Qazaxda 7 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib

02.12.2021 - 08:33

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində tarixi Qələbə əldə etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu. Dövlət başçısının qətiyyəti, məğrur və yenilməz iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğunu nümayiş etdirdi. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan igid Vətən oğulları qanları ilə əsl qəhrəmanlıq dastanı yazdılar. Qalib ölkənin vətəndaşı olan Azərbaycan xalqı 8 noyabrı Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zəfər Günü kimi qeyd etdi.

Dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Hər kəsin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Həyata keçirilən nümunəvi işlərdən biri Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə yaradılmış guşədir. Muzeyin ikinci mərtəbəsində yaradılan bu guşə bu gün hər kəsin ziyarət etdiyi bir ünvandır.

Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi də daim əziz tutulur. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz hər zaman xatırlanır. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə tanıtmaq, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək müqəddəs amal hesab edilir.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşədə Vətən müharibəsi şəhidlərinin yer alması şəhidlərimizə olan hörmət və etiramın təcəssümüdür.

44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan Abidə Kompleksi də bu sahədə atılan nümunəvi addımlardan biridir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün görülən təqdirəlayiq işdir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi Vətən, xalq, dövlət naminə canını fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkandır.

Vətən uğrunda canlarından keçən igid oğullarımızın adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci bəndlərinə əsasən və RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış komissiya”nın 25.11.2021-ci il tarixli 03 saylı Protokolu nəzərə alınaraq müxtəlif adda ordenlə təltif olunmuş daha 7 nəfər Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncam imzalayıb.

Həmin Sərəncama əsasən şəhər ərazisində adsız olan 7 küçəyə – ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun adı verilib.
Noyabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov küçə adları verilən şəhidlərimizin ailələri ilə görüşüb, igid Vətən oğullarının adlarını daşıyacaq küçələri diqqətə çatdırıb. Yeni adlandırılmış küçələrdə ünvan lövhələrinin yerləşdirilməsi, həmçinin yerlərdə əhalinin maarifləndirilməsi, eləcə də digər məsələlərin təmin edilməsi üçün aidiyyatı şəxslərə lazımi tapşırıqlar verildiyini bildirib.

İcra başçısı Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimizin Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb. 44 günlük haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı və qazaxlılar tərəfindən daim əziz tutulacağını söyləyib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü vurğulayıb. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.

Şəhid ailələri qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması, adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər. Şəhid ailəsi kimi ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını bildiriblər. Göstərilən qayğıya görə razılıqlarını bildirərək minnətdarlıq ediblər.

Məlumat üçün onu da qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq tarixli Sərəncamına əsasən Qazax şəhərində olan 5 adsız küçəyə Tovuz döyüşləri şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor şəhid Namiq Əhmədovun, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan şəhid İmamverdi İsmayılovun, “Qarabağ” ordenli baş leytenant şəhid Nəbi Hüseynovun, “Qarabağ” ordenli gizir şəhid Anar Nağıyevin, “Azərbaycan Bayrağı” ordenli baş çavuş şəhid İsmayıl Qəsəbovun adı verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168540

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031