"Dövlətin qarşısında Surət Hüseynov kim idi axı?"

10.06.2014 - 09:00

“O hadisəni heç vaxt qiyam kimi qəbul etməmişəm, etmirəm də…”

AXC
hakimiyyətinin süqutu ilə yekunlaşan 4 iyun qiyamının 21-ci ildönümü
tamam oldu. Bugünlərdə 1993-cü ilin məlum olaylarına müxtəlif baxışlar
oldu, şərhlər verildi. Elə həmin olaylara ekskurs etmək üçün
eks-deputat, sabiq baş prokuror Əli Ömərova müraciət etdik. Öncə bu
mövzuda danışmağı özünə yasaqladığını, demək mümkün olan hər şeyi
dediyini vurğulayan sabiq prokuror müsahibəyə razılaşmadı. Lakin
israrımızdan sonra bəzi suallarımızı cavabsız qoymadı.
– Əli müəllim, 4 iyun qiyamı barədə çox danışılıb. Maraqlıdır, üstündən 21 il keçəndən sonra bu barədə nə düşünürsünüz?

Mən 21 ildir bu barədə danışıram. Hesab edirəm ki, hər şey danışılıb.
Bu barədə o qədər müsahibələr vermişəm ki…Milli Məclisin də bu barədə
qərarı var. İndi hərə ağzına gələn bir şeyi deyir. Hər dəfə kiminsə
dediyinə reaksiya verməyə ehtiyac görmürəm. Ona görə də iyun hadisələri
barədə heç nə deməyəcəyəm. Başqa nə sualınız varsa, mən hazır.
– Hesab edirsinizmi ki, iyun qiyamı barədə bütün sirlər açılıb?
– Bəli. Hesab edirəm ki, mən vaxtında hər şeyi demişəm.

Məncə, sizinlə bağlı ən ciddi və kəskin arqumentlər sabiq baş prokuror
İxtiyar Şirin tərəfindən deyilmişdi. Bu mənada adama elə gəlir ki,
açılmayan çox gizlinlər var…
– O barədə
də hər şey deyilib, sizin qəzetdə də dərc olunub. Daha təkrarlamağın
mənası yoxdur. Mən onun səviyyəsinə enib hər dəfə bu barədə açıqlama
vermək istəmirəm.
– İyun qiyamında xarici və daxili faktor barədə sizin yanaşmanız necədir?

Qiyam barədə Milli Məclisin müvafiq qərarı var. O qərarı götürüb
baxsanız orda hər şeyi görəcəksiniz. Həmin qərarda deputatların
çıxışları da, kimi günahlandırmaları barədə də var.

İbrahim İbrahimli “Yeni Müsavat”a müsahibəsində deyib ki, qiyam
Azərbaycan hökumətinin neft müqavilələrini imzalaması ərəfəsində oldu və
burada xarici amil öz sözünü dedi. Bununla razılaşırsınızmı?
– Mən o fikirlərin heç birini nə təsdiq, nə də təkzib edən deyiləm. O barədə ən yaxşı qiyməti Milli Məclis verib.

– Azərbaycanın indiki durumunu 1993-cü illə müqayisə edənlər də var. Siz bu bənzərliyi hiss edirsinizmi?

Mən Azərbaycana heç bir xarici təsirləri hiss etmirəm. Nə o vaxt, nə də
indi belə bir təsir yox idi. Biz müstəqil, hər şeyi qanunlarımız
çərçivəsində həll etməyə qadir bir dövlətik. İndi deyirlər ki, Avropa,
Amerika belə getdi, ya nə oldu. Bunlar hamısı cəfəngiyyatdır, boş
şeydir. Bir zaman deyirdilər Bəşər Əsəd belə gəldi, elə getdi. Ancaq o,
yenidən seçildi. Mən bir şeyi bilirəm ki, Amerika barmağını hansı
dövlətin üzərinə qoyursa, o dövlətin evini yıxır. Qızışdırır, salır
ortaya, sonra da dalından qaçır. Hər bir müstəqil dövlət öz taleyini özü
həll etməlidir.

– Bu gün Azərbaycan və ABŞ hökumətləri arasında da soyuq münasibətlər var. İndiki situasiyanı təhlükəli sayırsınızmı?

Bunu dövlət başçıları öz aralarında həll edərlər. Bu, siyasətçilərin
işidir, mən o barədə heç nə deyə bilmərəm. Biri elə uydurur, biri belə.
Dövlət başçıları özləri məsələni daha yaxşı bilir.
– Bəs şimal qonşumuzdan necə, təhlükə görürsünüzmü?
– Təhlükə görsəm də, yenə deyirəm, Azərbaycan müstəqil dövlətdir, öz məsələsini müstəqil şəkildə həll etməyə qadir bir ölkədir.


Necə bilirsiniz, Azərbaycanın Avropaya inteqrasiyası daha doğru seçim
olar, yoxsa Rusiyanın yaratdığı Gömrük İttifaqında yer alması?

İndi bütün dünya Avropaya inteqrasiyaya önəm verir. Mən də o fikirdəyəm
ki, Avropaya inteqrasiya daha faydalıdır. Rusiya məsələsi artıq bir
xəyaldır. Kimsə deyirsə ki, Sovet İttifaqı yenidən qayıdır, Rusiya
müstəqil dövlətləri yenidən birləşdirmək istəyir, bunlar cəfəngiyyat
şeylərdir. Çünki heç bir müstəqil dövləti heç kim məcburi harasa
birləşdirə bilməz, onda dünya müharibəsi başlayar. Azərbaycanın da
Avropaya inteqrasiya etməsi daha asan və faydalıdır, nəinki Rusiya ilə
bir yerdə olması.

“Amerika barmağını hansı dövlətin üzərinə qoyursa, o dövlətin evini yıxır”


1993-cü ildə də Elçibəy hakimiyyətinin əsas məqsədi Avropaya
inteqrasiya etmək idi, nəticədə Rusiyanın da ssenarisi ilə burda qiyam
baş verdi…
– Rusiyanın bu qiyamla heç bir
əlaqəsi olmayıb, bunlar yalan, uydurma şeylərdir. Bunlar sadəcə daxili
çəkişmələrin nəticəsində baş verən məsələlərdir. Hakimiyyətə gəlmək
istəyənlərlə hakimiyyətdən getmək istəməyənlərin apardığı mübarizənin
nəticəsi idi. Burda Rusiyanın necə əli ola bilərdi? Mən deyilənlərin heç
biri ilə razı deyiləm. 1993-cü ildə baş verənlər bizim öz daxilimizdəki
ziddiyyətlərin məntiqi nəticəsi idi. Dövlət qüdrətli olarsa, onun
daxilində heç bir iğtişaş, qiyamın baş verməsi mümkün deyil. İkincisi də
mən dəfələrlə demişəm ki, o hadisəni heç vaxt qiyam kimi qəbul
etməmişəm, etmirəm də.

– O hadisələrdə iştirakınıza görə təəssüf hissi keçirmirsiniz?

Mən o hadisələrin heç birində iştirak etməmişəm. Mənim iştirakım yalnız
Azərbaycanın gələcəyi, xoşbəxtliyi üçün mübarizə aparmaqdan ibarət
olub. Mən orda heç kimi nə müdafiə etmişəm, nə də əleyhinə çıxmışam.
Sadəcə, həqiqəti müdafiə etmişəm. Mən hesab etmişəm ki, Heydər Əliyevin
hakimiyyətə gəlməsi Azərbaycan xalqını fəlakətdən qurtarar. Onda bu
mövqedə olmuşam, indi də həmin mövqedəyəm. Heydər Əliyev hakimiyyətə
gəlməsəydi, bəlkə də indi Azərbaycan adında məmləkət yox idi, hamı
düşmənçilik münasibətində idi.
– Bir hüquqşünas kimi Surət Hüseynovun davranışlarını necə dəyərləndirirsiniz?

Dövlətin qarşısında Surət Hüseynov kim idi axı? Əgər dövlət qüdrətli
olsaydı, Surət Hüseynov tabeçilikdə olan birisi idi, bir müşavirə
çağırıb onu zərərsizləşdirmək olardı. Sadəcə, hakimiyyət dövləti idarə
edə bilmədi, xalqı bir-birinə qarşı qoydular, birinə kommunist, digərinə
qiyamçı adı qoydular, millət içərisində narazılıqlar yaratdılar. Surət
Hüseynov o dövrdə dövlətin tabeçiliyində olan vəzifəli şəxs idi. Həmin
vəzifəli şəxsi də zərərsizləşdirmək dövlətin əlində bir stəkan su içmək
kimi bir şey idi. Bir müşavirə adı ilə çağırıb onu zərərsizləşdirmək
olardı. İmkan da vermək lazım deyildi ki, o getsin, mübarizə aparsın, ya
vuruşsun. Bir də ki, ona bu statusları kim vermişdi, qardaş? Gəlin
həqiqəti danışaq da. Surət Hüseynovu Milli Qəhrəman həmin o hakimiyyət
etmişdi. Ona korpus komandiri vəzifəsini həmin hakimiyyət vermişdi,
Qarabağ üzrə səlahiyyətli nümayəndə təyin olunmuşdu.
– Azərbaycanın başına o müsibətləri gətirən bir adamın bu gün sərbəst fəaliyyəti, sizcə, doğrudurmu?

Azərbaycanın başına nə açıb ki? Sadəcə, o hakimiyyət Azərbaycanı idarə
edə bilmədi. Hakimiyyətdəkilərin hamısı səriştəsiz, naşı adamlar
olduğuna görə Surət Hüseynova o cür şərait yarandı. Surət Hüseynova
silahı da, səlahiyyəti də o hakimiyyət vermişdi.
– Son illərdə Surət Hüseynovla görüşünüz olubmu?

Mən Surət Hüseynovla heç vaxt görüşməmişəm. Bir dəfə Surət Hüseynov
Milli Məclisdə gəlib mənim yanımda oturub, ona görə həmişə məni ona
yaxın adam hesab edirlər. Ancaq mən Surət Hüseynovla heç vaxt yaxın
olmamışam. İşlədiyim müddətdən ta bu günə kimi mənim o adamla heç vaxt
aram olmayıb. O vaxtdan bəri də onu görməmişəm, harda olduğunu da
bilmirəm, nə işlə məşğuldur, bu barədə də xəbərsizəm.
– Yeri gəlmişkən, sizin özünüzün hansısa planınız varmı? Parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü?

Seçkiyə hələ çox var. Hər halda, mən yaşlaşmamışam, qocalıb əldən
düşməmişəm. Siyasət mübarizə deməkdir. Seçki ərəfəsində mən də
düşünəcəyəm ki, görüm siyasətə qoşulmağa dəyər, ya dəyməz. Ona hələ çox
var…

Short URL: http://www.cumhuriyyet.net/?p=16320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31