Zakir Həsənov Nəcməddin Sadıqovun "girovluğunda"
Müdafiə nazirliyində generallar üz-üzə gəlir

Bu gedişlə Zakir
Həsənov nazir postu ilə deyəsən vidalaşmalı olacaq. Təyinatının ilk
anlarında hamının ümidilə yanaşdığı nazir ümidləri ictimai rəydə demək
olar ki, ciddi zədələdi. Düzgün hərbi salam belə vermədiyi ekspertlər
tərəfindən dəyərləndirilən Zakir Həsənov həm də orduda əsgər ölümü
qarşısında aciz qaldı. Sələfi Səfər Əbiyev ən çox əsgər ölümlərinə görə
ittiham edilirdisə yeni nazirdən sonra əsgər ölümləri nəinki azaldı,
bəzi məqamlarda sayda artımda oldu.
Təsəvvür edin, 2013-cü ildə
ordumuzda 97 əsgər, onlardan 71 nəfər qeyri-döyüş şəraitində həyatını
itirib. Və son 2014-cü ilin rəqəmlərində əsgər ölümünün ağılasığmaz
həddində artdığının şahidi oluruq.Hətta hazırda ölənlərin sayının 50-yə
çatdığı bildirilir. Çox qəribədir ki, bu ölümlərin əksəriyyətinin nədən
baş verdiyi sona qədər açıqlanmır. Elə sonuncu ölüm faktıda bunu
sübutlayır. Nazirliyin öz mətbuat xidmətindən verilən məlumata görə,
hadisə iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən “N”
saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər
Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq
əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman
Elman oğlunu qətlə yetirib. Sonra isə əsgər B.Ağakişiyev silahından
atəş açaraq intihar edib. Maraqlıdır, bəs nədən belə hadisə baş verir?
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu ordudakı generalların bir
başa səhlənkarlığı ilə bağlıdır:”Bu gün generallar vəzifələrinə
qeyri-ciddi yanaşırlar və müəyyən proseslər baş verir ki, belə hallar
arta-arta gedir. Zakir Həsənov ilk günlərdə olduğu kimi yenə də
generalları sıxmalıdır. Yoxsa durum daha da ağırlaşacaq. Bunu da deyim
ki, son ölüm hadisəsinin yeri gizlədilsədə biz oranın harda olduğunu
öyrəndik. Həmin hərbi hissə intizamlı hissə kimi qəbul olunurdu və
hadisə günlərində hətta ora xaricdən qonaqlarda getmişdi. İndi təsəvvür
edin ki, nümunəvi hərbi hissədə belə hal olursa o birilərində nə baş
verir”. Bundan başqa Zakir Həsənovun kadr təyinatlarında da olub-qalan
ümidləri doğrultmadığı bildirilir. Əslində həqiqətən də Zakir Həsənov
anlaşılmaz təyinatlar edib, sonra bu təyinatlardan imtina etdiyi
hallarda olub. Ekspert Üzeyir Cəfərov bildirir ki, hətta ilk anlarda
Zakir Həsənov ordu generallarını yaxşı tanımadığından əsasən Baş
Qərargah rəisi Nəcməddin Sadıqovun fikirləri əsas götürülürdü və hansısa
maraqlar çərçivəsində yersiz təyinatlar olurdu. Məhz bu təyinatlara
görə də Zakir Həsənova orduda yanaşma birmənalı olmadı. İndinin özündə
belə bildirilir ki, Nəcməddin Sadıqov daha çox təsiretmə imkanlarına
malikdir və Zakir Həsənov hələ ki, bunu neytrallaşdıra bilmir. Gəlin bir
fakta baxaq. Azərbaycanın Hərbi Hava Qüvvələrinin bir qrup zabiti
redaksiyaya müracət edərək bu qoşun növünün komandanı general-mayor
Ramiz Tahirovun təyinatının ciddi narazılıq doğurduğunu
bildiriblər.Zabitlər bildirirlər ki, müdafiə naziri Zakir Həsənovun HHQ
komandanı vəzifəsinə 2011-ci ildə general-mayor rütbəsi almış Ramiz
Tahirovu təyin etməsi bütün şəxsi heyətin təəccübünə səbəb olub. Çünki
R.Tahirov döyüş zabiti deyil, uzun müddət, az qala 10 il döyüş
təlimlərində iştirak etməyib və Prezident Administrasiyasında köməkçi
statusunda kabinet işi görüb.Bildirilir ki, R. Tahirov isə vəzifəyə
təyin olunan kimi iki xalası oğlunu, HHQ-də yüksək vəzifələrə təyin
edib. Onun əmrinə əsasən Müşfiq Şabanov HHQ Qərargah rəisinin müavini,
Emin Şabanov isə arxa cəbhə təminatı idarəsinin rəisi postlarına təyin
edilib. Zabitlər onu da bildirir ki, HHQ-də aparılan bu kadr
dəyişikliklərinin arxasında baş qərargah rəisi Nəcməddin Sadıqov
dayanır. N.Sadıqov Müdafiə Nazirliyində hakimiyyəti faktiki ələ alıb.
Ekspertlər bildirir ki, son günlərdə orduda gərginliyin yaranmasının
başlıca səbəblərindən biri də budur ki, Zakir Həsənovla Nəcməddin
Sadıqov üz-üzə gəlib. Yəni iki general arasında münasibətlər pozulub və
nəticədə anlaşılmamazlıqlar artıb. Üzeyir Cəfərovun “Unikal”a
açıqlamasından:”Öncələr Zakir Həsənovla Nəcməddin Sadıqov hərbi
hissələrə gedib bir yerdə şəkil çəkdirirdilərsə, artıq daha bunlar
yoxdur. Zakir Həsənov yeni təyin
olunanda Nəcməddin Sadıqov
şəraitdən istifadə edərək kadr islahatlarına müdaxilə etmişdi. Hətta ola
bilsin ki, Zakir Həsənov kadr dəyişikliyinə yenidən baxsın”. Bunu da
qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyi başqa bir problemlədə
üz-üzə qaldı. Demək olar ki, hər gün Müdafiə Nazirliyindən informasiya
sızırdı və bu informasiya təhlükəsizliyinin tam pozulması idi ki,
bununda məsuliyyəti Zakir Həsənovun üzərinə düşürdü. Çünki məhz onun
nazir təyinatından sonra sanki məxfi məlumatlar asanlıqla nazirlikdən
çıxarılırdı. Sonradan isə iddia olundu ki, Zakir Həsənovun əleyhinə
informasiyalar elə Nəcməddin Sadıqovun ən yaxın adamı tərəfindən
sızdırılırmış. Bütün bunlar isə belə rəy yaradır ki, Zakir Həsənov
faktiki olaraq nazirliyi təkbaşına idarə edə bilmir və Nəcməddin Sadıqov
qılıncı başının üzərində dayanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=16370