"ABŞ hakimiyyətdən mövqe tələb edir"

10.06.2014 - 09:08
“Balanslı siyasət özünü doğrultmur, Azərbaycan ortada qalıb”

“Balanslı siyasət özünü doğrultmur, Azərbaycan ortada qalıb”

İbrahim İbrahimli: “Hakimiyyət
siyasi cəhətdən Rusiyaya, iqtisadi cəhətdən isə Qərbə bağlı olduğundan
müstəqil xarici siyasət yürüdə bilmir”

Son günlər xarici və daxili mətbuatda ən
çox müzakirə olunan mövzulardan biri də Avrasiya Ittifaqının yaradılması
ilə bağlıdır. Yeni yaranan təşkilat ətrafında baş verənlər, təşkilatın
gələcək addımlarının nədən ibarət olacağı sual doğuran məsələlərdəndir.
Ukrayna böhranından sonra Putinin bu ideyadan vaz keçdiyi düşünülsə də,
tam əks-proses yaşandı. Müsahibimiz istiqlalçı deputat, Milli Şura
Koordinasiya Mərkəzinin üzvü Ibrahim Ibrahimli ilə söhbətə elə bu
mövzudan başladıq.

– Avrasiya İttifaqının bu və ya
digər formada postsovet məkanına təsir edəcəyi sübhəsizdir. Siz bu təsir
dairəsini necə proqnozlaşdırardınız?

– 17 mart böhranından
sonra Rusiya ilə Qərb arasında başlanan savaş sərhədləri aşaraq bütün
regionu bürüdü. Uzun müddətdən bəri qapalı gedən mübarizə Krımın işğal
və ilhaqından sonra açıq müstəviyə keçdi. Tərəflər arasında yaşanan açıq
qarşıdurma regionda geosiyasi qütbləşməni dərinləşdirdi və yeni siyasi
konfiqurasiyalar yaranmağa başladı. Bundan dolayı Rusiyanın təşəbbüsü
ilə Avropa Birliyinə alternativ olaraq Avrasiya Ittifaqı yaradıldı. Bu
birlik iqtisadi birlik adlansa da, əslində mahiyyət etibarı ilə bu sırf
siyasi – geopolitik birlikdir. Yeni birliyin təsis edilməsi ilə MDB
artıq faktiki olaraq Rusiyanın və Ukraynanın timsalında bölünüb.
Nəticədə MDB bir-birinə zidd olan iki geosiyasi vektora çevrildi. Digər
ölkələr isə istər-istəməz bu iki qütb arasında, daha doğrusu, Avropa və
Avrasiya arasında strateji seçimini etmək zorunda qaldı. Artıq GUAM-a
daxil olan ölkələr – Moldova, Gürcüstan və Ukrayna Avropa Birliyi
istiqamətində öz strateji seçimlərini edib. Iyunun 27-də Ukrayna,
Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya sazışıni imzalayaraq
vahid iqtisadi məkana daxil olacaq. Bu ilin iyulunda Ermənistan,
sentyabrında isə Qırğızıstan Avrasiya Ittifaqı ilə saziş imzalayacaq.
Təssüf ki, belə həssas bir məqamda Azərbaycan ortada
qalıb.

Əslində seçim etmək üçün böyük risklər və təhlükələrlə bərabər həm də
böyük fürsətlərl və imkanlar yaranıb. Krımın işğal və ilhaqından sonra
dünyanın  təhlükəsizlik sistemi pozulub. Indi beynəlxalq aləm baş
verənlərin fonunda həm də daha çox dünyanın yeni təhlükəsizlik düzənini
qurmaqla məşğuldu. Çünki Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və
təcavüzü beynəlxalq münasibətlər sisteminə elə bir zərbə vurub ki,
nəinki çoxtərəfli və ikitərəfli sazişlər, hətta böyük dövlətlər arasında
imzalanmış sənədlərin təminatı belə sual altına düşüb. Bu, sadəcə
olaraq iki dövlət arasında yaşanan Rusiya və Ukraynanı əhatə edən böhran
deyil, bütövlükdə çağdaş dünyanın yaşadığı təlükəsizlik böhranıdı.
Təbii ki, miqyasından asılı olaraq hər bir böhran həm risklər və
təhlükələr, həm də fürsətlər və imkanlar yaradır. Belə vəziyyətdə hər
bir dövlət mövcud təhlükələrdən qorunmaq üçün yaranmış imkandan istifadə
edərək öz seçimini etməli yeni təhlükəsizlik düzənində yerini və rolunu
müəyyənləşdirməlidi. Nə qədər ağır durumda olsa da belə Ermənistan
seçimini etdi və Rusiya ilə eyni geosiyasi vektorda yer aldı. Çünki
başqa seçim imkanı yox idi. Azərbaycanın isə bu imkanı var, amma hələ də
tərəddüd edir.

“Hakimiyyət Rusiyanın könlünü almaq istəyir”

– Seçimin zərurətə çevrildiyi bir
zamanda Azərbaycan hakimiyyətinin belə tərəddüdlü mövqe sərgiləməsinin
səbəbini necə izah etmək olar?

– Hakimiyyət siyasi cəhətdən
Rusiyaya, iqtisadi cəhətdən isə Qərbə bağlı olduğundan müstəqil xarici
siyasət yürüdə bilmir. Hər hansı bir məsələyə münasibət bildirərkən
istər-istəməz tərəflərin maraqlarını nəzərə alıb bu maraqları
uzlaşdırmaq, daha doğrusu, balanslaşdırmaq zorunda qalır. Təbbi ki,
fərqli maraqlara və fərqli dəyərlərə sahib olan iki fərqli sistem
arasında balans yaratmaq çox çətindir. Xüsusilə, siyasi tarazlığın
pozulduğu və geosiyasi maraqların kəsişdiyi indiki məqamda isə postsovet
məkanında  bu qeyri-mümkündür. Ona görə də hakimiyyətin balanslı xarici
siyasət kursu daha özünü doğrultmur, manevrləri artıq əks-effekt
yaradır. Çünki proseslərin dinamikasından asılı olaraq siyasi
konyunktura sürətlə dəyişir. Və istər-istəməz konyunkturaya uyğun olaraq
hakimiyyətin də mövqeyi, xarici siyasəti dəyişir. Məsələn, Birləşmış
Millətlər Təşkilatında Ukrayna məsələsi müzakirə olunarkən Azərbaycan
Rusiyanın əleyhinə verdiyi səsin yaratdığı gərginliyi indi yumşaltmaq,
daha doğrusu, konpensasiya etmək istəyir. Guya o zaman Qərbin xeyrinə
pozulan balansı indi Rusiyanın xeyrinə dəyişmək istəyir.

– Demək istəyirsiniz ki, son
zamanlar hakimiyyətin Qərbə, xüsusilə də ABŞ-a yönəlik aqressiv
münasibətinin əsasında balanslaşdırılmış xarici siyasət kursu dayanır?


Əslində, balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan kimi balaca,
üstəlik, neft və qaz ixrac edən ölkələr üçün enerji təlükəsizliyindən
dolayı ortaya çıxan riskləri müəyyən qədər azaldır. Amma bunu siyasi
konyunktura üzərində qurmaq əksinə, riskləri artırır. Çünki şəraitdən
asılı olaraq siyasi konyunktura sürətlə dəyişir. Odur ki, Azərbaycan
hakimiyyəti konyunktur xarici siyasi kursdan əl çəkib strateji siyasi
kurs xətti seçməlidir. Çünki regionda artıq dəngələr dəyişib, siyasi
balans pozulub, geosiyasi mənzərə dəyişir və yenidən şəkillənmə prosesi
gedir. Əslində, Qərb, daha doğrusu ABŞ hakimiyyətdən, nəhayət seçim edib
regionda yaranmaqda olan geosiyasi konfiqurasiyada öz yerini
müəyyənləşdirməyi tələb edir. Morninqstarın müsahibəsi sadəcə olaraq
ABŞ-la münasibətlərdə zaman-zaman yaşanan prezident seçkilərindən sonra
isə pik həddinə yüksələn gərginliyin partlamasına bir vəsilə oldu. Əsas
məsələ isə Avropa Birliyinin Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramı
çərçivəsində keçirəcəyi tədbirlə bağlıdır. Iyirmi yeddi iyunda “Şərq
Tərəfdaşlığı” proqramına daxil olan ölkələr – Gürcüstan, Moldova və
Ukrayna Assosiasiya Sazişini imzalayacaq. Azərbaycandan da bu tədbirdə
ən azı Azad Ticarət sazişinin paraflanması tələb olunur. Yalnız
sadələşdirilmiş viza sazişini imzalayan Azərbaycan isə digər sazişləri –
nə Assosiasiya Sazişi, nə də Azad Ticarət anlaşmasını imzalamaq
niyyətində deyil. Azərbaycan hakimiyyəti sadəcə olaraq Avropa Birliyi
ilə strateji münasibətlər, daha doğrusu, fərdi əməkdaşlıq və tərəfdaşlıq
əlaqələri qurmaq istəyir. Çünki “Şərq Tərəfdaşlığı” proqramından irəli
gələn tələblər nə iqtisadi, nə də siyasi tələblərin yerinə yetirilməsi
hakimiyyətin maraqlarına uyğun deyil. Siyasi tələblərin yerinə
yetirilməsinin ilkin şərti ölkədə demokratik seçkilərin keçirilməsi
deməkdir. Iqtisadi tələblərin yerinə yetirilməsinin ilkin şərti isə
Dünya Ticarət Təşkilatına üzv olmaqdan keçir. Bu o deməkdir ki,
monopolistlər daha “daxili bazara” diktə edə bilməyəcək. Ona görə də
daxili bazarı qorumaq üçün Azərbaycan nəinki Azad Ticarət zonasına
girmək fikrində deyil, heç Gömürük Ittifaqına da daxil olmayacaqdır.
Çünki Avropa Birliyinə girmək siyasi hakimiyyəti itirmək, Avrasiya
Birliyinə daxil olmaq isə iqtisadi hakimiyyətini itirmək deməkdir.

“Azərbaycan uzun müddət qeyri-müəyyyən qala bilməz”

– O zaman bu qeyri-müəyyənlik nə qədər davam edə bilər?

27 iyunda Avropa Birliyi ilə GUAM arasında əməkdaşlıq keyfiyyətcə yeni
mərhələyə daxil olacaq. Təəssüf ki, Azərbaycan GUAM-da Avropa Birliyi
ilə əməkdaşlığın dərinləşdirilməsindən kənarda qalan yeganə ölkə olacaq.
Təbii ki, regionda müəyyənləşmənin getdiyi bir vaxtda Azərbaycanın
qeyri-müəyyən durumda olması uzun müddət davam edə bilməz, çünki bu
nonsesdir. Yerindən oynayan dəngələr oturuşduqca geosiyasi mənzərə
aydınlaşacaq və ortaya yeni siyasi tablo çıxacaq. Bu siyasi tablonun həm
ənənəvi oyunçuları – Rusiya, Iran və Türkiyə, həm də yeni oyunçuları –
ABŞ və Avropa Birliyi regiona yönəlik siyasətini əsasən üç istiqamətdə
yenidən quracaq. Birinci geosiyasi istiqamətdə olacaq. Çünki Rusiya ilə
Qərb arasında qarşıdurma GUAM-dan kecir və bundan sonra da bu
müstəvisində davam edəcək. Ikinci konfliktlərin həlli istiqamətində
olacaq ki, bu da mövcud konfliktlərin həllini aktuallaşdıracaq. Çünki
böhran mövcud konfliktlərin regionun təhlükəsizliyinə mənfi mənada
təsirini ortaya çıxartdı. Üçüncü enerji təhlükəsizliyi istiqamətində
olacaq. Çünki Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və
önəmi artıb. Regiona yönəlik siyasətin yenidən qurulması, təbii ki,
Cənubi Qafqazla bağlı siyasətin dəyişməsinə gətirib çıxaracaq.
Hakimiyyətdə də yeni durumda mövqeyini müəyyən etməyə məcbur olacaq.

– Andiçmə mərasimindən sonra
Ukrayna Poroşenko ilə yeni dövrə qədəm qoyur. Ukraynada seçkinin baş
tutması,  Poroşenkonun prezident seçilməsi regionda bundan sonra
proseslərin inkişafına, sizcə, necə təsir edəcək?

– Əvvəla,
seçkinin baş tutması və prezidentin birinci turda seçilməsi Ukrayna
xalqının 2013-cü ilin noyabrında başlatdığı Avromaydan hərəkatının
tarixi, siyasi qələbəsidir. Əslində, bu qələbəni nəticə etibarı ilə beş
aydan üzü bəri davam edən mübarizənin dönüş nöqtəsi kimi qəbul etmək
olar. Çünki xalq meydanda əldə etdiyi qələbəni növbədənkənar prezident
sekisində öz seçimi ilə legitimləşdirdi.
Ikinci, Ukraynanın
timsalında demokratiyaya keçidin yeni bir modeli ortaya çıxdı.
Hadisələrin inkişafı göstərdi ki, xarici və daxili ictimaiyyət birlikdə –
ardıcıl və qətiyyətli mövqedən çıxış etdikdə dünyanın istənilən
ölkəsində, hətta Rusiya üçün həyati əhəmiyyəti olan məkanda belə
demokratiyaya keçidi təmin edə bilər. Təbii ki, bu eksperimentdən sonra
beynəlxalq birlik postsovet məkanına yönəlik siyasətində müəyyən
korrektələr edəcəkdir. Çünki demokratiyaya keçidi öz axarına buraxmaq,
daha doğrusu, əvvəl Rusiyanın özünün demokratikləşməsini sonra tədricən
bu prosesin postsovet məkanına yayılmasını nəzərdə tutan konsepsiya bu
illər ərzində özünü doğrultmayıb. Üçüncü, Rusiyanın sərt güc
diplomatiyası, hətta hərbi müdaxiləsi belə yeni dalğanın qarşısını ala
bilmədi. Əksinə, proseslər geriyədönməz xarakter alaraq Ukraynanın
timsalında keyfiyyətcə yeni bir mərhələyə daxil oldu.

Azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16321

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930