SEÇİCİLƏRİN MÜRACİƏTLƏRİNƏ HƏSSAS MÜNASİBƏT GÖSTƏRƏN MİLLƏT VƏKİLİ

12.07.2021 - 14:24

Azərbaycanda gənc və yüksək təhsilli kadrların irəli çəkilməsi icraedici, qanunverici orqanlarda, o cümlədən, idarəçilikdə islahatların daha da sürətlə reallaşmasına xidmət edir. Müasir dünyagörüşünə malik, idarəetmədə yeni yanaşmaların tətbiqinə üstünlük verən belə kadrların önə çəkilmələri, yüksək vəzifələrə təyin olunmaları təbii ki, həm cəmiyyətdən gələn sosial sifariş, həm də ölkə Prezidenti İlham Əliyevin gəncliyə qayğı və həssas münasibətinin ifadəsidir. Dövlət başçısı hələ genişmiqyaslı islahatlar kursuna start verəndə bəyan etmişdi ki, islahatları ləngidən hallar aradan qaldırılmalı, gənclər idarəetmədə geniş təmsil olunmalıdırlar.

Bu gün belə kadrlardan biri, cəmiyyətdə yüksək etimad qazanan, dövlətə və xalqa səmimi şəkildə xidmət edən Milli Məclisin üzvü Soltan Məmmədovdur. O, 1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında istehsalat proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil alıb. Daha sonra həmin akademiyanın aspiranturasını bitirib, 2005-ci ildə isə “Xəzər” Universitetində ictimai səhiyyənin idarəedilməsi üzrə magistr təhsili alıb.

S.Məmmədov 1996-1997-ci illərdə Dövlət Neft Şirkətinin Balaxanı Neft İdarəsində operator-nəzarətçi vəzifəsində, 1998-2001-ci illərdə isə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində çalışıb.

2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati yardımçı, 2000-2015-ci illərdə isə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan nümayəndəliyinin prezidenti olan S.Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Soltan Məmmədovun Heydər Əliyev Fondunda rəis təyin olunması Fondun rəhbəri, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ona verdiyi yüksək etimaddan qaynaqlanıb. O, xeyli vaxtdır ki, bu qurumda səmərəli fəaliyyəti ilə böyük rəğbət qazanıb, özünü bacarıqlı, işgüzar kadr kimi təsdiqləyib.

Yeri gəlmişkən, Heydər Əliyev Fondu ötən müddətdə önəmli fəaliyyəti ilə dünyada kifayət qədər yüksək nüfuza malik bir təşkilat kimi tanınıb. Fond indiyədək bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri yaradıb. BMT, UNİSEF, Dünya Səhiyyə Təşkilatı və digər nüfuzlu qurumlarla birgə layihələr reallaşdırıb. Səhiyyə, mədəniyyətlərarası dialoq, təhsil sahəsində müxtəlif ölkələrdə bir sıra uğurlu layihələr həyata keçirib. Fondun əməkdaşlıq coğrafiyası ötən illər ərzində kifayət qədər genişlənib. Bütün bu işlərdə S.Məmmədovun da zəhməti olub və bu, Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymətləndirilib.

Məhz bu cür işgüzar fəaliyyətin, reputasiyanın nəticəsində 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilərdə 14 saylı Xəzər dairəsindən namizəd olan Soltan Məmmədov 47,20 faiz səslə deputat seçilib. Ötən müddətdə Milli Məclisin Əmək və sosial siyasət və Səhiyyə komitələrinin üzvü, habelə Azərbayca-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi səmərəli fəaliyyət göstərib.

Bu dövrdə hər iki komitədə fəal fəaliyyəti ilə seçilən, xüsusilə səhiyyə komitəsinin üzvü kimi dövlətin pandemiyaya qarşı apardığı mübarizəyə dəstək verən Soltan Məmmədov epidemiyanın arealının geniş yayılmaması üçün bir kadr kimi öz təkliflərini, tövsiyələrini irəli sürüb və bu yöndə hazırda da fəaliyyətini uğurla davam etdirir. Şübhəsiz ki, onun 1998-2001-ci illərdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində çalışması, buna görə də epidemik vəziyyətin nəzarətdə saxlanılması, xəstəliyin qarşısının alınması istiqamətdə addımlar atılması üçün təcrübəyə malik olması da sözügedən istiqamətdə fəaliyyətinə müsbət təsir göstərir.

Xatırladım ki, Soltan müəllimin pandemiya dönəmində telekanallarda, müxtəlif KİV-lərdə etdiyi çıxışlar, virusla bağlı önəmli açıqlamaları xüsusi qeyd olunmalıdır. Habelə icbari tibbi sğortanın tətbiqində onun islahatlara dəstəyi də göz önündədir.

İcbari tibbi sığorta sisteminin tətbiqi səhiyyənin yeni maliyyələşmə mexanizmini yaratmaqla yanaşı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, əlçatananlığının təmin olunması və əhatə dairəsinin genişlənməsinə stimul verir. Bu, əslində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən strateji əhəmiyyətə malik mühüm prosesdir.

S.Məmmədov Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi də səmərəli fəaliyyət göstərir. Qarabağ məsələsində açıq şəkildə ermənipərəst mövqe tutan rəsmi Parisi tənqid edir, Makronun həmsədr ölkənin prezidenti olaraq balansı pozduğunu diqqətə çatdırır, dövlətin və xalqın maraqlarını qoruyur.

O, seçiciləri ilə mütəmadi görüşür, onların problemlərini, müraciətlərini araşdırır, narahatlıq doğuran məsələləri hər zaman diqqətdə saxlayır, müvafiq qurumlara yönəldir.

Onun seçicilərlə yanaşı, şəhid və aztəminatlı ailələrə diqqəti, həssas münasibəti də təqdir olunmalı haldır. Soltan Məmmədov bir deputat olaraq müraciət edən insanları heç vaxt ümidsiz qoymur.

O, hələ seçkidən qabaq Binə, Zirə, Türkan və Şüvəlan qəsəbələrini əhatə edən 14 saylı Xəzər seçki dairəsini niyə seçdiyinə dair bildirmişdi ki, işi ilə bağlı bu qəsəbələrdə çox olub, insanların qayğılarını bilir: “Xüsusilə bu 4 qəsəbədə 14 saylı Xəzər seçki dairəsindən 3 dəfə Milli Məclisin deputatı olmuş Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqəti və himayəsi ilə hansı infrastruktur, abadlıq, təmir-tikinti işlərinin görüldüyünü, sosial aksiyaların keçirildiyini həm izləmişəm, həm də canlı iştirakçısı olmuşam. Ona görə də nələrin edildiyinin və edilməli olduğunun fərqindəyəm”.

Soltan Məmmədov o deputatlardandır ki, ictimaiyyətə, seçicilərinə aylıq hesabat verir, gördüyü işlərlə bağlı danışır. O, həm sosial, həm səhiyyə xarakterli müraciətləri araşdırır, həllinə çalışır və bununla böyük etimad qazanır. Komitə üzvü bu qədər yük və qızğın işlə bərabər Heydər Əliyev Fondunda da fəaliyyətini uğurla davam etdirə bilir. Bundan əlavə, onun icbari tibbi sığortanın tətbiqi ilə bağlı verdiyi töhfələr, bu yöndə aparılan islahatlar prosesində iştirakı vurğulanmalıdır.

Soltan Məmmədov təmsil etdiyi dairədə içməli su, yol, ictimai nəqliyyat, səhiyyə ilə bağlı müraciətləri hər zaman müvafiq qurumlar qarşısında qaldırır. Bu müraciətlərin bir çoxunu operativ qaydada müvafiq dövlət orqanlarının dəstəyi ilə həll edə bilir. Məsələn, deputatın TƏBİB-ə müraciətləri operativ şəkildə araşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə çox sayda vətəndaşın səhiyyə ilə bağlı problemləri həll edilib.

Soltan müəllim sosial şəbəkədən aktiv istifadə edən Milli Məclis üzvlərindəndir. Mütəmadi olaraq deputat fəaliyyəti-seçicilərlə görüş, qaldırılan problemlər, o cümlədən, həll olunan məsələlərlə bağlı sosial şəbəkə hesablarında məlumat paylaşır, müraciətləri qəbul edir.

Nəhayət, Soltan Məmmədovun deputatlıq fəaliyyətinin səmərəliliyinin göstəricisi olan bir məsələni də xatırlatmaq istərdim. O, keçirilən sorğularda 2020-ci ilin ən fəal 20 deputatından biri seçilib. Bu, onun Xəzər rayonundakı seçiciləri tərəfindən də təsdiqlənib. Şübhəsiz ki, yuxarıda qeyd olunanlar seçicilər üçün məmnunluq hissi yaratmaqla yanaşı, seçim etdikləri şəxsə sevgilərini qədirbilənliklə ifadə edirlər.

Emil NƏSİRLİ,

Beynəlxalq Elmlər Akademiyasının Fəxri Akademiki

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165033

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930