Mərkəzi Bank hərəkətə keçdi

31.01.2015 - 21:04

“Ökənin strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə çatır”

2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi
sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi
sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin,
əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla
bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin
imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcək.

ANS PRESS-in məlumatına görə, bu fikirlər Mərkəzi Bankın İdarə
Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında
səsləndirilib.

Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin
rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə
çıxış edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin
makroiqtisadi sabitliyi və sosial-iqtisadi inkişafının dayanıqlığına
dair qeyd etdiyi məsələləri önə çəkən E.Rüstəmov vurğulayıb ki, hesabat
ilində qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslərin fonunda milli
iqtisadiyyatımız inkişaf edib, sabitlik və dayanıqlıq nümayiş olunub.
Həyata keçirilən iqtisadi islahatlar, yaradılan potensial xarici
mühitdən gələn risklərə və çağırışlara adekvat cavab verməyə imkan
yaranıb. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu
daxili və xarici siyasət nəticəsində ölkənin beynəlxalq reytinqləri və
nüfuzu daha da möhkəmlənib, sosial-iqtisadi tərəqqi davam edib.

Qeyd edilib ki, möhkəm makroiqtisadi stabillik ölkəmizin yüksək
rəqabət reytinqinin formalaşmasında həlledici rol oynayır. Belə ki,
dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu
rəqabət qabiliyyətinə görə Azərbaycanı 38-ci yerə layiq görüb və ölkəmiz
bu reytinqdə bir pillə irəliləyib. Artıq bir neçə ildir ki, Azərbaycan
makroiqtisadi stabillik səviyyəsinə görə 144 ölkə arasında bu reytinqdə
birinci onluqdadır. O cümlədən, Azərbaycan dünyada inflyasiyanın ən
aşağı olduğu ölkələrdən biridir.

Son 10 ildə milli iqtisadiyyatımızın qlobal iqtisadiyyata
inteqrasiyası əhəmiyyətli dərinləşib. Hazırda ÜDM-in təxminən 76 faizini
təşkil edən, həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə
xarici ticarət dövriyyəsi 7 dəfə artıb. 2014-cü ildə tədiyyə balansının
cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir.

Ökənin strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə çatır. Bu
göstərici üzrə ölkə dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji
ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik
əmtəə və xidmət idxalını örtür. Azərbaycanın beynəlxalq kreditor mövqeyi
daha da güclənib. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici
aktivləri öhdəliklərini 2,7 dəfə üstələyir.

İclasda vurğulanıb ki, 2014-cü ildə ölkədə ümumi iqtisadi artım 2,2
faiz təşkil edib, iqtisadi artımın başlıca drayverinə çevrilən
qeyri-neft sektoru 7 faiz artıb. Ötən ildə son 10 ilin ən aşağı
inflyasiyası müşahidə olunub. Əhalinin pul gəlirlərinin artımı
inflyasiya tempini üstələyib. İnflyasiya cəmi 1,5 faiz təşkil edib ki,
bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli
səviyyədə aşağıdır.

Mərkəzi Bank da ölkədə gedən möhtəşəm quruculuq və inkişaf
strategiyasının reallaşmasında fəal iştirak etmək məqsədilə iqtisadi
tsiklə adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici
imkanlarından istifadə edərək öz siyasətini tarazlı inkişafın vacib
şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına
yönəltməklə ötən ildə aşağı inflyasiya, bank-maliyyə sektorunda
dayanıqlıq kimi mühüm hədəflərə nail olub. Aşağı inflyasiya şəraitində
Mərkəzi Bank pul siyasətinin təşviqedici imkanlarından istifadə edib,
monetar göstəricilərin yaxşılaşması davamlı olub. Qeyri-neft sektorunda
investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait
yaratmaq məqsədilə Mərkəzi Bank tərəfindən faiz dəhlizinin parametrləri
və məcburi ehtiyat normaları endirilib.

2014-cü ildə bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunub,
sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini
dəstəkləyib. Bankların kapitalizasiyası davam etdirilib. Kapitalizasiya
qərarının qəbulundan ötən dövr ərzində bankların məcmu kapitalı təxminən
2 dəfə artıb. Hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya
qarşı 19 faiz təşkil edir.

Bank aktivlərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir.
2014-cü ildə bank sektorunun aktivləri 21 faiz artıb. Bank kreditləri 18
faiz, o cümlədən uzunmüddətli kreditlər 19 faiz artıb. Ötən ildə biznes
kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditlərinin cəmi
kredit portfelində xüsusi çəkisi 73 faiz olub. Biznes kreditləri 18
faiz, o cümlədən, sənayeyə 36 faiz artıb. Regionlara kredit
qoyuluşlarında isə 39 faiz artım olub.

Bildirilib ki, 2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını
almaq üçün istehlak kreditləşməsinin artımı Mərkəzi Bank tərəfindən
tənzimlənib. Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə
müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna
olmaqla isə 13 faizə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31 faiz
azalıb. Faiz dərəcələrinin azalması prosesi davam edib. Son illərdə
kreditlər üzrə orta faiz dərəcələri 18 faizdən hazırda 14 faizə, o
cümlədən biznes kreditləri üzrə 10 faizə düşüb.

2014-cü ildə də ölkədə ödəniş infrastrukturunun inkişafı davam edib.
Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ÜDM-in 2
mislini təşkil edir. Plastik kartların sayı artıq 5,9 milyon ədədə
çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 2,5 dəfə artıb.
POS-terminalların sayı təkcə ötən il ərzində 2 dəfədən çox artıb.
Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir.

İclas zamanı Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə
məruzələr dinlənilib, geniş müzakirələr aparılıb. Əldə olunan uğurlar
qeyd olunmaqla bərabər qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Aparılan müzakirələrdə qeyd edilib ki, Mərkəzi Bankın valyuta
ehtiyatları hesabat ilinin sonunda 13,8 milyard ABŞ dolları təşkil edib.
Dəyişkən xarici mühit nəzərə alınmaqla valyuta ehtiyatlarının idarə
edilməsinin təkmilləşdirilməsi daim bankın diqqət mərkəzində olub.
Dünyada aşağı gəlirlilik şəraitində ehtiyatların valyuta və coğrafi
diversifikasiyasının genişləndirilməsi Mərkəzi Bankın valyuta
ehtiyatlarının idarə edilməsində başlıca istiqamət seçilib. Bu məqsədlə
ilk dəfə olaraq Asiya investisiya portfelinin yaradılması istiqamətində
tədbirlərin görülməsinə başlanıb.

Mərkəzi Bankda strateji plan çərçivəsində institusional inkişafın
sürətlənməsinə yönəlmiş layihələrin icrası yekunlaşır. Bankın
fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə intensiv iş
aparılıb. Bankın institusional inkişaf prosesi sürətlənib, insan
resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes
proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata
keçirilib.

İclasda, həmçinin Azərbaycan İpoteka Fondunun, Maliyyə Monitorinqi
Xidmətinin, eləcə də Mərkəzi Bankın ərazi idarələri və regional
mərkəzlərinin fəaliyyəti ilə bağlı da müzakirələr aparılıb, qarşıya
qoyulan vəzifələr bir daha dəqiqləşdirilib.

Ümumilikdə iclasa yekun vuraraq 2014-cü ilin nəticələrini müsbət
qiymətləndirən E.Rüstəmov 2015-ci il üçün Mərkəzi Bankın qarşısında
duran başlıca vəzifələrə diqqət çəkib. O bildirib ki, ölkədə iqtisadi
inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət
institutu kimi Mərkəzi Bank 2015-ci ildə də qarşıya qoyulan vəzifələrin,
xüsusilə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin
yekunlarına həsr olunan konfransda Prezidentin qeyd etdiyi
sosial-iqtisadi inkişaf hədəflərinin reallaşmasında fəal iştirak edəcək,
iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının
sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək.

2015-ci ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da
qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda
immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcək.
Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq
olunacaq. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının
effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq.
Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam
etdiriləcək. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb
olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank
resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi,
nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir
edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata
keçirəcək, aidiyyəti qurumlarla birgə iş aparacaq.

Çıxışının sonunda E.Rüstəmov yeni strateji dövr üçün başlıca
prioritetlərin tezliklə müəyyən olunacağını xüsusi qeyd edib. O, yeni
strateji hədəflərin reallaşmasında Mərkəzi Bankda insan kapitalının,
tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da
müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=16642

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930