"Qasid"in rəhbəri: "…Bağlana bilərik"
–
Xeyli vaxtdır qəzetlər “Qasid”ə satış üçün verdikləri nüsxələrin pulunu
vaxtlı-vaxtında ala bilməməkdən gileylidir. Firma niyə belə çətin
vəziyyətə düşüb?
– Bunun həm obyektiv, həm də subyektiv
səbəbləri var. Bakıda abadlıq işləri aparılır, firmaya aid köşklərin
xeyli hissəsi götürülüb. Müəyyən maliyyə problemlərimiz olduğu üçün
köşkləri şəhərimizin müasir görkəminə uyğun formaya sala bilmədik. Bu
səbəbdən yeni yaranan “Əks-səda” firması ilə rəqabət apara bilməyib
uduzduq. Yeni köşklər qoyulduğu üçün bizə maraq azalıb, firma çətin və
acınacaqlı vəziyyətdədir.
– Yay mövsümündə işlər lap çətin olacaq yəqin…
– Yayda qəzet satışı həmişə 30-40 faiz
aşağı düşür. Bəzi xırdavat əşyaların satışı ilə bu vəziyyətdən çıxa
bilirik. Sentyabr ayından isə vəziyyətimiz düzəlir.
– Bakıda firmanın neçə köşkü qalıb?
– 100-dən də az. Hazırda Bakı Şəhər
İcra Hakimiyyəti daha 3 köşkümüzün götürülməsi üçün göstəriş verib.
Böyük bir firma olduğumuz üçün xərclərimiz də çoxdur. Əgər əməkdaşların
maaşını ödəyə bilməsək, məcburiyyət qarşısında qalıb bağlana bilərik.
Çalışırıq bu vəziyyətə düşməyək.
– Vəziyyətdən hansı çıxış yolları var?
– Düşdüyümüz vəziyyətdən çıxmaq üçün köşklərdə müəyyən xırdavat əşyalar satılır. Az da olsa gəlir əldə edirik.
– Əməkdaşların maaşını vaxtında ödəyə bilirsinizmi?
– Hələ ki, ödəyə bilirik.
– Firmanın neçə qəzetə borcu var?
– “Azadlıq”a, “Xalq qəzeti”nə,
“Azərbaycan”a, “İki sahil”ə, “Səs”ə və bir çox başqa qəzetə borcumuz
var. Qəzetlərə olan borcumuzu mütəmadi olaraq ödəyirik. Yalnız “Azadlıq”
qəzeti ilə bağlı bəzi problemlərimiz var idi. Bu yaxınlarda qəzetə olan
borcumuzun müəyyən bir qismini üzdük.
Short URL: http://www.cumhuriyyet.net/?p=16317