"Fövqəlnazir" təşviş içində

Kəmaləddin Heydərovun komandası panikada

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun komandası təşviş
içindədir. Buna səbəb isə ötən həftənin bazar günü (15 iyun) ANS-də
Mirşahinin müəllifi olduğu “Hesabat” verilişində səslənən bəzi
məqamlardır.
“Ehtiyatlı olun. Aramızda diversantlar var!” deyən ANS-in
vitse-prezidenti diqqəti son günlər Naxçıvanla bağlı yayılan xəbərlərə
cəmləmişdi. Bunu diversiya kimi qiymətləndirən müəllif bu təxribatların
arxasında məmur peysərlərinin göründüyünü demişdi: “Səfirin hakimiyyətin
monolit olmadığı barədə mülahizəsində ola bilsin ki, təhrif və ya
korrektəyə ehtiyacı olan məzmun var. Amma burada doğruya bənzəyən nəsə
də tapmaq olar. Axı doğrudan da informasiya diversiyasını törədən
vasitələrin arxasında duranlar arasında bəzi iqtidar mənsublarının
peysəri görünür. Onlar bir-birilə apardığı gizli mübarizədə baltanı
oturduqları ağacın, dövlətimizin kökünə çaldıqlarının fərqində
deyillər”.
Daha sonra Mirşahin əlavə edir ki, bu diversiyalar Azərbaycanın öz
içində baş verir: “Içindən baş verir və içinə doğru baş verir. Yəqin ki,
bu şəffaf sapların xaricdə kimlərinsə, barmaqlarına bağlı olanları da
var və onların hərəkətə keçməsi üçün mütləq kimlərsə onlara barmaq
eləməlidir. Və barmaq edildikcə mexaniki piano işə düşür”.
Əldə etdiyimiz məlumatlara görə, hakimiyyətdəki bəzi dairələr,
xüsusilə “fövqəlnazir”ə yaxın çevrələr mətndəki “mexaniki piano işə
düşür” fikrini təsadüfi saymırlar. Çünki hakimiyyətdə məhz Kəmaləddin
Heydərov “kompazitor” ləqəbilə tanınır və ölkədəki piano istehsal edən
tək zavod ona məxsusdur.
Bu çevrəni narahat edən daha bir məqam isə
verilişdə Naxçıvanda atəşkəsin pozulmasına dair xəbərlərin məhz
Kəmaləddin Heydərovun himayəsi altında olan saytların yayılmasıyla
bağlıdır.
Məlumata görə, onlar ezop dililə eyham vurulan məqamları “yuxarı”ların “fövqəlnazir”ə ciddi xəbərdarlığı kimi qiymətləndirirlər.
Bu
yerdə qeyd edək ki, son vaxtlar baş verən hadisələr də ANS-dən edilən
xəbərdarlığın məhz “fövqəlnazir”ə ünvanladığı barədə ehtimalları
möhkəmləndirir. Çünki məhz Kəmaləddin Heydərova yaxın şəxslərin, o
cümlədən deputatların Rusiyaya meylliliyi açıq-aydın sezilir. Onlar öz
çıxışlarında, hətta Rusiyanın hərbi bazalarının Azərbaycanda
yerləşdirilməsini təklif edirlər.
Digər tərəfdən, diversiya kimi qiymətləndirilən məlumatların
yayılması Rusiya mətbuatının “Azərbaycan geosiyasi savaşın
episentrindədir” tezislərilə eyni vaxtda təsadüf edir. Təsadüfi deyil
ki, bir çox yerli və xarici ekspertlər bu cür xəbərləri Rusiyanın xarici
işlər naziri Sergey Lavrovun, baş nazirin müavini Dmitri Roqozinin,
Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfəri ərəfəsində
hakimiyyətə təzyiq kimi qiymətləndirirlər.
Görünür, belə səfərlərlə bu xəbərlərin eyni vaxta təsadüf etməsi və
bunu yayanların hökumətdə yüksək təsirə malik nazirin himayəsində
olması, hakimiyyətin ən üst qatının da diqqətindən yayınmayıb. ANS-dəki
xəbərdarlığın da ideya müəllifi məhz hakimiyyətin zirvəsidir.
“Hesabat”ın sonunda “peysəri görükən məmurlar”a xəbərdarlıq da yer
alır: “10-15 il əvvəl informasiya diversiyaları ilə mübarizə aparmaq
xeyli asan idi. Biz bir yerə asan yığılırdıq, çünki bizi bir yerə
toplayan, toparlayan ümumi hədəflər var idi. Mütləq əksəriyyət demək
olar ki, bir idi. Indi bunu tam yəqinliklə demək olmaz…
Elə buna görə də günü sabah Azərbaycanda əsgər ölümü, ümumiyyətlə,
cəmiyyətdə panika yaratmağa yönəlik xəbərləri aktuallaşdıran, pasifist
meylləri qabardanların fəallaşmasını görsəm, əsla təəccüblənmərəm. Amma
elə saytlar var ki, bu gün də həmin xəbərləri elə baş xəbər yerinə
asmaqdadır. Dövlət isə gərək zəif olmasın. O, belə halların qarşısını ən
qəddar şəkildə almalı, qanunun sərt üzünü göstərməlidir”.
Xəbərdarlığın ciddi olduğu ortadadır. Ancaq məsələnin xəbərdarlıqdan o yana keçib-keçməyəcəyini isə yaxın tarix göstərər.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=16343