BÖLGƏDƏ YENİ İNTİBAH DÖVRÜ…  

01.09.2021 - 14:10

Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi öz başlanğıcını Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilən sessiyasından götürür. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri cənab Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf yolunun ağır blokada şəraitində yaşayan, istehsal və nəqliyyat əlaqələrinin maksimum məhdudluğu səbəbindən ciddi problemlərlə üzləşən muxtar respublikamızda davam etdiriləcəyini, öz fəaliyyətini bu proqram əsasında quracağını bəyan edib. Ötən bu müddət ərzində Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri cənab Vasif Talıbov bu yolu muxtar respublikamızda böyük əzmlə, yüksək dinamizmlə davam etdirərək, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

QANINI BAYRAĞIMIZIN QIRMIZI RƏNGİNƏ QATAN NAXÇIVAN İGİDLƏRİ

Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs haqq savaşına atılaraq öz qanları ilə vətən səmasında Şəhidlik zirvəsinə ucalıblar. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinantlıları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”-un parlaq qələbəsinin təmin edilməsində qəhrəmanlıq göstərərək öz dastanlarını yazdılar. Bu,vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi. Ordumuzun igidliyi sayəsində Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi və bu savaşda biz bir xalq olaraq birləşdik, bizim igid oğullarımız vahid milli ideya uğrunda canlarından keçdi. Xalqımız şəhidlər versə də ruhdan düşmədi, böyük Qələbənin timsalında həmrəyliyimiz, Vətən eşqimiz qalib gəldi.

44 GÜNLÜK HAQQ SAVAŞIMIZIN AÇDIĞI BAĞLI YOLAR

44 günlük vətən müharibəsində Azərbaycan dövləti işğal altındakı torpaqlarını azad etməklə yanaşı, digər mühüm bir uğura da imza atdı. 10 noyabr anlaşmasına əsasən tarixi Azərbaycan torpaqları üzərindən Naxçıvana, Türkiyəyə quru yolunun təmin edilməsi, nəqliyyat və kommunikasiya dəhlizinin açılması nəzərdə tutulur. Hazırda bu dəhliz üçün ən ideal variant tarixi Azərbaycan torpağı olan Zəngəzurdur. Zəngəzur dəhlizi açılarsa, bu, region ölkələrini birləşdirən mühüm nəqliyyat qovşağının formalaşmasına şərait yaradacaq. Zəngəzur rayonunun prioritet olduğunu nəzərə alsaq, bu istiqamətdə həm dəmiryol, həm də avtomobil yolu infrastrukturu daha sürətlə formalaşacaq, tikiləcək. Coğrafiyanı da nəzərə alsaq, əsas yük məhz Zəngəzur dəhlizi üzərinə düşəcək. Bu, dolayısı ilə region ölkələri arasında, o cümlədən Yaxın Şərqdən İran üzərindən daşınan yüklərin Azərbaycan, buradan Gürcüstana, oradan Batumiyə, Avropaya çatdırılması mümkün olacaq. Bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində bütün ölkələrin maraqlarına xidmət edir. Təbii ki, burada ən vacib məsələlərdən biri Naxçıvan iqtisadiyyatının blokadadan çıxarılmasıdır.

ZAMANIN SINAĞINDAN ÇIXAN QƏDİM DİYAR

Zaman-zaman yadelli hücumlarına məruz qalan və bu gün əsl dirçəlişini yaşayan Naxçıvan artıq hər mövsüm yerli və xarici turistlər tərəfindən mütəmadi ziyarət edilir. Naxçıvanın memarlığı və tarixi xüsusiyyətləri ilə məşhur bir çox tarixi tikililəri var. Tarixin ən qaynar izləri xüsusilə Türkiyə, Rusiya, İran, İngiltərə, Fransa və Gürcüstandan olan turistlərin diqqətini çəkir. Ən çox ziyarət edilən məkanlardan biri Orta əsrlərdə bölgədə həyata keçirilən hücumlara cavab olaraq 632-652 ci illərdə tikilməyə başlanan Naxçıvan Qalası, əsrlərin sınağından adı kimi əsalətli çıxan Mömünə-xatun türbəsi, tarixin cənginə sinə gərən Əlincə qala, sətirləri dillər əzbəri olan Hüseyn Cavid məqbərəsi, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən, XII-XIV əsrlərə aid olan Qarabağlar Türbə Kompleksi, yeddi ölkənin iddiasını kölgədə qoyaraq özünü təsdiq edən Əshabi-kəhf və bu kimi bir çox tarixi yerlərlə yanaşı Naxçıvanın digər alternativ turizm fəaliyyətlərindən biri olan sağlamlıq turizmi də son illərdə dünyanın diqqətini öz üzərində cəmləyib.

Abidələri yaşatmaq xalqın tarixini, mədəniyyətini, dəyərlərini yaşatmaq deməkdir

Naxçıvanda ənənəvi hamam kompleksləri də ziyarət edənlər üçün maraqlı məkanlardan sayılır. Əsrlər boyu İpək Yolu ölkələri üçün gündəlik həyatın bir parçası olan hamamlar bu gün də ulu diyarda tarixiliyini özündə saxlayır.

Naxçıvan Muxtar Respublikası təkcə tarixi ilə deyil 3000-ə yaxın bitki növü, 373 heyvan növü, 226 quş növü ilə də məhşurdur. Muxtar Respublikadakı Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Ordubad Dövlət Təbiət Yasaqlığı, Arpaçay Dövlət Təbiət Yasaqlığı və Arazboyu Dövlət Təbiət Yasaqlığında nadir fauna və flora növləri də qorunur.

ÖZÜN KİMİ VÜQARLIDIR UCA DAĞLARIN…

Vüqarı dillərə dastan olan Naxçıvanın ən məhşur və sirli dağlarından olan “Haçadağ”…Rəvayətə görə zirvəsi Nuhun gəmisinin zərbəsindən belə haça forması alıb.

Digə bir sirli dağı “Duz Dağ”-dır. Sağlamlıq turizmi fəaliyyətlərindən olan Speleoterapiya turizmi və duz mağaralarında müalicə üsulu bütün dünyada sürətlə yayılmaqdadır. Duz ətirli havası ilə “Duzdağ Terapiya Mərkəzi”, özünəməxsus infrastrukturu ilə əhəmiyyətli müalicə mərkəzlərindən biridir. Naxçıvan şəhər mərkəzinin on iki kilometr şimalında yerləşən Duzdağ Terapiya Mərkəzi yerüstü və yeraltı olmaqla iki hissədən ibarətdir. Xüsusilə astma və nəfəs darlığı (bronxial) xəstəliklərinin müalicəsi üçün xidmət göstərən az əhəmiyyətli mərkəzlərdən biridir.

SİR-AB-NAXÇIVANIN SİRLİ SULARI

Naxçıvanın müalicəvi sirli brendlərindən olan Sirab və Badamlı mineral suları süfrələrin əvəzedilməz suyudur. Naxçıvanın 200-dən artıq mineral bulaqları vardır. Onların əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərə ilə Əylis çaylarının vadilərindədir. Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min il arasındadır) çıxırlar. El arasında yerin təkindən çıxan qazlı sulara “Tanrı möcüzəsi” kimi inam gətirilərək, “yel suyu”, “sirli su”, “şor su” və başqa adlar deyilib. 1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl öyrənilib. Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılıb. Suların 98 %-i karbon qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır. Sirab və Darıdağdakı mexaniki üsulla qazılıb borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº arasındadır. Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası payına düşür.

Qədim Naxçıvanımız yeraltı və yerüstü sərvətlərlə zəngindir və bütün bunlardan səmərəli istifadə edilməsi üçün bu sərvətlər dərindən öyrənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri cənab Vasif Talıbovun hər bir sahəyə ayrı-ayrı göstərdiyi diqqət və qayğısı sayəsində elmi tədqiqat imkanlarının genişləndirilməsinə və səmərəli nəticələrin əldə edilməsinə hərcür şərait yaradılır. Bunun nəticəsidir ki, son illər muxtar respublikanın hər bir sahəsində olduğu kimi turizm sahəsi də genişləndirilərək inkişaf etdirilir.

DAĞ TURİZMİ

Bunlardan Şahbuz rayonunun eyniadlı kəndində fəaliyyət göstərən Ağbulaq İstirahət Mərkəzidir. Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verir. Burada qiymətlərin münasibliyi, təklif olunan xidmətlər qonaqları razı salır. Ağbulaq İstirahət Mərkəzi xidmət səviyyəsi, yaradılan hərtərəfli şərait fonunda sözün əsl mənasında nümunəvi turizm obyektidir. İlin bütün fəsillərində turistlərin rahatlıqla və sevərək üz tutduğu məkanlardan biridir.

EKOTURİZM

Ekoloji vəziyyətin hər zaman nəzarətdə saxlandığı və qorunduğu yeganə əvəzolunmaz havası ilə seçilən Naxçıvan Ekoturzmi ilə də ön sıralarda yer alır. Xüsusən də yaz-yay aylarında təbiət qoynuna üz tutan ziyərtçilər buranın abu-havasından xoş təsüratlarla ayrılırlar. Muxtar respublikamızın bütün yaşıllıq və meşə zolaqları, çay kənarları ekoloji turizm həvəskarları ilə dolub daşır. Bu torpağın dillər əzbəri olan cənnət məkanları saysız hesabsızdır. Təkcə Batabat yaylağının adını çəkməklə onu deyə bilərəm ki, burada fəslin 4 üzünə şahidlik etmək mümkündür. Qızmar günəş altında ətrafı başı qarlı dağlarla əhatə olanun bu cənnətməkan dünyanın üzən adaya malik yeganə Batabat gölünə sahibdir.

ZƏNGİN VƏ DADI DİLLƏR ƏZBƏRİ OLAN NAXÇIVAN MƏTBƏXİ

Azərbaycan mətbəxi ümumilikdə çox zəngindir. Bu zənginliyin hər bir çaları bölgələrdəki yaşam tərzindən də payını almaqdadır. Naxçıvanın mətbəxi mineral sualrı qədər zəngindir. Naxçıvan mətbəxinin əvəzolunmazı Naxçıvan qovurması…Digər bölgələrdən fərli olaraq burada ət bol yağda qovrulur və qış fəsli ərazində istifadə olunur. Məlumdur ki, qış aylarında insan orqanizmi daha çox kaloriya ehtiyac duyur. Buna görə də öz yağında qovrulan ət qışın əvəzolunmaz yeməyi sayılır. Üstəlik qovurma rahat həzm olunur. Bunun da səbəbi onun hazırlanma texnologiyası və qovurma üçün kəsiləcək olan heyvanın xüsusi bəslənməsidir. Xüsusi ilə qeyd edim ki, Naxçıvan qovurmasını Naxçıvan lavaşı ilə yemək dadların ən möhtəşəminə əl uzatmaqdır. Bir faktı da qeyd edim ki, qovurma haqqında “Kitabi-Dədə Qorqud” dastanında da bəhs edilir. Milli yemək növlərindən əriştə aşı, küftə, məhşur Ordubad qayğanağı, arzuman küftəsi, çölmək pitisi, parçabozbaş, xaş, umac aşı, yayın əvəzolunmazı ovduq və s, bu kimi dadı bir-birindən ləzzətli yemək növləri mövcuddur.

Mədəniyyəti, memarlığı və tarixi ilə olduqca diqqət çəkən Naxçıvan yemək mədəniyyəti ilə də olduqca məhşur diyardır. Naxçıvanın milli yeməklərini şəhərdə fəaliyyət göstərən bir çox restoranlarda dadmaq mümkündür. Xüsusi ilə qeyd edim ki, Ali Məclis Sədrinin tapşırığı ilə ötən il mayın 5-də bərpa və yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan şəhər buzxanası və bu abidədə “Naxçıvan mətbəxi” adlı kulinariya mərkəzi bu ləziz təamların əvəzolunmaz ünvanıdır.

Azərbaycanın ürəyi sayılan Naxçıvan yeməklərinin sirri burada yetişdirilən məhsulların tam orqanik olması ilə bağlıdır. Bu yeməklərin dadlı olmasının digər bir özəlliyi isə ocaq üzərində bişirilməsidir. Bu ləzzətləri harada dadmaq üçün isə özünüz görüb qərar verməlisiz. Beləcə, bu diyara səfərinizdən daha çox həzz alarsınız. Nəticədə gəzib-görüb kəşf etmək bu işin ən ləzzətli tərəfidir.

P.S. Muxtar Respublikaya hər dəfə səfərimdən ayrı bir təəssüratla ayrılıram. Buranın özünəməxsus memarlığı sizi qədim tarixə səyhətə çıxaracaq. Tarix ətirli, ən gözəl adətlərə malik olan Ulu diyar onu ziyarət edənlərə xüsusi zöv yaşadır. Gündüzü seyranlıq gecəsi gərdanlıq olan bu Yurd özündən çox dastanlar yazdırıb. Bəzi yerlər haqqında oxumaq və yazmaq yetməzmiş deyirlər. Hər daşının, torpağının xatirəsi olduğu rəvayətləri dillərə əzbər olan Naxçıvan…İnsan səmimiyyəti deyilən şey, qonaq olmaq və yaşamaqla öyrənilir.

 

Röya Bənənyarlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=166451

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930