Rövnəq Abdullayevin "Fövqəlnazir" qorxusu
Kəmaləddin Heydərovdan sonra ARDNŞ şefi də baş nazirlik savaşında hərəkətə keçib
Hakimiyyət komandasında müəmmalı proseslər müşahidə olunmaqdadır.
Bəzi ehtimallara görə, bu, hökumətdə yüksək postda təmsil olunan və
özünü gələcək baş nazir kreslosunda görmək istəyən oliqarxların
savaşıdır. Konstitusiyaya görə, Azərbaycanda baş nazir postunun tutan
şəxs ölkənin ikinci adamı hesab olunur. Yəni, istənilən fors-major
vəziyyətdə hakimiyyət baş nazirə keçir. Bu üzdən təbii ki, Azərbaycanda
marağı olan dövlətlər üçün də bu məsələ ciddi önəm daşıyır.
“Azadlıq” hələ ötən saylarında Fövqəladə hallar naziri Kəmaləddin
Heydərovun bu istiqamətdə hərəkətə keçməsi barədə xəbər vermişdi. Belə
ki, “fövqəlnazir” Heydər Əliyevin təcrübəsindən istifadə edərək,
Naxçıvan qruplaşmasının siyasi qolunun rəhbəri olan Ramiz Mehdiyevin
oğlunu, o cümlədən Qərbi azərbaycanlıların qruplaşmasında nüfuzu olan
Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun oğlunu özünə
müavin təyin etdi. Kəmaləddin Heydərovun bu cür addımları aşağı
çevrələrdə də görünməkdədir. Bundan başqa, Kəmaləddin Heydərov
Azərbaycandakı proseslərə birbaşa təsir etmək gücündə olan Rusiya,
Türkiyə, Iranla münasibətlərini qaydasına salmaq istəyir.
“Fövqəlnazir” Türkiyə baş nazirinin müavini Bəşir Atalayı “Xidmət
medalı”yla təltif edib və AKP hökuməti haqda xeyli müsbət fikirlər
söyləyib.
Heydərov eyni zamanda çevrəsi və nəzarətində olan mətbuat
vasitəsilə Rusiyaya reveranslar edir və bu barədə ölkə mətbuatı geniş
yazır.
Dünən isə daha bir maraqlı xəbər yayıldı. “Fövqəlnazir” Iranın
Sənaye, Mədən və Ticarət Nazirliyinin nümayəndə heyətilə görüş keçirib.
Kəmaləddin Heydərovla yanaşı, Dövlət Neft Şirkətinin (ARDNŞ)
prezidenti Rövnəq Abdullayev də baş nazir postu uğurunda mübarizəyə
qoşulub. Abdullayev bu yaxınlarda adı bir sıra qalmaqallarda hallanan
“Laba” ləqəbli Mübariz Pənahovu ARDNŞ-in Təhlükəsizlik Idarəsinin rəis
müavini vəzifəsinə təyin etdi.
Dünən isə “Azadlıq”a daha bir ilginc
məlumat daxil oldu. Məlumatda bildirilir ki, ARDNŞ prezidenti ötən il
“Susma” klipi və hökumətin ünvanına səsləndirdiyi tənqidi fikirlərə görə
hakimiyyətin qəzəbinə gələn Hüseyn Abdullayevin bağışlanması, ölkəyə
qayıtması üçün “yuxarı”larla danışıq aparır. Daha dəqiq desək, Rövnəq
Abdullayev Heydər Əliyevin hakimiyyəti illərində böyük xidmətləri olan
şəxslərdən özünə komanda yığır.
ARDNŞ prezidenti də Kəmaləddin Heydərov kimi Türkiyə hökumətilə
münasibətlərini yaxşılaşdırmaq istiqamətində ilk addımını atıb. O, bir
müddət əvvəl himayəsinə aldığı Türk liseyləri və “Araz” kurslarını
qapatmaq qərarı verməklə Fəttullah Gülənlə mübarizəyə qalxan Ərdoğana
ilk reveransını etdi. Təsadüfi deyil ki, bu xəbərlər Türkiyə mediasında
ildırım sürətilə yayıldı. Ən maraqlısı isə odur ki, türk mediası Gülən
məktəblərinin Ilham Əliyev tərəfindən deyil, Rövnəq Abdullayev
tərəfindən qapadıldığını yazır.
Baş nazir postu uğrunda hərəkətə keçən təkcə bu iki oliqarx deyil.
Ölkə ətrafında gedən geosiyasi proseslər gərginləşdikcə Paşayevlər də bu
məsələdə fəallıq göstərirlər. Bu qruplaşmanın namizədi isə Vergilər
naziri Fazil Məmmədovdur. Onun Avropa turnesi həyata keçirilib. Bu, bir
növ təqdimat xarakterlidir. Təsadüfi deyil ki, hakim ailəyə məxsus “Ata
holdinq”in idarəçiliyi də Fazil Məmmədova həvalə olunub.
Görünən odur ki, yaxın gələcəkdə biz baş nazir postu uğrunda daha da maraqlı proseslərin şahidi olacağıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=16352