Azərbaycan Rusiya ilə "bazarlığa" gedir?


Vəfa Quluzadə: “Putinin kim olduğunu unutmaq lazım deyil. Putin Krımı işğal edib və Ukraynada müharibə aparır”
Rusiya rəhbərliyi xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini
uğurlu hesab edir. Bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat
verib. Bununla belə o, səfərin davamı olaraq iyunun 23-də Putin və
Əliyevin telefon danışığının nəzərdə tutulduğunu bildirib.
Kreml nümayəndəsinin bu açıqlamasını maraqlı edən məhz prezidentlərin
nəzərdə tutulan telefon danışığının tarixidir. Çünki iyunun 23-də
Rusiya XIN başçısı Sergey Lavrov Ermənistanda səfərdə olacaq. Bu da
müəyyən fikirlərin yaranmasına səbəb olur. Belə ki, Lavrovun Yerevana
səfərinin nəticəsi məhz Əliyevlə Putinin telefon danışığından asılı ola
bilər.
Bu ehtimal özünü doğrulda bilərmi?
Politoloq Vəfa Quluzadə Rusiyanın Qarabağ məsələsində ədalətli mövqe
tutmasını mümkünsüz sayır. Çünki Azərbaycan torpaqlarının işğalı məhz
Rusiyanın rəhbərliyi altında həyata keçirilib.
Ekspert Putinlə Əliyevin telefon danışığının Lavrovun səfərinə təsir
edəcəyini də real hesab etmir: “Fərz etmək olar ki, Putin Əliyevə 3
rayonun işğaldan azad olunması əvəzinə Gömrük Ittifaqına üzv olmağı
təklif edə bilər. Putin deyər razısınızsa, Lavrova göstəriş verərəm ki,
ermənilərə bu əmri versin. Lakin 3 rayonun azad olunmasının əvəzində
Azərbaycanın Gömrük Ittifaqına daxil olması Azərbaycanın öz
suverenliyindən imtina etməsinə bərabərdir. Bunu bizim milli
maraqlarımıza uyğun olmayan bir addım, təşəbbüs hesab edirəm. Çünki
işğal olunmuş torpaqlarımız tamamilə azad olunmalıdır. Əgər biz Qərbin
və Rusiyanın təzyiqlərə məruz qalaraq Qarabağ məsələsini problem kimi
qəbul ediriksə, onda bu problemi 7 rayon azad ediləndən sonra müzakirə
edə bilərik. Amma 3 rayonun azad olunması əvəzinə Gömrük Ittifaqına
daxil olmağımız, həmin rayonlara ermənilərin əvəzinə rus qoşunlarının
gəlməsi Azərbaycanı Ermənistan kimi Rusiyanın müstəmləkəsi edəcək.
Ondansa, gözləyək görək bu məsələni tam həlli nə vaxt mümkün olacaq.
Məsələn, Morninqstar bəyanat vermişdi ki, Qarabağ məsələsi hissə-hissə
yox, tamamilə həll olunmalıdır. Görünür, amerikalıların xəbəri var ki,
Rusiya Azərbaycanı tələyə salmaq üçün belə bir variantdan istifadə edə
bilər. Yəni bir-iki rayonun azad edilməsini təklif edib, Azərbaycanı
Gömrük Ittifaqına daxil etdirə bilər”.
Ekspert Azərbaycan hakimiyyətinin nəyin bahasına olursa olsun Gömrük
Ittifaqına üzv olmaqda maraqlı olmadığını da qeyd etdi. Çünki bu addım
nə hakimiyyətin, nə də ümumilikdə dövlətin maraqlarına uyğun deyil. Bu
mənada Putinin təklifi olsa belə hakimyyətin buna razılıq verəcəyi
inandırıcı deyil.
Ekspertin sözlərinə görə, 7 rayon azad edilsə, hərçənd ki, bu da
mümkün deyil, ermənilər və Rusiya Kəlbəcərlə Laçından əl çəkən deyillər.
Azərbaycan isə hətta 7 rayon azad ediləcəyi təqdirdə Rusiya
sülhməramlılarının bu rayonlarda yerləşdirilməsinə razı olmamalıdır.
Çünki bu, Rusiyanın işğalı davam etməsi olacaq. Erməninin yerinə rus
qoşunları oturacaq.
Ekspert hesab edir ki, Putinin kim olduğunu unutmaq lazım deyil.
Putin Krımı işğal edib və Ukraynada müharibə aparır. Yəni özünü 21 əsrin
Hitleri kimi aparır. Bütün dünya da onun əleyhinədir. Ona görə də
Putinlə hər hansı sövdələşməyə, ittifaqa getmək məğlubiyyət deməkdir.
Bunu nəzərdən qaçırmaq lazım deyil: “1938-39-cu ildə Hitlerlə ittifaq
bağlamaq nəyə bərabər idisə, Putinlə də ittifaq bağlamaq ona bərabərdir.
Ona görə Putinlə heç bir ittifaqa girmək olmaz. Əgər Putin
torpaqlarımızı işğaldan azad etmək istəyirsə, qoy etsin. Bunu ittifaqın
bahasına etmək olmaz”(azadlıq.info).
Short URL: http://www.cumhuriyyet.net/?p=16365