü tərəfindən təmir
edildiyini söyləyir. Bir sözlə, bələdiyyənin əlində evin qiymətinin
müəyyənləşdiyi sənəd olmur, vətəndaş da daşınmaz əmlakla bağlı vergini
vermir. Belə vəziyyət yaranır.
Ümid edirəm ki, biz bu yaxınlarda bir qanun qəbul edəcəyik. O qanunda
daşınmaz əmlakın balans dəyəri yox, sahəsinə görə vergi əsas
götürüləcək. Məsələn, mənzilin 30 kv.m-dən vergi tutulmayacaq.
Yox, cəmi sahənin 30 kv. m-dən söhbət gedir. Tutaq ki, mənzilin sahəsi
100 kv.m-dirsə, 30 kv.m-dən vergi tutulmayacaq, qalan sahədə hər 1 kv
m-ə görə vergi tutulacaq. Bu, artıq mübahisə yaratmayan məsələ olacaq.
Bu da nəzərə alınacaq. Tutaq ki, Bakıda regionlardan fərqli vergi
olacaq. Bakının da hər yerində eyni olmayacaq. Bakının mərkəzində vergi
dərəcəsi yüksək, ətrafında aşağı olacaq. Sumqayıtda hər kv.m-ə görə
başqa qiymətlər olacaq. Gəncədə, kənd yerlərində də tamam fərqli
qiymətlər tətbiq ediləcək. Hər halda bir müəyyənlik yaradılır. Ona görə
də bələdiyyə də gedib vergisini ala biləcək, fəaliyyətini də qura
biləcək. Pulsuz heç nə etmək olmur.
qanunsuz tikililər problemi ortaya çıxır. Bakıda da yüz minlərlə
qanunsuz tikili var. Evlər bələdiyyələrin torpaqlarla bağlı verdikləri
sənədlər əsasında tikilib, o sənədləri də dövlət orqanları qəbul etmir,
mülkiyyətə dair çıxarışları yoxdur. Bəs bələdiyyə o evlərdən daşınmaz
əmlakla bağlı vergini necə yığacaq, evin sahəsini necə ölçəcək?
Qanunsuz tikililərin də hansısa formada bir çarəsi tapılacaq. Ya o
qanunsuz tikililər qanuniləşdiriləcək, ya da ləğv olunacaqlar. Üçüncü
yol varsa, o yolla məsələ həllini tapmalıdır.
Bir neçə il əvvəl Azərbaycan hökumətində qanunsuz tikililər məsələsi
gündəmə gəlmişdi, hətta Azərbaycan prezidenti bununla bağlı komissiya
yaradılması barədə də sərəncam vermişdi. Hazırda bu məsələ nə yerdədir,
qanunsuz evlərlə bağlı hansı addımların atılması planlaşdırılır, Milli
Məclisin komitə sədri kimi bu sahədəki proseslərdən xəbəriniz varmı?
Bu, əslində bizə aid olan məsələ deyil. Ancaq bir vətəndaş kimi bilirəm
ki, o istiqamətdə işlər aparılır. Böyük çətinliklər var. Bizim
cəmiyyətdə də qanuna riayət etməyən insanlar həddindən artıq çoxdur. Bir
balaca imkan tapan kimi gəlib tikir, deyir ki, mən qaçqınam, köçkünəm
və s. Hamısına qarşı da qanunu işə salmaq mümkün olmur, hərdən o işlə
məşğul olan insanlar boşluq göstərir. Nəticədə də belə bir problem
yaranıb. Elə başa düşürəm ki, qanunsuz tiklilər məsələsi həllini
tapacaq. Bununla bağlı hazırda iş aparılır.
Yerli gəlmişkən, bir zaman sovetliklərin həm də yerli özünüidarəetmə
funksiyasını həyata keçirdiyini xatırlatdınız. Bələdiyyələr yaranıb,
ancaq yerlərdə sovetlik qədər olmasa da, yenə də yerli icra orqanlarının
səlahiyyətləri var. Bu, yerlərdə bələdiyyələrə problem yaratmır ki?
Əlbəttə, yaradır. Çıxış yolunu bunda görürəm ki, bir müddətdən sonra
bələdiyyələrin imkanları artdıqca yerli səlahiyyətlərin bir çoxu
bələdiyyələrə verilməlidir. Məsələn, indi deyirlər ki, mənzil istismar
sahələrini (MİS) ləğv edək. Həqiqətən Mənzil Məcəlləsində nəzərdə
tutulmayıb ki, insanlar MİS-lər vasitəsilə binalara qulluq, təmir və
digər işləri yerinə yetirsinlər. Ancaq iş burasındadır ki, MİS-lərin
digər səlahiyyətləri də var, o səlahiyyətlərin bələdiyyələrə aidiyyəti
yoxdur. Tutaq ki, MİS-lərin arxivi var, insanlar harada yaşayıb, harada
qeydiyyatda olub, mənzilinin sahəsi nə qədərdir, bu məlumatlar
arxivlərində yer alır. Bu səlahiyyətlər bələdiyyələrə verilsə, gərək
bələdiyyələrə külli miqdarda vəsait ayrılsın, bələdiyyələrdə bununla
bağlı struktur yaradılsın. Bələdiyyələrə böyük səlahiyyətlər verilib,
ancaq indi bələdiyyələrin maliyyə imkanları olmadığı halda onlara böyük
yük vermək məsələni daha da qəlizləşdirər, məsələnin gərginləşməsinə
gətirib çıxarar. Bələdiyyələr haqqında bədbin fikirlərlə də
razılaşmıram. Düzdür, bələdiyyələr vaxtaşırı tənqid atəşinə tutulur,
bələdiyyələrdən çox şey tələb edirik. Ancaq gəlin açıq deyək ki, biz bir
vətəndaş kimi üzərimizə düşən məsələləri çox vaxt həll etmirik.
Məsələn, binada yaşayan insanlar binaya qulluq məsələsini MİS-lərə də
verə, Mənzil Məcəlləsinə əsasən bunu öz üzərlərinə götürə, yaxud hansısa
bir təşkilat vasitəsilə o işləri apara bilərlər. Ancaq bir binada
təşəbbüs varmı ki, bu işi öz üzərimizə götürək? Yox! Hamımız qınayır,
tənqid edirik, ancaq öz üzərimizə bir ictimai məsuliyyət götürmək
yoxdur.
bələdiyyələr də var. Məsələn, Sumqayıtda 120-yə yaxın məhəllə komitələri
yaradılıb, bu, qanunvericilikdə də var. Əhalinin təşəbbüsü,
özfəaliyyəti əsasında yaradılan komitələrdir, bina ilə bağlı məsələləri
özləri həll edirlər. Sumqayıtın məhəllə komitələri vasitəsilə 2013-cü
ildə 1 milyon 400 min manatlıq iş görülüb. Böyük rəqəmdir. Digər
tərəfdən, o məhəllə komitələri qabağa düşür, aidiyyəti dövlət orqanları
qarşısında məsələ qaldırırlar ki, asfalt sıradan çıxıb, asfalt
çəkilməlidir. Məsələni qaldırıb, dövlət qurumlarının vəsaiti hesabına o
işlərin görülməsinə nail olurlar. Təşəbbüs lazımdır, bizdə təşəbbüs
yoxdur. Hətta Azərbaycanda kooperativ evlər həmin prinsiplər əsasında
tikilib və bina da o prinsip əsasında, məhəllə komitələri vasitəsilə
istismar olunmalıdır. Ancaq o insanlar üzərlərinə düşən vəzifələri
yerinə yetirir, ya yerinə yetirmir? Nadir hallarda təşəbbüslə çıxış
edirlər. Bir məqama da toxunmaq istəyirəm. Azərbaycanda bələdiyyələrin
fəaliyyətini işıqlandırmaq, təbliğ etmək yönündə işlər görülmür. Bu
yaxınlarda məni bir televiziyaya dəvət etdilər, dedilər ki,
bələdiyyələrlə əlaqədar xüsusi bir veriliş açılacaq. Dedilər ki, gəlin,
xeyir-dua verin. Mən də sevinclə getdim. Getmişəm, deyirlər ki, yox,
başqa, bələdiyyə ilə əlaqədar olmayan bir məsələ ilə əlaqədar dəvət
etmişik. Deyirəm ki, axı bu məsələ ilə əlaqədar dəvət etmisiniz?
Həqiqətən bələdiyyələrin təbliğinə böyük ehtiyac var. Təcrübəni təbliğ
etmək, pisi tənqid etmək vacibdir, yaxşı bir vaxtda efirə çıxacaq belə
verilişə ehtiyac var. Həm də orada giley olmasın, qoyulan məsələlərin
həlli yollarından söz açılsın, aidiyyəti təşkilatlara müraciət edilsin,
həmin dövlət təşkilatlarının reaksiyası öyrənilsin, növbəti verilişdə də
bu barədə danışılsın. O halda inkişaf olar.
Parlamentdə çıxışlarınızda tez-tez bələdiyyələrə dövlət büdcəsindən
daha çox vəsait ayrılması təklifi ilə çıxış edirsiniz. Bu, çıxış
yoludurmu?
Bələdiyyələr gərək özləri büdcələrini formalaşdırsınlar. Bunun üçün
onlara kifayət qədər səlahiyyət verilib. Sadəcə, bəzi məsələlər həllini
tapmalıdır. Öncə də dediyim kimi, biz neçə ildir ki, daşınmaz əmlakın
inventarlaşmasının aparılmasının zəruri olduğunu bildirirdik. Ancaq indi
onun optimal yolu tapıldı. Bələdiyyələr yaradılandan sonrakı dövrdə
onların daşınmaz əmlakdan yığdıqları vəsait təxminən eyni səviyyədə
qalıb, nə artıb, nə də azalıb. Hərdən azalır, ancaq artmır. Halbuki
bələdiyyələrin əsas gəlir mənbələrindən biri daşınmaz əmlakdan vergi
olmalıdır. Daşınmaz əmlakdan yığılan vergi bələdiyyələrin ümumi
büdcəsinin 10-11 faizi civarındadır. Ancaq gərək bu, böyük məbləğ olsun.
Tək bələdiyyələr yox, bütün vətəndaşlar bu proseslərdə fəal iştirak
etməlidir. O halda bələdiyyələr yerli özünü idarəetmədə, yerli
məsələlərin həllində aparıcı sima olacaqlar. Yoxsa kənardan durub demək
ki, bələdiyyə o işi niyə görmür, iş getməyəcək. Gərək dövlət orqanları
da, vətəndaşlar da, seçicilər də çalışsınlar.
dotasiya verilməsi barədə çıxışlarımıza gəlincə, bu, dövlətin
bələdiyyələrə köməyidir. Biz subvensiya verilməsini də istəyirdik.
Subvensiya məqsədli vəsaitdir, bələdiyyə onu konkret məqsədə sərf
etməlidir. Qanunvericilikdə subvensiyanın adı gedirdi, lakin şərti, necə
verilməlidir, hansı müddətə verilməlidir, büdcədə əksini tapmalı, yaxud
tapmamalıdır, bu məsələlər öz əksini tapmamışdı. Bu məsələlər də bu
yaxınlarda, parlamentin son iclasında qanunla tənzimləndi, dəqiq əksini
tapdı. Büdcədə yerli özünüidarəetməyə ayrılan subvensiya xüsusi sətirlə
gedəcək. Bələdiyyə sübut etsə ki, bu iş görülməlidir, bu iş üçün də
vəsaiti azdır, yaxud tamamilə yoxdur, o halda bələdiyyələrə büdcədən
vəsait ayrılacaq. Tutaq ki, bu vəsait yol, kanalizasiya, su xəttinin
çəkilişinə sərf olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=16310